18 iyun 2019-cu il tarixdə Naxçıvan şəhər Uşaq-Gənclər İdman Məktəbində “15 iyun–Milli Qurtuluş Günü” münasibətilə yeniyetmələr (2008-2009-cu illər) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Tədbirin açılış mərasimində çıxış edənlər “15 iyun-Milli Qurtuluş günü” haqqında idmançılara geniş məlumat vermiş və onlara uğurlar arzulamışlar. Naxçıvan MR Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 9 çəki dərəcəsi üzrə 50-ə yaxın idmançı iştirak etmişdir. Birincilikdə oğlan idmançılar ilə yanaşı qız idmançılarda öz güclərini sınamışlar. Birinciliyin yekununa əsasən, Elvin Cəfərli 24 kq, Əliislam Səfərov 27 kq, Əli Cəfərov 30 kq, Atilla Rəhimli 34 kq, Nurəddin Əkbərli 38 kq, Tayfun İmanlı 46 kq, Aqil Hüseynov 50 kq və İsa Həbibbəyli 55 kq çəki dərəcələrində, qızlar arasında isə Səkinə Bağırlı 30 kq çəki dərəcəsində I yerlərə layiq görülmüşlər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.
Gürcüstan Respublikasının Kutaisi şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançısı da mübarizə aparıb. 38 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan Yəhya Paşayev yarımfinal mərhələsinə kimi gütün rəqiblərini məğlub edib. Bu mərhələdə məğlubiyyətlə üzləşən güləşçimiz üçüncü yer uğrunda görüşdə ermənistanlı idmançı ilə üz-üzə gəlib. Keçirilən qarşılaşmada böyük əzmkarlıq göstərən Yəhya Paşayev rəqibini məğlub edərək beynəlxalq turnirin bürünc medalını qazanıb.
İdmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.
May ayının 21-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq turnir keçirilib.
Əvvəlcə qonaqlar ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Turnirin açılış mərasimində çıxış edən dünya və Avropa çempionatlarının mükafatçısı, İslam Oyunlarının qalibi Nicat Şıxəlizadə yarış iştirakçılarını və tamaşaçıları salamlayaraq qeyd edib ki, bu, cüdo üzrə yeniyetmələr arasında keçirilən ikinci beynəlxalq turnirdir. O vurğulayıb ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən idmana və idmançılara böyük diqqət və qayğı göstərilir.
Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov yarış iştirakçılarını beynəlxalq turnirin açılışı münasibətilə təbrik edərək bildirib ki, ulu öndərimizin əsasını qoyduğu dövlət gənclər və idman siyasəti bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini bu tədbirin yüksək səviyyədə təşkil olunmasına görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Vurğulayıb ki, Naxçıvan ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin və yarışların keçirildiyi bir məkan kimi tanınıb. Naxçıvan idman məktəbinin yetirmələri bu gün ölkəmizi beynəlxalq səviyyəli yarışlarda layiqincə təmsil edir, yüksək nəticələr qazanırlar.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov çıxışında əlamətdar idman yarışı münasibətilə tədbir iştirakçılarını və bütün idmançıları təbrik edərək bildirib ki, bu gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq turnirə start verilir. Ümummilli liderimiz Heydər Əliyev daim idmanın inkişafı qayğısına qalmış, Azərbaycanda idman hərəkatı geniş vüsət almış, gənclərin idmana cəlbi istiqamətində kompleks tədbirlər görülmüşdür. Bu gün ulu öndərin müəyyənləşdirdiyi idman siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azər Zeynalov vurğulayıb ki, muxtar respublikada da gənclərin fiziki hazırlığı və asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun himayə və qayğısı ilə muxtar respublikada müasir idman infrastrukturu formalaşdırılmış, 2 Olimpiya İdman Kompleksi və yüzlərlə digər idman obyektləri istifadəyə verilmiş, idmanın müxtəlif növləri üzrə federasiyalar yaradılmışdır. İdmanın kütləviliyinin təmin edilməsi sahəsində aparılan işlər gənclərin idmana marağını artırmış, istedadlı idmançıların yetişməsinə səbəb olmuşdur. Nəticə isə göz önündədir: İdmançılarımız beynəlxalq yarışlarda Naxçıvanı uğurla təmsil edirlər.
Federasiya sədri diqqətə çatdırıb ki, muxtar respublikada digər idman növləri ilə yanaşı, cüdo da inkişaf etdirilir, bu idman növü üzrə beynəlxalq turnirlər təşkil olunur. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq turnirə də böyük maraq vardır. Turnirdə 4 ölkədən 100-ə yaxın idmançı mübarizə aparacaqdır.
Azər Zeynalov yarışların sağlam idman mübarizəsi şəraitində keçəcəyinə və yarış iştirakçılarına ölkələrini layiqincə təmsil edəcəyinə əminliyini bildirib, turniri açıq elan edib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Cüdo üzrə beynəlxalq turnirin açılış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifaları alqışlarla qarşılanıb.
Daha sonra final görüşlərinə start verilib.
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası Cüdo Federasiyası və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 4 ölkənin – Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstanın 9 komandasının, ümumilikdə, 100-ə yaxın cüdoçusu tatami üzərinə çıxıb. 3-cü yerlər uğrunda görüşlərdə Gürcüstan komandası Bakı komandasına, Qəbələ komandası isə Rusiya komandasına qalib gələrək bürünc medal qazanıb.
Final görüşündə Naxçıvan komandası Sumqayıt komandasını məğlub edərək beynəlxalq turnirin qalibi olub.
Sonda qaliblərə diplom, medal və kubok təqdim olunub, xatirə şəkli çəkdirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş yeniyetmələr arasında sərbəst güləş üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov turnirin açılış mərasimində çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti muxtar respublikada uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində müasir idman infrastrukturu yaradılmış, idmanın kütləviliyi təmin edilmişdir. Gənclərin fiziki hazırlığı və asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılır. Göstərilən dövlət qayğısı nəticəsində idmanın güləş növü ilə məşğul olanların sayı da ildən-ilə artır. Hazırda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının tərkibində yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə 2 minə yaxın idmançı məşğələlərdə iştirak edir. Güləşçilərimiz beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında uğurlar qazanırlar.
Azər Zeynalov ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika çempionatının da sağlam idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini bildirib, yarışı açıq elan edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili sahəsində görülən işlərdən danışıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı olub.
Turnirdə 100-dən çox idmançı 10 çəki dərəcəsində mübarizə aparıb. Yekun nəticəyə əsasən Tuncay Məmmədov (45 kiloqram), Uğur Məmmədov (48 kiloqram), Yusif Əhmədli (51 kiloqram), Seymur Qasımov (55 kiloqram), Abbas Nəzərəliyev (60 kiloqram), Əli Əlioğlu (65 kiloqram), Anar Həsənov (71 kiloqram), Rəvan Bayramov (80 kiloqram), Qoca Əhmədov (92 kiloqram) və Nuran Vəliyev (110 kiloqram) qalib adını qazanıblar.
Komanda hesabında isə turnirin baş mükafatını “Naxçıvan” komandası qazanıb.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Balakən Olimpiya-İdman Kompleksində 2004-2005-ci illər təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Azərbaycan çempionatı keçirilib.
Çempionatda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 4 idmançısının da iştirakı təmin edilib. Dörd gün davam edən ölkə birinciliyində 62 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Yaqub Quliyev bürünc medal qazanıb.
Güləşçimiz təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.