Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Naxçıvanlı güləşçilərdən uğurlu nəticə

Çimərlik güləşi üzrə ilk Azərbaycan çempionatına yekun vurulub. Yarış U-17, U-20 və böyüklər arasında keçirilib. Avropa Oyunları Parkında keçirilən çempionatda ümumilikdə 8 çəki üzrə 160-dan çox güləşçi iştirak edib.

Naxçıvan güləş məktəbinin yetirmələrindən Vüsal Əliyev (U-17, 70 kq) və Hüseyn Əliyev (U-20, 70 kq) çempionatda uğurlu nəticəyə nail olublar. Əliyev qardaşlarından Vüsal öz yaş və çəki kateqoriyasının qalibi kimi ölkə çempionu adına layiq görülüb. Hüseyn isə ikinci olub.
Çempionatın keçirilməsində məqsəd çimərlik güləşində kütləviliyə nail olmaq və müvafiq yığma komandaların tərkibini formalaşdırmaqdan ibarət olub.
 

 

 

 

Güləş üzrə muxtar respublika turniri başa çatıb

Mayın 11-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş yeniyetmələr arasında (2005-2007-ci illər) sərbəst güləş üzrə “Heydər Əliyev Kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirinin yekun tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov turnirin açılış mərasimində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramını bildirib, Ulu Öndərin anadan olmasının 99 illiyinə həsr olunmuş sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika turnirinin iştirakçılarını salamlayaraq deyib ki, Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafı diqqətdə saxlanılıb. Bu sahədə maddi-texniki baza yaxşılaşdırılıb, yeni idman kompleksləri tikilib, idman-sağlamlıq mərkəzləri yaradılıb. Ümummilli Liderin gənclər və idman siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, idmançılarımız beynəlxalq yarışlarda uğurla çıxış edirlər.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılır. İdmanın inkişafına göstərilən dövlət qayğısı, yaradılan idman obyektləri gənclərin idmana olan marağını artırıb və nəticədə istedadlı idmançıların yetişməsinə şərait yaradıb. Müasir idman infrastrukturunun, eləcə də perspektivli idmançıların mövcudluğu muxtar respublikada müxtəlif səviyyəli idman yarışlarının keçirilməsinə imkan verir.

Azər Zeynalov muxtar respublikada idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə turnir iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıq edib.

Tədbirdə gənclər və idman naziri Ramil Hacı çıxış edərək muxtar respublikada idmanın inkişafı, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili sahəsində görülən işlərdən danışıb.

Gənclər və idman naziri milli idmanın inkişafında misilsiz xidmətlərə malik ümummilli lider Heydər Əliyevə həsr olunmuş növbəti turnirin uğurla keçirilməsi münasibətilə idmançıları təbrik edib, yaradılan şəraitə görə idman ictimaiyyəti adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının idmançısı Günəş Hüseynovanın və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançılarının nümunəvi çıxışları olub.

Ardınca final görüşlərinə start verilib. 6 komandanın 100-dən çox idmançısının 10 çəki dərəcəsində olimpiya sistemi üzrə mübarizə apardığı turnirin yekun nəticəsinə əsasən Elmir Əsgərov (45 kiloqram), Sadiq Kərimov (48 kiloqram), Nicat Ocaqquliyev (51 kiloqram), İlkar Əlican (55 kiloqram), Əmrə Ağayev (60 kiloqram), Eldar Abdullayev (65 kiloqram), Samir Bağırzadə (71 kiloqram), Daşqın Rəsulov (80 kiloqram), Süleyman Məmmədov (92 kiloqram) və Cəfər Heydərov (110 kiloqram) qalib adını qazanıblar.

Komanda hesabında isə turnirin baş mükafatını “Naxçıvan” komandası qazanıb.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 

 

 

Şəhər birinciliyində qaliblər məlumdur

    Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmələr (2007-2009-cu illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

    Birincilikdə Naxçıvan idmançıları ilə yanaşı, Babək və Kəngərli idmançıları da iştirak edib. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 60 idmançı qüvvəsini sınayıb.
    Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə Seymur Həsənov (32 kiloqram, Naxçıvan), Fuad Rzayev (35 kiloqram, Naxçıvan), Turqay Məmmədli (38 kiloqram, Naxçıvan),  Tuqay Qəhrəmanlı (41 kiloqram, Naxçıvan), Hüseyn Rəcəbov (44 kiloqram, Naxçıvan), Sadiq Kərimov (48 kiloqram, Naxçıvan), Nadir Abdullayev (52 kiloqram, Naxçıvan), Namiq Əlizadə (57 kiloqram, Naxçıvan), Hüseyn Yasinli (62 kiloqram, Naxçıvan), Eldar Abdullayev (68 kiloqram, Naxçıvan) və Coşqun Novruzov (75 kiloqram, Naxçıvan) öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar. 
    Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları, federasiyanın isə medalları ilə mükafatlandırılıblar.

