Güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Əsgərxan Novruzov Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasında olub. O, yeniyetmə güləşçilər üçün ustad dərsləri keçib.
xçıvan şəhər İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı idmançılar (2007-2009-cu illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, bu yarışı keçirməkdə məqsədimiz idmançıları zərərli vərdişlərdən kənarlaşdırmaq və onları idmana cəlb etməkdən ibarətdir. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat verib və idmançılara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 50-ə yaxın idmançı öz qüvvələrini sınayıb. Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə, Samir Əliyev, Turqay Məmmədli, Məhəmməd İsmayılov, Namiq Əlizadə, Polad Məmmədzadə, Xəzər Abdullayev, Sadiq Məmmədov, Süleyman Məmmədov, Elxan Əhmədli və İlkin Həziyev müvafiq olaraq 20, 23, 26, 29, 32, 35, 38, 47, 53 və 59 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.
Bu gün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir ki, bu da özünü əldə olunan uğurlu nəticələrdə göstərir. Ötən illər ərzində idman infrastrukturu yenilənib, maddi-texniki baza gücləndirilib. Hazırda muxtar respublikamızın bütün bölgələrində dünya standartlarına cavab verən Olimpiya-İdman kompleksləri, idman zalları tikilib istifadəyə verilib, ölkədə qısa müddətdə güclü idman infrastrukturu yaratmağın Naxçıvan modeli formalaşıb.
Bunun səbəbi isə mütəmadi olaraq idmanın və idmançıların diqqətdə saxlanılmasıdır. Naxçıvanda fəaliyyət göstərən idman obyektləri, demək olar ki, hər il yeni avadanlıqlarla təmin olunur. Bunlardan biri də Naxçıvan şəhər İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbidir. Sərbəst, yunan-Roma güləşi, cüdo və sambo idman növlərini uşaq və gənclərə öyrədən məktəb yenidən təmir olunur. Hazırda məktəbin zalında təmir işləri başa çatıb, burada idman avadanlıqları qurulub. Həmçinin zal yeni cüdo tatamisi ilə təmin edilib.
Qeyd edək ki, bu gün məktəbdə 500-ə yaxın uşaq və yeniyetmə 4 idman növü ilə məşğul olur.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri beynəlxalq turnirdə uğura imza atıblar.
Belə ki, 8-20 avqust tarixlərində Türkiyənin Sakarya şəhərində valilik kuboku uğrunda cüdo üzrə “Zəfər həftəsi” beynəlxalq turniri keçirilib.
Naxçıvan cüdo məktəbinin yetirmələri uğurlu çıxışları ilə hamının diqqətini cəlb edib. 42 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Abbas Məmmədov finala kimi bütün rəqiblərini məğlub edib. Həlledici görüşdə üstünlüyü əldən verən idmançımız beynəlxalq turniri gümüş medalla başa vurub. Komandamıza gümüş medal qazandıran digər cüdoçu Aqil Musayev olub. O, 90 kiloqram çəki dərəcəsində bu uğura imza atıb.
Sonda idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.
İdman insanların fiziki inkişaf səviyyəsini qiymətləndirmək vasitəsi kimi meydana çıxan ümumbəşəri mədəniyyətin tərkib hissəsi hesab edilir, mədəni ünsiyyət qurmaq bacarığını aşılayır, insanı mənən ucaldır. Bu baxımdan uşaq və gənclərin fiziki, həm də mənəvi cəhətdən inkişafında idmanın rolu danılmazdır. Bu gün onların idmana cəlb edilməsində təhsil müəssisələri, idman məktəbləri böyük rol oynayır. Haqqında danışacağımız İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbi belə idman ocaqlarından biridir.
Uşaq və gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzi keçirmələri, fiziki və mənəvi cəhətdən kamilləşmələri istiqamətində işini günün tələbləri səviyyəsində quran Uşaq-gənclər idman məktəbi muxtar respublikada fəaliyyət göstərən nümunəvi idman müəssisələrindən biridir.
