Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan federasiyanın sədr müavini Faiq İsgəndərov bildirib ki, 2016-cı ildə Güləş Federasiyası tərəfindən muxtar respublika, şəhər (rayon) birincilikləri və çempionatları təşkil olunub, yeniyetmə və gənclərin bu növə cəlb edilməsi üçün müəyyən işlər görülüb. Bunun nəticəsidir ki, bu gün muxtar respublika üzrə 111 qrupda 1437 idmançı güləşin sirlərini öyrənir. Federasiyanın idmançıları bəhs olunan dövrdə 6 beynəlxalq, 2 respublika səviyyəli turnirdə, 6 Azərbaycan, 3 Naxçıvan Muxtar Respublika birinciliklərində, əlamətdar və tarixi günlərlə əlaqədar keçirilən 12 daxili birincilikdə iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının məşqçi-müəllimi Hikmət Hüseynov gələcəkdə keçiriləcək tədbirlər, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının rəhbəri Canməmməd Canməmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə verilmiş tapşırıqlar haqqında tədbir iştirakçılarına məlumat veriblər.
21 Yanvar 2017-ci il tarixdə. "Zərəli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında keçirilən kiçikyaşlı yeniyetmələr (2006-2007) arasında cüdo üzrə I.Hümbətov adına Uşaq Gənclər Idman Məktəbində daxili birinciliyi keçirilmişdir.Birinciliyi Məktəbin Direktoru Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov tədbirin məqsəd və vəzifələri haqqında danışmış və idmançılara qalibiyyət sevinci arzulamışdır. 9 çəki dərəcəsi üzrə 40- a yaxın idmançı iştirak etmişdir. Hər çəki dərəcəsində yer tutan idmançılara Uşaq Gənclər Idman Məktəbinin diplomları təqdim edilmişdir.
Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbinin zalında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 2003-2005-ci illər təvəllüdlü güləşçilər arasında birincilik keçirilib.
50-dən çox pəhləvanın mübarizə apardığı yarışın açılış mərasimində çıxış edən Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın qaydaları haqqında idmançılara məlumat verib və onları bayram münasibətilə təbrik edib.
Beynəlxalq Güləş Federasiyasının qaydalarına uyğun olaraq təşkil edilən birincilikdə idmançılar 10 çəki dərəcəsində mübarizə aparıblar. Yekun nəticəyə əsasən, Nicat Ocaqquliyev (26 kiloqram), Mirsamir Seyidov (32 kiloqram), Uğur Məmmədov (35 kiloqram), Fərid Rzayev (38 kiloqram), Kəramət Xudiyev (42 kiloqram), Yasin Cəfərov (47 kiloqram), Heydər Heydərov (53 kiloqram), Ayxan İsmayılov (59 kiloqram), Rəvan Bayramov (66 kiloqram) və Ramazan Əliyev (73 kiloqram) öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda qalib idmançılara diplomlar təqdim edilib.
Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə yeniyetmələr (2000-2002-ci illər təvəllüdlülər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək idmançıları qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov idmançılara uğurlar arzulayıb.
Birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı mübarizə aparıb. Yarışın yekununa əsasən, Hüseyn Əhmədli, Rasim Həsənov, Turqut Abdullayev, Sahil İsmayılov, Bəhlul Əsgərli, Orxan Ələkbərov, Altay Zeynalov, Qoca Əhmədov, Musa Mehdiyev və Nail Nuriyev müvafiq olaraq 42, 46, 50, 54, 58, 63, 69, 76, 84 və 100 kiloqram çəki dərəcələrində birinci yerlərə layiq görülüblər.
Hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibətilə kiçikyaşlı yeniyetmələr (2002 - 2004-cü illər) arasında sambo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Yarışdan öncə çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov yarışın keçirilmə məqsədi haqqında idmançılara geniş məlumat verib. Sonra Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək idmançılara qələbələr arzulayıb.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 9 çəki dərəcəsi üzrə 50-ə yaxın idmançı mübarizə aparıb. Beynəlxalq Sambo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Məhəmməd İsayev, Abbas İsfəndiyarov, Məhəmməd Şirinov, Zahid Əhmədov, Fuad Əşrəfli, Məhəmməd Həsənov, İsmayıl Abbaslı, Ayaz Əliyev və Aqşin Rüstəmov müvafiq olaraq 30, 34, 38, 42, 46, 50, 55, 60 və 66 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.