Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Güləş üzrə şəhər birinciliyində qaliblər müəyyənləşib

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər (2002-2004-cü illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Tədbirin açılış mərasimində çıxış edənlər yarışın keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat verib, idmanşılara uğurlar arzulayıblar.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 40-dan çox idmançı öz qüvvəsini sınayıb.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə, Tuncay Məmmədov (45 kiloqram), Uğur Məmmədov (48 kiloqram), Orxan Hacıyev (51 kiloqram), Hüseyn Əhmədli (55 kiloqram), Heydər Nəcəfov (60 kiloqram), Abbas Nəzərəliyev (65 kiloqram), Heydər Heydərov (71 kiloqram), Rəvan Bayramov (80 kiloqram), Qoca Əhmədov (92 kiloqram) və Nuran Vəliyev (110 kiloqram) öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.

Sonda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

 

 

 

Cüdo üzrə muxtar respublika birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmələr arasında keçirilən cüdo üzrə muxtar respublika birinciliyi başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdikləri birincilikdə 110 idmançı 10 çəki dərəcəsində mübarizə aparıb.
Altı komandanın iştirak etdiyi birinciliyin yekun nəticəsinə əsasən Mirismayıl Seyidov (30 kiloqram, Culfa), Səid Seyidov (34 kiloqram, Naxçıvan), Sami Səfərov (38 kiloqram, Naxçıvan), Kənan Fərzəlili (42 kiloqram, Naxçıvan), Elbrus Qalbalıyev (46 kiloqram, Naxçıvan), Sənan Cəfərov (50 kiloqram, Naxçıvan), Zahid Əhmədov (55 kiloqram, Naxçıvan), Fuad Əşrəfli (60 kiloqram, Naxçıvan), İsmayıl Abbaslı (66 kiloqram, Naxçıvan) və Elamin Zeynalov (+66 kiloqram, Naxçıvan) bütün rəqiblərinə qalib gələrək çempion adına layiq görülüblər.

Hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 

 

 

Cüdoçularımızdan daha 3 medal

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri daha bir uğura imza atıblar.

Belə ki, Bakı şəhərində usta cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib. İdmançımız Elnur Mirzəliyev 60 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.
Bununla yanaşı, gənclər arasında keçirilən ölkə birinciliyinə də yekun vurulub. Oğlanların mübarizəsində Abdulla İsmayılov 100 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Elə qadın idmançımız Zəhra Akkuş da eyni uğuru təkrarlayıb. İdmançımız çempionatda bu ada 57 kiloqram çəki dərəcəsində müvəffəq olub.
Sonda idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıblar.

 

 

 

Güləşçimiz bürünc medal qazanıb

Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçirilib.

Çempionatda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi də iştirak edib. Belə ki, 51 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamal Qasımov bürünc medal qazanıb.

Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.

İdmançılarımız daha iki medal qazanıb

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri daha bir uğura imza atıblar.
Belə ki, 31 yanvar - 1 fevral tarixlərində İran İslan Respublikasının Təbriz şəhərində yeniyetmələr arasında cüdo üzrə turnir keçirilib. Bu turnirdə muxtar respublikanı 50 kiloqram çəki dərəcəsində Abbas Məmmədov təmsil edib. İdmançımız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
1-3 fevral 2019-cu il tarixlərində isə Bakı Əl Oyunları Sarayında gənclər arasında sambo üzrə ölkə birinciliyi keçirilib. İdmançımız Abdulla İsmayılov 100 kiloqram çəki dərəcəsində fəxri kürsün ən yüksək zirvəsinə qalxıb.