Məktəbdə 4 idman növü üzrə 500-dən çox idmançı 19 məşqçi-müəllimin rəhbərliyi ilə idmanla məşğul olur. Məktəbin direktoru Faiq İsgəndərov bizimlə söhbətinə əvvəlcə ölkəmizdə gənclərə qayğı ilə yanaşıldığından söz açdı. O dedi: “Muxtar respublikada istər elm və təhsil, istər idman, istərsə də mədəniyyət, incəsənət və digər sahələrdə bacarıqlı, istedadlı gənclər kifayət qədərdir. Onların üzə çıxarılması, həvəsləndirilməsi, vətənpərvər, sağlam ruhda böyüdülməsi mühüm əhəmiyyət daşıyır. Bu gün gənclərə böyük diqqət və qayğı göstərilir, bu istiqamətdə həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, muxtar respublikada idmanla məşğul olmaq istəyənlərin sayı gündən-günə artır. Çünki uşaq və gənclərə diqqət və qayğının göstərildiyi, güclü idman infrastrukturunun yaradıldığı bir regionda idmanla məşğul olmamaq qeyri-mümkündür. Dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə əldə edilən uğurlar deməyə əsas verir ki, idmançılarımız onlara göstərilən qayğıya öz əməli işləri ilə cavab verir, öz üzərlərində daim işləyir, yeni-yeni nailiyyətlər əldə edirlər”.
Faiq İsgəndərovla söhbət zamanı uşaqların məktəbə qəbulu barəsində də məlumat aldıq. O bildirdi ki, burada sərbəst və yunan-Roma güləşi, cüdo, sambo idman növləri üzrə məşqlərə uşaqlar 9 yaşından cəlb edilirlər. Onun sözlərinə görə, qarşıya qoyulan məqsəd bu idman növlərini muxtar respublikada geniş yaymaq və təbliğ etməkdir. Bu gün idmançılar üçün hər cür şərait yaradılıb və bu, öz müsbət nəticələrini verir. Belə ki, məktəb Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyası tərəfindən yeni güləş döşəkləri ilə təmin edilib. Uşaq-gənclər idman məktəbi ilin hər ayında ənənəvi olaraq açıq birinciliklər təşkil edir. Yarışların keçirilməsində məqsəd uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların idmana cəlb edilməsi, eyni zamanda idmançıların yarış təcrübəsini artırmaqdır.
Bu ilin ilk 6 ayı ərzində Uşaq-gənclər idman məktəbi üçün uğurlarla yadda qalıb. Məktəbin idmançıları bir sıra respublika və beynəlxalq miqyaslı turnirlərdə əzmlə çıxış edərək, yüksək nəticələr qazanıblar. Belə ki, məktəbin yetirmələri Balakən rayonunda sərbəst güləş üzrə yeniyetmələr arasında XI Respublika Oyunlarında mübarizə aparıblar və Əziz İsmayılovla Qoca Əhmədov mükafatçılar sırasında öz yerlərini alıblar. Qobustan Olimpiya-İdman Kompleksində 28 May – Respublika Gününə həsr olunmuş 2001-2003, 2004-2006-cı illər təvəllüdlü yeniyetmələr arasında keçirilən cüdo üzrə Qobustan rayon açıq birinciliyində isə Abbas Məmmədov ikinci, Cəfər Məmmədli üçüncü olub. 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş cüdo üzrə Şirvan şəhər açıq birinciliyində məktəbin üç yetirməsi – Elsevər Məmmədov (birinci yer), Abbas Məmmədov və Səfər Məmmədov (hər ikisi üçüncü yer) uğurlu çıxış ediblər.
Bundan başqa, İran İslam Respublikası Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində sərbəst güləş üzrə beynəlxalq turnirdə də idmançılarımız uğurlu nəticələr əldə ediblər. Belə ki, 11 komandanın iştirak etdiyi yarışda Naxçıvan Muxtar Respublikasının 16 yaşdan yuxarı olan güləşçilərinin komandası bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıblar. 16 yaşadək olan güləşçilərimiz isə ikinci yeri tutublar.
Müasir dövrümüzdə gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması mühüm əhəmiyyət kəsb edir. İdman və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi, bu sahəyə daha çox uşaq və gənclərin cəlb olunması nəticəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, həmçinin nazirliyin nəzdində fəaliyyət göstərən idman bölmələri, idarələri mütəmadi olaraq işlər görür, turnirlər, yarışlar təşkil edirlər. Bu da Naxçıvanı idman sahəsində təmsil edən perspektivli idmançıların və sağlam gənc nəslin yetişdirilməsində böyük rol oynayır.
"Şərq qapısı" qəzeti