İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində Gənclər Günü münasibətilə yeniyetmə və gənclər (2003-2005-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 50-ə yaxın idmançı çıxış edib. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa əsasən, Nicat Ocaqquliyev (35 kiloqram), Bağır Bağırzadə (38 kiloqram), Samir Bağırzadə (41 kiloqram), Rəvan Novruzov (44 kiloqram), Uğur Məmmədov (47 kiloqram), Turqay Allahverdiyev (52 kiloqram), Kəramət Xudiyev (57 kiloqram), Heydər Nəcəfov (62 kiloqram), Ayxan İsmayılov (68 kiloqram), Ramazan Kərimov (75 kiloqram) və Rəvan Bayramov (85 kiloqram) öz çəki dərəcəsində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.
Abşeron Olimpiya-İdman Kompleksində sərbəst güləş üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.
Birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də mübarizə aparıb. İdmançılarımızdan 51 kiloqram çəki dərəcəsində Kamal Qasımov bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Dadaş Dadaşzadə isə 80 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.
Eyni zamanda “Sərhədçi” Olimpiya-İdman Kompleksində keçirilən cüdo üzrə Bakı şəhər açıq birinciliyinə də yekun vurulub. İki gün davam edən paytaxt birinciliyində 28 klubdan 277 gənc cüdoçu (247 oğlan və 30 qız) medallar uğrunda mübarizə aparıb. İdmançımız Abdulla İsmayılov 100 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.
İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2007-2009-cu illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək yarışın qaydaları haqqında danışıb, idmançılara uğurlar arzulayıblar.
Güləş Federasiyası ilə Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə 10 çəki dərəcəsi üzrə 70-dən çox idmançı iştirak edib. Açıq birincilikdə Naxçıvan şəhərinin cüdoçuları ilə yanaşı Culfa rayonunun idmançıları da mübarizə aparıblar.
Cüdonun mövcud qaydalarına əsasən keçirilən açıq birinciliyin yekununa əsasən, Yusif Əhmədli (23 kiloqram, Naxçıvan), Rəhim Qaybalıyev (27 kiloqram, Naxçıvan), Qurban Məmmədli (30 kiloqram, Culfa), İlham Məmmədli (34 kiloqram, Culfa), Yusif Quliyev (38 kiloqram, Culfa), Asiman Muradov (42 kiloqram, Culfa), Faiq Məmmədli (46 kiloqram, Naxçıvan), Əli Cəfərzadə (50 kiloqram, Naxçıvan), Üfüq Ələkbərov (55 kiloqram, Naxçıvan) və Sadiq Həsənzadə (60 kiloqram, Naxçıvan) birinci yerlərə layiq görülüblər.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar diplomla təltif olunublar.
Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turniri keçirilib.
"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
Yarışda 80 klubdan 612 cüdoçu medallar uğrunda mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Paşa Ələkbərov birinciliyin bürünc medalını qazanıb. İdmançımız bu uğura 50 kiloqram çəki dərəcəsində nail olub.
Respublika birinçiliyində fərqlənən yeniyetmələrə medallar, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub.
Qeyd edək ki, yeniyetmə cüdoçuların ölkə birinciliyində fərqlənənlər milli komandanın heyətinə cəlb olunacaqlar.