Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Hacı Əliyev güləşçilərimiz üçün seminar keçib

Sərbəst güləş üzrə milli komandamızın liderlərindən olan üçqat dünya və Avropa çempionu, ikiqat olimpiya mükafatçısı və saysız uğurları ilə adından bəhs etdirən dünyaca tanınmış güləşçimiz Hacı Əliyev Naxçıvan güləşçiləri ilə görüşüb, onlarla öz təcrübəsini bölüşüb.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən tədbirdə
nazirliyin şöbə müdiri Taleh İbrahimov və federasiyanın sədr müavini Faiq İsgəndərov Hacı Əliyev kimi dünya şöhrətli idmançının buraya gəlişi və gənc nəsil idmançılara seminar keçməsinin muxtar respublikada güləşin inkişafına töhfə olması ilə bağlı fikirlərini bölüşüb, idmançılara gələcək yarışlarda uğurlar arzu ediblər.
Naxçıvan güləş məktəbinin yetirməsi olduğunu xatırladan Hacı Əliyev deyib ki, muxtar respublikada idmana göstərilən qayğının nəticəsi olaraq bu gün yeni nəsil əvvəlkilərdən fərqli olaraq müasir və əlverişli şəraitdə məşqlər keçir, yüksək diqqətlə əhatə olunurlar. Bu vəziyyət güclü idmançıların yetişməsi, onların uğurlu karyera fəaliyyəti qurmasına böyük zəmin yaradır. Hacı Əliyev idmançılara səbirli, istəkli və əzmkar olmağı tövsiyə edib, böyük uğura gedən yolun keşməkeşli olmasını vurğulayıb. Onların arasında gələcəyin böyük idmançılarının olmasına inandığını bildirən titullu güləşçimiz dəvətə görə təşkilatçılara təşəkkür edib, idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışların ardınca seminara start verilib. Hacı Əliyev xalça üzərində simulyasiya xarakterli güləş görüşləri vasitəsilə bəzi çətin və çıxılmaz vəziyyətlər zamanı icra oluna biləcək ən uyğun fəndləri iştirakçılara nümayiş etdirib, idmançının yarışa hazırlığı və yarış zamanı diqqət göstərməli olduğu məsələlərlə bağlı fikirlərini diqqətə çatdırıb. O, eyni zamanda məşqçi və idmançıları maraqlandıran sualları da cavablandırıb.
Qeyd edək ki, görüşün təşkil olunmasında məqsəd idmançılarda özünəinam hissi formalaşdırmaq, onların yeni qaydalarla tanışlığı və təcrübə artımına zəmin yaratmaqdan ibarət olub.
 
 

 

 

 

Naxçıvan güləşçiləri "Şuşa - 270" turnirində iştirak ediblər

Abşeron Rayon Gənclər və İdman İdarəsi, “Motivator Azərbaycan” və “Aslanov” Güləş Akademiyasının birgə təşkilatçılığı ilə açıq birincilik keçirilib. Abşeron Olimpiya və İdman Kompleksində reallşan yarışda Azərbaycanla yanaşı, Ukrayna, Qazaxıstan və İrandan ümumilikdə 307 idmançı iştirak edib.

Naxçıvan Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərovun rəhbərliyi ilə muxtar respublikamızı yarışda 1 məşqçi və 7 idmançı təmsil edib. Güləşçilərimizdən 3-ü mükafatçılar sırasına düşüb. Belə ki, Anar Həsənli (42 kq), Toğrul Axundlu (29 kq) və Ələkbər Əsgərli (26 kq) sərbəst güləşdə 3-cü olublar.

 

 

 

Kəngərlidə yoldaşlıq görüşü

Kəngərli rayon Xok kənd tam orta məktəbinin idman zalında 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə “Naxçıvan”-“Kəngərli” komandaları arasında sərbəst güləş üzrə yoldaşlıq görüşü keçirilib. Görüşdə 15 çəki dərəcəsi üzrə 30 idmançı öz qüvvəsini sınayıb. Yekuna əsasən “Naxçıvan” komandası 8:7 hesabı ilə qalib gəlib. Yer tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

 

 

 

Sambo birinciliyinin qalibləri müəyyənləşib

Uşaq-gənclər idman məktəbində 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə yeniyetmələr arasında sambo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Birincilikdə 9 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı iştirak edib. Yarışda Fuad Cəlilzadə (32 kq), Rəhim Qaybalıyev (35 kq), Zəkəriyyə Həsənzadə (38 kq), Eldar Əliyev (42 kq), Vüsal Nuriyev (46 kq), Atilla Rəhimli (50 kq), Ayxan Zeynalov (54 kq), Asim Əliyev (59 kq) və Rəhman Qənbərli (71 kq) çəki dərəcəsində I yerə layiq görülüb. Sonda hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

 

 

 

Kəngərli rayon açıq birinciliyi keçirilib

Kəngərlidə şəhidlərin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib

I Qarabağ Müharibəsində şəhid olmuş Məhəmməd Əliyevin adını daşıyan Xok kənd tam orta məktəbində sərbəst güləş üzrə Kəngərli rayon açıq birinciliyi keçirilib.
Ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər şəhidlərimizə Allahdan rəhmət diləyib, Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı icra etdiyi hərbi əməliyyatların müasir hərb tarixində silinməz iz buraxdığını və qazanılan şanlı qələbədə qəhrəman Vətən övladlarının xüsusi rolu olduğunu xatırladıblar. Qeyd olunub ki, müstəqillik illərində Xok kənd sakinlərindən 9-u ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onların xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaqdır.
Şəhid Basid Rüstəmovun atası İdris Rüstəmov şəhid ailələri adından təşkilatçılara təşəkkürünü bildirib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu deyib.
Yarışın yeni qaydalar əsasında keçiriləcəyini xatırladan Naxçıvan Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov məşqçi, hakim və idmançıları diqqətli olmağa səsləyib. Sonra mübarizəyə start verilib.
Yarışa 2006-2008, 2008-2010, 2012-2014-cü il təvəllüdlülər olmaqla, Naxçıvan şəhəri, Kəngərli və Şərur rayonlarından ümumilikdə 59 idmançı qatılıb. 10 çəki dərəcəsi üzrə qalib və mükafatçılar müəyyənləşib. Nəticələrə əsasən Abbas Abbasov, Yusif Qasımov, Ələkbər Əsgərov, Məcnun Abbasov, Məhəmməd Seyidov (Naxçıvan), Rəhman Həsənli, Hüseyn Əlili, Aqşin Abdullayev (Kəngərli), Suad Məmmədov və Rövnət Əhmədov (Şərur) öz çəki dərəcələri üzrə birinci olublar.
Rayon Gənclər və idman idarəsi, Təhsil şöbəsi və Uşaq-gənclər idman məktəbi tərəfindən birgə təşkil olunan yarışın sonunda ilk üçlükdəki idmançılara diplom və hədiyyələr verilib.