Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

İdmançılarımızdan daha 2 medal

21-23 yanvar 2020-ci il tarixlərdə Bakı şəhərində yeniyetmələr arasında sərbəst güləş üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının iki idmançısının iştirakı təmin edilmiş, idmançılarımız birinciliyi qalibiyyətlə başa vurmuşlar. Belə ki, 60 kq çəki dərəcəsində Qasımov Kamal I, Qasımov Camal isə III yerin sahibi olmuşlar. İdmançılarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

 

 

 

Güləş Federasiyasında ötən ilin yekunları və qarşıya qoyulan vəzifələr ilə bağlı yığıncaq keçirilmişdir

Yanvarın 16-da Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasında ötən ilin yekunları və qarşıya qoyulan vəzifələrlə bağlı yığıncaq olmuşdur.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov yığıncaqda çıxış edərək demişdir ki, muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə yaradılan idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri idmanın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Mövcud idman infrastrukturu gənc­lərin idmana olan marağını artırır, istedadlı idmançıların yetişməsini təmin edir. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası 18 il bundan əvvəl – 2002-ci ildə yaradılmışdır. Ötən müddət ərzində federasiya tərəfindən güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülmüşdür. Federasiyada yunan-roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələr yaradılmış və bu bölmələrdə, ümumilikdə, 101 qrupda 1485 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edirlər. 2019-cu ildə Güləş Federasiyası tərəfindən muxtar respublika, şəhər, rayon birincilikləri və çempionatları təşkil olunmuş, yarışların qaliblərinə diplom və hədiyyələr verilmişdir. Həmçinin idmançıların müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakları təmin edilmişdir. Ötən il Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları 7 beynəlxalq, 3 respublika turniri, 11 Azərbaycan birinciliyi, 35 Naxçıvan Muxtar Respublika və rayon birinciliklərində, Azərbaycan milli və dövlət bayramları ilə əlaqədar birinciliklərdə iştirak etmişlər.

Azər Zeynalov 2019-cu ildə əldə olunan uğurların təməlində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idmanın inkişafına, idmançılara göstərdiyi diqqət və qayğının dayandığını vurğulamış, federasiya üzvləri və idmançılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxışında vurğulamışdır ki, 2019-cu ildə nazirlik tərəfindən kütləvi bədən tərbiyəsi və idman sahəsində 386 tədbir keçirilmişdir ki, bunlardan 5-i beynəlxalq, 2-si ölkə, 92-si muxtar respublika, 287-si isə rayon, şəhər miqyaslı tədbirlər, yoldaşlıq görüşləri olmuşdur. Eyni zamanda Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 179, beynəlxalq miqyaslı turnirlərdə 165, dünya səviyyəli yarışlarda 5, Avropa çempionatlarında 20 olmaqla, ümumilikdə muxtar respublikadan kənar yarışlarda 369 medal qazanmışlar. “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisində 10 dekabr 2018-ci il tarixdə keçirilən müşavirədə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilmişdir. Federasiyalar 2019-cu ildə öz işlərini verilmiş tapşırıqlara əsasən qurmuşdur. İdmanın ən qədim növlərindən biri olan güləş idman növü ötən il Naxçıvanın idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin diqqət mərkəzində ­olmuşdur.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov 2019-cu ildə görülən işlər barədə ətraflı məlumat vermişdir.
İl ərzində uğur qazanan cüdo üzrə məşqçi Elvin Əliquliyev, güləş üzrə məşqçi Nurlan Muradov, hakimlər Barı Əliyev və İbrahim Musayev, cüdo üzrə uğur qazanan idmançı Abdulla İsmayılov, güləş üzrə uğur qazanan idmançılar Nicat Ocaqquliyev və Ramil İsmayılov mükafatlandırılmışlar.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə iş planı, keçiriləcək idman tədbirlərinin qrafiki təsdiq olunmuşdur.
Yığıncağın sonunda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov federasiyada 2020-ci ildə də fəaliyyətin muxtar respublikada güləş idman növünün inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində qurulacağına əminliyini bildirmişdir.

 

 

 

Güləşçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb

Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

Yeniyetmələr arasında bütün çəkilər üzrə baş tutan mübarizədə Azərbaycan, Rusiya, Qazaxıstan, Gürcüstan və Özbəkistandan 230-dan artıq pəhləvan iştirak edib. Komanda hesabında Azərbaycan 1-ci, Rusiya 2-ci, Qazaxıstan isə 3-cü yeri tutub.

Qeyd edək ki, Musa Ağayev ən ədalətli idmançı, Zaur Şərifov ən ədalətli hakim, Özbəkistan komandasının məşqçisi Uktam Tuyev isə ən ədalətli məşqçi nominasiyasında mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Kamal Qasımov beynəlxalq turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparıb və bürünc meal qazanıb.

Kiçikyaşlı cüdoçular arasında şəhər birinciliyi

21 dekabr 2019-cu il tarixdə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə kiçikyaşlı yeniyetmələr (2008-2009-cu illər) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək idmançıları qarşıdan gələn həmrəylik günü və yeni il bayramı münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Daha sonra Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov tədbirin məqsəd və vəzifələri haqqında danışmış və idmançılara qalibiyyət sevinci arzulamışdır. Naxçıvan MR Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 8 çəki dərəcəsi üzrə 40 idmançı iştirak etmişdir. Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekununa gəlincə isə, Elvin Cəfərli 24 kq, Rəhim Qaybalıyev 27 kq, Vüsal Nuriyev 30 kq, Rəhman Muxtarov 34 kq, Nürəddin Əkbərli 38 kq, Telman Qasımov 42 kq, Heydər Məmmədzadə 46 kq və Aqil Hüseynov 50 kq çəki dərəcəsində I yerlərə layiq görülmüşlər. Hər çəki dərəcəsində yer tutan idmançılara təşkilatçıların diplomları təqdim edilmişdir.

 

 

 

Beynəlxalq turnirdən 4 medal

Bakı şəhərindəki Xırdalan “Zirvə” İdman Kompleksində 2005-2009-cu illər təvəllüdlü azyaşlılar arasında sərbəst güləş üzrə I Beynəlxalq Zirvə turniri keçirilib.

Turnirdə 4 ölkədən 100-ə yaxın idmançı gücünü sınayıb. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 4 idmançısı da turnirdə iştirak edib və qaliblər sırasına adlarını yazdırıblar.

Belə ki, 35 kiloqram çəki dərəcəsində Nicat Ocaqquliyev və 38 kiloqram çəki dərəcəsində Ramil İsmayılov gümüş medal qazanıblar. Digər iki idmançımız 44 kiloqram çəki dərəcəsində Elmir Hacıyev və 75 kiloqram çəki dərəcəsində Əli Səfərov beynəlxalq turniri üçüncü pillədə başa vurublar.
Sonda idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.