Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Cüdo üzrə beynəlxalq turnirə yekun vurulub

Muxtar respublikada cüdo üzrə beynəlxalq turnir keçirilib

         Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, Azərbaycan Cüdo Federasiyası və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən cüdo üzrə beynəlxalq  turnir keçirilib.

         Turnir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

         Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov turnir iştirakçılarını salamlayaraq bildirib ki, cüdo üzrə beynəlxalq turnirin xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunması onun əhəmiyyətini daha da artırır. Ona görə ki, Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə ­bağlıdır. Ulu öndərin ölkəmizə         rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafı diqqətdə saxlanılmışdır. İdman sahəsində maddi-texniki baza yaxşılaşdırılmış, idman kompleksləri tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdır. Əsası ümummilli ­lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, idmançılarımız beynəlxalq yarışlarda böyük uğurlar qazanırlar.

         Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. İdmanın inkişafına göstərilən dövlət qayğısı, yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri gənclərin idmana olan marağını artırıb, ­peşəkar idmançıların yetişməsini təmin edib. Müasir idman infra­strukturunun, eləcə də perspektivli idmançıların mövcudluğu muxtar respublikada müxtəlif səviyyəli idman yarışlarının keçirilməsinə imkan verir.

         “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnirdə 100-dən çox idmançının          9 komanda tərkibində çıxış etməsi beynəlxalq turnirə marağın böyük olduğunun göstəricisidir”, – deyən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə beynəlxalq turnirin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib, yarışda iştirak edən idmançılara qələbə arzulayıb.

         Azərbaycan Respublikası gənc­lər və idman nazirinin müavini ­İsmayıl İsmayılov çıxış edərək bildirib ki, Azərbaycanda idman ənənələrinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz ulu öndərin diqqət və qayğısı nəticəsində ölkənin bütün regionlarında olimpiya-idman kompleksləri tikilərək idmançıların ixtiyarına verilib. İsmayıl İsmayılov yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

         Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən cüdo üzrə beynəlxalq  turnir açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

         Açılış mərasimi bədii hissə ilə davam edib.

         Turnirdə Gürcüstan, Türkiyə və Rusiya komandaları, eləcə də ölkəmizin Bakı, Sumqayıt, Gəncə, Qəbələ, Naxçıvan və Culfa komandaları mübarizə aparıblar. Olimpiya sistemi üzrə təşkil edilən beynəlxalq turnirin final görüşündə Naxçıvan Muxtar Respublikası və Gürcüstan komandaları üz-üzə gəliblər. Gərgin keçən görüş naxçıvanlı cüdoçuların qələbəsi ilə başa çatıb. Türkiyə və Bakı komandaları isə turnirin bürünc ­medalını qazanıblar.

         Sonda qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar.

         Mükafatları Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdim ediblər.

         Bununla da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən cüdo üzrə beynəlxalq turnir başa çatıb.

Cüdo komandamız yarımfinala yüksəlib

 

 

 

Xaçmaz rayonunda cüdo üzrə 15 yaşlılardan ibarət komandaların Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda yarışı keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının cüdo komandası da mübarizə aparıb. 
Regionlar üzrə keçirilən yarışda komandamız 114 xal toplayıb. Həmin nəticəyə əsasən 15 yaşlılardan ibarət cüdo komandamız kubok yarışını üçüncü pillədə başa vuraraq yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, yarım­final mərhələsi bu il iyunun 1-2-də Şamaxı rayonunda keçiri­ləcək.

 

 

 

Şəhər birinciliyində makafatçılar məlum olub

 

 

 

21 aprel 2018-ci il tarixdə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında azyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirmişdir ki, bu yarışı keçirməkdə məqsədimiz idmançıları zərərli vərdişlərdən kənarlaşdırmaq və onları idmana cəlb etməkdən ibarətdir. Sonra isə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat vermiş və yarışa start verilmişdir. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 60 idmançı öz qüvvələrini sınamışlar. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə, Turqay Məmmədli, Ayxan Sərxanlı, Namiq Əlizadə, Uğur Cəfərov, Xəzər Abdullayev, Eldar Abdullayev, Onur Əlizadə, Elxan Əhmədli, Süleyman Məmmədov, Bayram Allahverdi və Murad Mirzəmmədov müvafiq olaraq 26, 29, 32, 35, 38, 42, 47, 51, 54, 58 və 63 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi adını qazanmışlar. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılmışdır.

