Bir məqsəd uğrunda mübarizə aparan məşqçimiz
Bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi idmanın da inkişafına böyük diqqət və qayğı ilə yanaşılır. Bunun nəticəsidir ki, idmançılarımız müxtəlif ölkədaxili və beynəlxalq turnirlərdə, yarışlarda muxtar diyarımızın idman ənənələrini layiqincə təmsil edirlər. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı idmanın inkişafına bilavasitə təsir göstərib. İdmançılarımızla yanaşı, məşqçilərimizin də uğur qazanması, onların beynəlxalq seminar və treninqlərdə iştirakının təmin edilməsi gələcək nəslin sağlam və vətənpərvər ruhda tərbiyəsinin göstəricisidir. 5 mart – Bədən Tərbiyəsi və İdman Gününü qeyd etdiyimiz ərəfədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya qərarı ilə ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərinə görə bir sıra idmançılara və idman mütəxəssislərinə fəxri adları təsdiqləyən vəsiqə və döş nişanları təqdim edilib. Bu ada layiq görülənlər içərisində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının məşqçi-müəllimi Seymur Məmmədov da var.
Biz də, öz növbəmizdə, fəxri ada layiq görülən məşqçinin fikirlərini öyrəndik.
“Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı ilə təltif olunan digər bir idmançımız Seymur Məmmədov 20 ilə yaxındır, məşqçi-müəllim kimi İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində çalışır. Tələbələri Azərbaycan və güləş üzrə uşaqların dünya çempionu adını qazanan məşqçinin böyük arzusu var: “Naxçıvanda istər məşqçilər, istərsə də idmançılar üçün hər bir şərait yaradılıb. Bundan bəhrələnmək, uğur qazanmaq isə bizim əsas vəzifə borcumuzdur. İdmana göstərilən diqqəti hər zaman hiss etmişik və bunun nəticəsi kimi yetirmələrimiz keçirilən beynəlxalq turnirlərdə ölkə bayrağını layiqincə dalğalandırıblar. Bu, biz məşqçilər üçün fəxrdir. Çünki hər bir məşqçinin ən böyük arzusu tələbəsini fəxri kürsüdə görməkdir. Ən böyük arzum məktəbimizin yetirməsinin muxtar respublikaya olimpiya qızılı ilə qayıtmasıdır. Qısa vaxt kəsiyində bunun reallaşacağına inanıram. Bu ada layiq görülməyim isə təkcə mənim yox, Güləş Federasiyasının uğurudur. Bir daha göstərilən diqqət və qayğıya görə bütün məşqçilər adından muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.