Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Güləş Federasiyasının təşkilatçılığı ilə cüdoda tətbiq edilən yeni qaydalarla bağlı hakimlər və məşqçilər üçün seminar keçirilib.
Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin iştirakı ilə hakimlər üzrə menecer, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli tərəfindən keçirilən seminarda hakimlərlə yanaşı, müxtəlif klubların, cəmiyyətlərin və idman komandalarının məşqçiləri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı iştirakçılara uğurlar arzu edib. Elnur Məmmədli yeni qaydalarda tətbiq olunan dəyişikliklər barədə məlumat verib, hakimlər və məşqçilər tərəfindən yeni qaydaların tətbiq edilməsinin zəruriliyini vurğulayıb. Elnur Məmmədli, eyni zamanda federasiyanın gələcək planları haqqında danışıb, cüdonu ölkədə daha da irəliyə aparacaq işlərdən bəhs edib. Gənclər və idman naziri Ramil Hacı Naxçıvandan olan idmançıların da yarışlara cəlb edilməsini və iki qurum arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Seminardan sonra olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezideni Elnur Məmmədlinin fikirlərini öyrəndik: “İlk dəfədir ki, Naxçıvan Muxtar Respublikasına gəlirəm, dəvətə görə minnətdarlığımı bildirirəm. “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”, – deyiblər, doğrudan da, Naxçıvan deyildiyi kimi, hətta ondan da yaxşı, mükəmməl inkişaf etmiş bir diyardır. Şəhər çox təmiz, səliqəli, insanları qonaqpərvərdir. Hər zaman burada güclü, beynəlxalq turnirlər keçirilib ki, onların sırasında cüdo da var. Keçirilən cüdo üzrə muxtar respublika çempionatında biz də Cüdo Federasiyası olaraq iştirak edirik. Hazırda Beynəlxalq Cüdo Federasiyasında hakimliklə bağlı bəzi dəyişikliklər olub və biz də Naxçıvana hakimlərlə birlikdə gəldik, seminar keçirdik və qaydaları hakimlərə, idmançılara izah etdik. 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədər keçiriləcək tədbirdə iştirak etmək üçün dəvət gəldi və böyük məmnuniyyətlə turnirdə iştirak edirik. Naxçıvanda güclü idmançılar yetişib və bu gün bunun bir daha şahidi olduq. Bir idmançı kimi onların görüşlərini izlədim və bu zalda gələcəyin dünya, Avropa və olimpiya çempionları olduğunu gördüm. Hər birinə uğurlar arzulayıram və bu idmançıların gələcəkdə Azərbaycanın bayrağını dünya arenalarında dalğalandıracaqlarına inanıram”.