 

 

 

 

Olimpiya kateqoriyalı hakim Naxçıvanda seminar keçib

Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Güləş Federasiyası tərəfindən birgə təşkil olunan seminar nəzəri və praktiki olmaqla iki mərhələdən ibarət olub. Öncə hakim və məşqçilərin iştirakı ilə Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbində güləşdə tədbiq olunan yeni qaydaların təsviri və analizi diqqətə çatdırılıb.

Federasiyanın sədr müavini Faiq İsgəndərov seminara rəhbərlik edən olimpiya kateqoriyalı güləş hakimi Asif Şirəliyevi iştirakçılara təqdim edib, görüşün məqsəd və əhəmiyyəti barədə danışıb. A.Şirəliyev dəvətə görə təşəkkürünü bildirərək Naxçıvanda olmaqdan və burada çalışan güləş ictimaiyyəti nümayəndələrinə öz təcrübəsini bölüşəcəyindən məmnun olduğunu ifadə edib. Qeyd olunub ki, Dünya Güləş Birliyinin bu növdə tədbiq olunan bir sıra qaydaları yeniləməsi və əlavələr etməsi yarışlar zamanı istər idmançı, istərsə də hakim və məşqçilərin daha diqqətli olmasını şərtləndirir. Bu baxımdan yeniliklərin öyrənilməsi və tədbiqi vacibdir.
Çıxışların ardınca nüfuzlu güləş yarışlarını əks etdirən videogörüntülər vasitəsilə mübahisəli məqamlar şərh olunub, iştirakçılarla diskussiya xarakterli fikir mübadiləsi aparılıb. Seminarın İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan ikinci mərhələsində isə qaydaların təfsiri güləş xalçası üzərində praktiki şəkildə həyata keçirilib və iştirakçıların sırasına idmançılar da qoşulub. Gənclər və idman naziri Ramil Hacı seminarın gedişatını izləyib. A.Şirəliyev son Avropa çempionatının uniformasını xatirə hədiyyəsi kimi nazirə təqdim edib.
Qeyd edək ki, muxtar respublikada təcrübəli idman mütəxəssislərinin iştirakı ilə seminar, kurs və ustad dərslərinin davamlı təşkili diqqət mərkəzində saxlanır. Məqsəd məşqçi-müəllim, idmançı və hakimlərin yeni bilik və təcrübələrə yiyələnməsi, o cümlədən idman növlərində tədbiq olunan yeni qaydalar barədə məlumatlandırılmasıdır.
 

 

 

 

Yeni bölmə fəaliyyətə başlayıb

Ötən ilin oktyabr ayından etibarən Babək rayon Kültəpə kənd tam orta məktəbinin idman zalında fəaliyyətə başlayan sərbəst güləş bölməsində məşğələlər davam etdirilir. Hazırda məşqçi-müəllim Əli Cəfərovun rəhbərliyi ilə 20 nəfər uşaq və yeniyetmə idmanın bu növü ilə məşğul olur.

Naxçıvan Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərovla, Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev bölmədə keçirilən məşq prosesini izləyib, idmançıların fiziki hazırlığı ilə maraqlanıblar. Məlumat verilib ki, burada həftənin üç günü fiziki və texniki-taktiki məşqlər keçirilir. Yaradılan şərait və gələcək potensiallar sayəsində Kültəpə kəndində yaşayan gənc nəsil nümayəndələrində güləşə maraq çoxdur və zaman keçdikcə bölməyə müraciət edənlərin sayı artır. Bu da imkan verir ki, sıralalarımız daha da genişlənsin, uğurlu nəticələr üçün əlverişli zəmin yaransın.
Qeyd edək ki, Babək rayonunda federasiyaya aid 12 qrupda ümumilikdə 180 nəfər güləşlə məşğul olur.