Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib.
Yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb. 8 çəki dərəcəsində keçirilən birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 3 idmançısı da iştirak edib.
İdmançılarımızdan Abdulla İsmayılov 100 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.
Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən sərbəst güləş üzrə Açıq Kubok yarışı keçirilib.
Turnirdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq-da çıxış edən yeniyetmə sərbəst güləşçilər mübarizə aparıblar. Ölkənin 30-dan artıq klub və cəmiyyətlərindən 200-dən artıq idmançı yarışda qüvvəsini sınayıb.
Açık Kubok turnirində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları da iştirak edərək qaliblər sırasına adlarına yazdırıblar. Belə ki, 55 kiloqram çəki dərəcəsində Camal Qasımov fəxri kürsün ən yüksək zirvəsinə qalxıb. 60 kiloqram çəki dərəcəsində isə Kamal Qasımov gümüş medal qazanıb.
Qalib idmançılarımız medal və diplomlarla təltif ediliblər.
26 iyul 2019-cu il tarixdə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmə və gənclər (2003-2005-ci illər) arasında yunan-roma güləşi üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək birinciliyin keçirilmə məqsədi haqqında idmançılara geniş məlumat vermiş və onlara qalibiyyət sevinci arzulamışdır. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 9 çəki dərəcəsi üzrə 50 idmançı öz qüvvələrini sınamışlar. Birinciliyin yekununa əsasən, Nicat Ocaqquliyev 35 kq, Elmir Zamanov 38 kq, İlkin Əliyev 41 kq, Samir Bağırzadə 44 kq, Tuncay Məmmədov 47 kq, Uğur Məmmədov 52 kq, Nuruağa Əhmədov 57 kq, Kəramət Xudiyev 62 kq və Rəvan Bayramov 85 kq çəki dərəcələrində I yerlərə layiq görülmüşlər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilmişdir.
Tovuz Olimpiya İdman Kompleksində 2 iyul – Azərbaycan Polisi Gününə həsr olunmuş cüdo üzrə 2003-2005-ci illər təvəllüdlü yeniyetmələr arasında respublika turniri keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Abbas Məmmədov da iştirak edib. 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü olub.
Cüdoçumuza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.
19-26 iyun 2019-cu il tarixlərdə Türkiyənin Rizə şəhərində cüdo üzrə təlim-məşq toplanışı keçirilib.
Həmin təlim-məşq toplanışında Azərbaycan komandasının tərkibində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının iki idmançısı da iştirak edib. Təlim-məşq toplanışı bitdikdən sonra 27 iyun 2019-cu il tarixdə Trabzon şəhərində cüdo üzrə Qaradəniz turniri keçirilib. Turnirdə iştirak edən iki idmançımız uğurlu nəticələrlə adlarını qaliblər sırasına yazdırıblar. Belə ki, Rauf Cabbarov 55 kiloqram çəki dərəcəsində, Qalib Qaybalıyev isə 50 kiloqram çəki dərəcəsində gümüş medal qazanıblar.
Qaliblər diplom və medallarla mükafatlandırılıblar.