Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Güləş Federasiyası tərəfindən birgə təşkil olunan seminar nəzəri və praktiki olmaqla iki mərhələdən ibarət olub. Öncə hakim və məşqçilərin iştirakı ilə Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbində güləşdə tədbiq olunan yeni qaydaların təsviri və analizi diqqətə çatdırılıb.
Federasiyanın sədr müavini Faiq İsgəndərov seminara rəhbərlik edən olimpiya kateqoriyalı güləş hakimi Asif Şirəliyevi iştirakçılara təqdim edib, görüşün məqsəd və əhəmiyyəti barədə danışıb. A.Şirəliyev dəvətə görə təşəkkürünü bildirərək Naxçıvanda olmaqdan və burada çalışan güləş ictimaiyyəti nümayəndələrinə öz təcrübəsini bölüşəcəyindən məmnun olduğunu ifadə edib. Qeyd olunub ki, Dünya Güləş Birliyinin bu növdə tədbiq olunan bir sıra qaydaları yeniləməsi və əlavələr etməsi yarışlar zamanı istər idmançı, istərsə də hakim və məşqçilərin daha diqqətli olmasını şərtləndirir. Bu baxımdan yeniliklərin öyrənilməsi və tədbiqi vacibdir.
Çıxışların ardınca nüfuzlu güləş yarışlarını əks etdirən videogörüntülər vasitəsilə mübahisəli məqamlar şərh olunub, iştirakçılarla diskussiya xarakterli fikir mübadiləsi aparılıb. Seminarın İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan ikinci mərhələsində isə qaydaların təfsiri güləş xalçası üzərində praktiki şəkildə həyata keçirilib və iştirakçıların sırasına idmançılar da qoşulub. Gənclər və idman naziri Ramil Hacı seminarın gedişatını izləyib. A.Şirəliyev son Avropa çempionatının uniformasını xatirə hədiyyəsi kimi nazirə təqdim edib.
Qeyd edək ki, muxtar respublikada təcrübəli idman mütəxəssislərinin iştirakı ilə seminar, kurs və ustad dərslərinin davamlı təşkili diqqət mərkəzində saxlanır. Məqsəd məşqçi-müəllim, idmançı və hakimlərin yeni bilik və təcrübələrə yiyələnməsi, o cümlədən idman növlərində tədbiq olunan yeni qaydalar barədə məlumatlandırılmasıdır.