Ötən ilin oktyabr ayından etibarən Babək rayon Kültəpə kənd tam orta məktəbinin idman zalında fəaliyyətə başlayan sərbəst güləş bölməsində məşğələlər davam etdirilir. Hazırda məşqçi-müəllim Əli Cəfərovun rəhbərliyi ilə 20 nəfər uşaq və yeniyetmə idmanın bu növü ilə məşğul olur.
Naxçıvan Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərovla, Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev bölmədə keçirilən məşq prosesini izləyib, idmançıların fiziki hazırlığı ilə maraqlanıblar. Məlumat verilib ki, burada həftənin üç günü fiziki və texniki-taktiki məşqlər keçirilir. Yaradılan şərait və gələcək potensiallar sayəsində Kültəpə kəndində yaşayan gənc nəsil nümayəndələrində güləşə maraq çoxdur və zaman keçdikcə bölməyə müraciət edənlərin sayı artır. Bu da imkan verir ki, sıralalarımız daha da genişlənsin, uğurlu nəticələr üçün əlverişli zəmin yaransın.
Qeyd edək ki, Babək rayonunda federasiyaya aid 12 qrupda ümumilikdə 180 nəfər güləşlə məşğul olur.