Naxçıvan Muxtar Respublikasında gənc nəslin sağlamlığının qorunması, onların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda idmana cəlb olunması yönündə mühüm addımlar atılır. Bu gün muxtar diyarımızda bütün sahələrdə olduğu kimi, idmana da diqqət və qayğı ilə yanaşılır. Muxtar respublikanın şəhər və rayonlarında, həmçinin kəndlərində yeni idman obyektləri, zalları tikilərək uşaq, yeniyetmə və gənclərin ixtiyarına verilib.
İdmana, idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsi kimi ötən gün Kəngərli rayonunun Xok kəndində güləş zalı istifadəyə verilib. Xok kənd tam orta məktəbinin idman zalında fəaliyyət göstərəcək güləş bölməsi bütün avadanlıqlarla təmin edilib.
Zalın açılış mərasimində çıxış edən Kəngərli Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynzadə bildirib ki, Naxçıvanda uğurlu idman siyasəti nəticəsində daim beynəlxalq yarışlar, turnirlər təşkil edilir, idman infrastrukturu müasirləşdirilir, idmanın inkişafına davamlı qayğı göstərilir. Bunun nəticəsidir ki, idmançılarımız keçirilən bütün yarışlarda uğur qazanır, idman ənənələrini layiqincə davam etdirirlər. Yeni istifadəyə verilən güləş zalı bu gün diyarımızda idmana qayğının təcəssümüdür.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxışında vurğulayıb ki, yaradılan müasir idman infrastrukturu muxtar respublikada beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. Mövcud infrastruktur, eyni zamanda uşaq, yeniyetmə və gənclərin sağlam, peşəkar idmançı kimi formalaşması baxımından böyük rol oynayır. Şəhər və rayonlarımızla yanaşı, muxtar respublikanın kəndlərində də idman obyektlərinin tikilməsi, mövcud obyektlərin yenidən qurulması, idman zallarının fəaliyyətə başlaması artıq ənənə halını alıb. Kəngərli rayonunun Xok kəndində yeni güləş zalının idmançıların ixtiyarına verilməsi burada idmana marağı daha da artıracaq, gələcəkdə onların uğur qazanmasına bilavasitə təsir göstərəcək.
Çıxış edənlər sonda yaradılan şəraitə görə muxtar respublika rəhbərinə idmançılar adından minnətdarlıqlarını bildiriblər.
Sonra idmançılara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən idman geyim dəstləri və güləş tirkoları hədiyyə edilib.
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında keçirilən yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 60 idmançı mübarizə aparıb. Yarışda Naxçıvan şəhər idmançıları ilə yanaşı, Culfa və Şərur cüdoçuları da iştirak ediblər.
Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarış başlamazdan öncə birincilik barədə məlumat verib, idmançılara uğurlar arzulayıblar.
9 çəki dərəcəsində keçirilən birinciliyin yekun nəticəsinə əsasən Cəfər Rəsulzadə (30 kiloqram), Rəhim Qaybalıyev (34 kiloqram), Nihad Məmmədov (38 kiloqram), Vüqar Nuriyev (42 kiloqram), Atilla Rəhimli (46 kiloqram), Əli Seyidov (50 kiloqram), Heydər Zamanov (55 kiloqram), Aqil Hüseynov (60 kiloqram) və Tofiq Nəcəfov (60+ kiloqram) bütün rəqiblərinə qalib gələrək birinciliyin baş mükafatını qazanıblar.
Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə keçirilən kiçikyaşlı yeniyetmələr (2008-2011-ci il təvəllüdlər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.
Açılış mərasimində çıxış edənlər yarışın keçirilmə məqsədi və qaydaları haqqında idmançılara məlumat verib, onlara uğurlar arzulayıblar. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi açıq birincilikdə 11 çəki dərəcəsi üzrə 60 idmançı mübarizə aparıb. Birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur və Culfa rayonlarının idmançıları da iştirak ediblər.
Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən açıq birinciliyin yekun nəticəsinə görə Yusif Əhmədli (27 kiloqram, Naxçıvan), Zəkəriyyə Həsənzadə (30 kiloqram, Naxçıvan), Əliislam Səfərli (34 kiloqram, Naxçıvan), Məhəmməd Mədətli (38 kiloqram, Naxçıvan), Qurban Məmmədli (42 kiloqram, Culfa), Atilla Rəhimli (46 kiloqram, Naxçıvan), Vaqif Cabbarov (50 kiloqram, Naxçıvan), Əli Hüseynov (50+ kiloqram, Naxçıvan), Aylin Məmmədli (26 kiloqram, Naxçıvan), Sənubər Qurbanova (34 kiloqram, Naxçıvan) və Səkinə Bağırlı (46 kiloqram, Naxçıvan) qalib adını qazanıblar.
Qaliblər diplom və medallarla təltif olunublar.
İdmançı və məşqçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yeni biliklərə yiyələnməsi məqsədilə təcrübəli mütəxəssislərin muxtar respublikaya dəvət olunması məsələsi diqqətdə saxlanılır. Bu məqsədlə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində sərbəst güləş növü ilə məşğul olan idmançılar üçün taktiki-texniki seminar təşkil olunub. Seminara gənclərdən ibarət milli komandanın məşqçisi, beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi Rövşən Hacıyev rəhbərlik edib. Tədbirdə paytaxt Naxçıvan və bölgələrdən, ümumilikdə, 60-a yaxın idmançı, o cümlədən məşqçilər iştirak ediblər.
Federasiyanın sədr müavini Faiq İsgəndərov idmançıları seminarın məqsəd və əhəmiyyəti barədə məlumatlandırıb. Hacı Əliyev kimi dünya miqyasında tanınan bir idmançının bu sahədə ilk addımlarını məhz Naxçıvan güləş məktəbində atdığını xatırladan Rövşən Hacıyev vurğulayıb ki, bu amil hər biriniz üçün ümid və inam qaynağı olmalıdır.
Çıxışların ardından məşq prosesinə başlanılıb. İsinmə hərəkətlərinin ardınca Rövşən Hacıyev sərbəst güləşçinin oyun zamanı və buna qədər hansı amillərə diqqət yetirəcəyi haqqında danışıb. Məşqçi və idmançıları maraqlandıran suallar təcrübəli mütəxəssis tərəfindən cavablandırılıb.
Qeyd edək ki, seminar Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyası tərəfindən birgə təşkil olunub.