Balakən Olimpiya-İdman Kompleksində məktəblilər arasında sərbəst güləş üzrə XI respublika oyunları keçirilib.
Oyunlarda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də mübarizə aparıb. 3 gün davam edən respublika oyunlarında güləşçilərimiz uğurlu çıxış edib. Belə ki, 59 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan Heydər Nəcəfov bütün rəqiblərini məğlub edərək respublika oyunlarının qalibi olub. Eyni uğuru 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Nürəddin Əliyev də qazanıb. O, bütün rəqiblərini üstələyərək oyunların baş mükafatını qazanıb.
Sonda hər iki idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə yeniyetmələr (2005-2007-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində keçirilən birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov idmançıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, yarışın qaydaları haqqında məlumat veriblərş
Hər iki qurumun təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı mübarizə aparıb. Birinciliyin yekun nəticəsinə əsasən Nicat Ocaqquliyev, Yəhya Paşayev, Tuncay Məmmədov, Ramal Kələşov, Ləzgi Xudadanlı, Fərid Rzayev, Süleyman Məmmədov, Əli Cəfərov, Allahverdi Bayram və Ayxan İsmayılov müvafiq olaraq 29, 32, 35, 38, 42, 46, 50, 58, 63 və 66 kiloqram çəki dərəcələrində birinci yerlərə layiq görülüblər.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
Tovuz rayonunda yeniyetmələrin XI respublika oyunları çərçivəsində cüdo yarışlarına yekun vurulub.
Turnirin açılış mərasimində Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin rəsmiləri, tanınmış mütəxəssislər çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayıblar. Natiqlər cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkil etdiyi yarışda 34 klubdan 131 oğlan və 40 qız cüdoçu medallar uğrunda mübarizə aparıb.
Yarışın ilk günü qızlarda bütün çəki dərəcələrində (28, 32, 36, 40, 44, 48, 52, 57, 63 və +63 kiloqram) qaliblər müəyyənləşib. Oğlanların mübarizəsində isə 34, 38, 42, 46, 50, 55, 60, 66, 73 və +73 kiloqram çəki dərəcələrində yarışan cüdoçular arasında qaliblərin adına aydınlıq gəlib.
Keçirilən yarışda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də iştirak edib. Belə ki, 46 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Fuad Əşrəfli final görüşünə kimi bütün rəqiblərinə qalib gəlib. Son görüşdə Qusar cüdoçusu Ərəbxan Ramazanova məğlub olan idmançımız yeniyetmələrin cüdo üzrə respublika oyunlarında gümüş medal qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.
11 noyabr 2017-ci il tarixdə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “17 noyabr-Milli Dirçəliş günü” münasibətilə yeniyetmələr (2002-2004-cü illər) arasında yunan-roma güləşi üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov Dirçəliş günü haqqında idmançılara geniş məlumat vermiş və onlara qalibiyyət sevinci arzulamışdır. Sonra Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək idmançılara yarışın qaydalarını xatırlatmış və onlara uğurlar arzulamışdır. Naxçıvan MR Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 50-ə yaxın idmançı qüvvəsini sınamışdır. Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Mirsamir Seyidov, Rəvan Novruzov, Turqay Allahverdiyev, Hüseyn Əhmədli, Seymur Qasımov, Heydər Nəcəfov, Abbas Nəzərəliyev, Anar Həsənov, Rəvan Bayramov və Qoca Əhmədov müvafiq olaraq 35, 38, 42, 46, 50, 54, 58, 63, 69 və 76 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olmuşlar. Sonda hər çəki dərəcəsində yer tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılmışlar.
20-21 oktyabr 2017-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr (2001-2003, 2004-2006-cı illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən-tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov tədbiri açıq elan etmiş və idmana göstərilən dövlət qayğısından danışmışdır. Daha sonra çıxış edənlər yarışın keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat vermiş və yarışa start verilmişdir. Açıq birinciliyi Naxçıvan MR Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi birgə təşkil etmişdir. Naxçıvan şəhər idmançıları ilə yanaşı Şərur və Culfa rayon idmançılarının da iştirak etdiyi açıq birincilikdə 2 yaş qrupunda 18 çəki dərəcəsi üzrə 120-dən çox idmançı öz güclərini sınamışlar. Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda 2001-2003-cü il təvəllüdlü idmançılar arasında Abbas Məmmədov (46 kq-Culfa), İsmayıl Musayev (50 kq-Naxçıvan), Sənan Hüseynov (55 kq-Culfa), Vüqar Allahverdiyev (60 kq-Naxçıvan), Elsevər Məmmədov (66 kq-Culfa), Elamin Zeynalov (73 kq-Naxçıvan), Emil Quliyev (81 kq-Naxçıvan), Səttar Rəhimli (-90 kq-Naxçıvan), Nihad Əliyev (90 kq-Şərur), 2004-2006-cı il təvəllüdlü idmançılar arasında isə, Cəfər Məmmədli (34 kq-Culfa), Həmzə Rəhimli (38 kq-Naxçıvan), Sənan Cəfərov (42 kq-Naxçıvan), Fuad Əşrəfli (46 kq-Naxçıvan), Murad Hüseynov (50 kq-Culfa), Əli Heydərov (55 kq-Naxçıvan), İsmayıl Abbaslı (60 kq-Naxçıvan), Cəbrayıl Hüseynov (66 kq-Naxçıvan) və İsmayıl Fərəcov (73 kq-Şərur) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olmuşlar. Komanda hesabında isə Naxçıvan komandası I yerə, Culfa komandası II yerə, Şərur komandası isə III yerə layiq görülmüşdür. Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları, Naxçıvan MR Güləş Federasiyasının isə medalları ilə mükafatlandırılmışlar.