 

 

 

Cüdoçumuz beynəlxalq turnirdə qızıl medal qazanıb

 

 

 

Dağıstan Respublikasının Dərbənd şəhərində Rusiya Federasiyasının əməkdar məşqçisi Sadiq Abdulovun xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi də iştirak edib. Belə ki, 2003-2005-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda federasiyanın yetirməsi Əli Əlizadə tatami üzərinə çıxıb.
60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq, turnirin qalibi adını qazanıb.
Sonda qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom, medal və kubok təqdim edilib.

 

 

 

Cüdo üzrə seminar və muxtar respublika birinciliyi keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının birgə təşkilatçılığı ilə məşqçi-müəllimlər və idmançılar üçün taktiki-texniki seminar keçirilib.
Naxçıvan şəhər Uşaq-Gənclər İdman Məktəbində keçirilən seminarda Azərbaycan Cüdo Federasiyasının regionlar üzrə kuratoru, 2 qat Avropa çempionu Tərlan Poladov, cüdo üzrə Azərbaycan yığma komandasının köməkçi-məşqçisi Vüsal Cəfərov və beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov iştirak ediblər. Seminarda idmançıların yarışa hazırlıq prosesi, çəki və qidalanmalarına nəzarət barədə təlimatlar verilib, məşqçilərin yarışlarda tələbələrini idarəetmə bacarığı, özünüaparma qaydaları geniş müzakirə olunub. Tədbirdə cüdo idman növündə qəbul edilən yeni qaydalar iştirakçılara nəzəri və praktik olaraq izah edilib.
Dünən 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmələr arasında (2003-2005-ci illər) cüdo üzrə Naxçıvan Muxtar Respublika birinciliyi də keçirilib. Birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov bildirib ki, bu idman növünün inkişafı üçün muxtar respublikada hər cür şərait yaradılıb. Cüdonun Naxçıvanda sevilməsinin əsas səbəblərindən biri də məhz budur. Bundan yararlanmaq və gələcəkdə böyük uğurlar qazanmaq üçün məşqlərə daha ciddi şəkildə yanaşmaq lazımdır.
Azərbaycan Cüdo Federasiyasının regionlar üzrə kuratoru Tərlan Poladov seminarı və birinciliyi təşkil edənlərə öz minnətdarlığını bildirərək deyib ki, əsas məqsədimiz Azərbaycanda cüdonun inkişafına nail olmaqdır.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov isə çıxışında yarışın mahiyyəti, eləcə də ölkəmizdə və muxtar respublikada idmanın inkişafı istiqamətində görülən işlərdən danışıb.
Sonra yarışa start verilib. Birincilikdə Naxçıvan şəhər idmançıları ilə yanaşı, digər rayon cüdoçuları da mübarizə aparıblar. Yarışda 10 çəki dərəcəsi üzrə 100-dən çox idmançı qüvvəsini sınayıb.
Nəticəyə əsasən, Səid Seyidov (30 kiloqram, Naxçıvan), Cəfər Məmmədli (34 kiloqram, Culfa), Osman Məmmədov (38 kiloqram, Culfa), Ayxan İsmayılzadə (42 kiloqram, Şərur), Abbas Məmmədov (46 kiloqram, Culfa), Fuad Əşrəfli (50 kiloqram, Naxçıvan), Emil Nəzərov (55 kiloqram, Culfa), İsmayıl Abbasov (60 kiloqram, Naxçıvan), Coşqun Əliyev (66 kiloqram, Naxçıvan) və Elamin Zeynalov (66+ kiloqram, Heydər Əliyev adına Hərbi Lisey) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda I, II və III yeri tutan idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.