20-21 oktyabr 2017-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr (2001-2003, 2004-2006-cı illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən-tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov tədbiri açıq elan etmiş və idmana göstərilən dövlət qayğısından danışmışdır. Daha sonra çıxış edənlər yarışın keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat vermiş və yarışa start verilmişdir. Açıq birinciliyi Naxçıvan MR Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi birgə təşkil etmişdir. Naxçıvan şəhər idmançıları ilə yanaşı Şərur və Culfa rayon idmançılarının da iştirak etdiyi açıq birincilikdə 2 yaş qrupunda 18 çəki dərəcəsi üzrə 120-dən çox idmançı öz güclərini sınamışlar. Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda 2001-2003-cü il təvəllüdlü idmançılar arasında Abbas Məmmədov (46 kq-Culfa), İsmayıl Musayev (50 kq-Naxçıvan), Sənan Hüseynov (55 kq-Culfa), Vüqar Allahverdiyev (60 kq-Naxçıvan), Elsevər Məmmədov (66 kq-Culfa), Elamin Zeynalov (73 kq-Naxçıvan), Emil Quliyev (81 kq-Naxçıvan), Səttar Rəhimli (-90 kq-Naxçıvan), Nihad Əliyev (90 kq-Şərur), 2004-2006-cı il təvəllüdlü idmançılar arasında isə, Cəfər Məmmədli (34 kq-Culfa), Həmzə Rəhimli (38 kq-Naxçıvan), Sənan Cəfərov (42 kq-Naxçıvan), Fuad Əşrəfli (46 kq-Naxçıvan), Murad Hüseynov (50 kq-Culfa), Əli Heydərov (55 kq-Naxçıvan), İsmayıl Abbaslı (60 kq-Naxçıvan), Cəbrayıl Hüseynov (66 kq-Naxçıvan) və İsmayıl Fərəcov (73 kq-Şərur) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olmuşlar. Komanda hesabında isə Naxçıvan komandası I yerə, Culfa komandası II yerə, Şərur komandası isə III yerə layiq görülmüşdür. Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları, Naxçıvan MR Güləş Federasiyasının isə medalları ilə mükafatlandırılmışlar.