Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Cüdo Federasiyası və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə cüdo üzrə yeniyetmələr (2008-2010-cu il təvəllüdlü) arasında 5 mart – Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 100-dən çox idmançı tatami üzərinə çıxıb.
Beynəlxalq Cüdo Federasiyasının yeni qaydaları çərçivəsində təşkil olunan birincilikdə idmançılar 10 çəki dərəcəsində qüvvələrini sınayıblar. Yarışın yekun nəticəsinə əsasən qızlar arasında qalib adına Səkinə Bağırlı layiq görülüb.
Oğlanların mübarizəsində Rəhim Qaybalıyev (34 kiloqram), Eldar Əliyev (38 kiloqram), Məhəmməd Mədətli (42 kiloqram), Qurban Məmmədli (46 kiloqram), Arif Cabbarov (50 kiloqram), Ülvü Babayev (55 kiloqram), Aqil Hüseynov (60 kiloqram), Gürkan Quliyev (66 kiloqram), Oğuz Qasımov (73 kiloqram) və Rəhman Qənbərli (+73 kiloqram) öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.
Sonda qaliblər diplom və medalla mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli və Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu təqdim ediblər.