Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan federasiyanın sədr müavini Faiq İsgəndərov bildirib ki, 2016-cı ildə Güləş Federasiyası tərəfindən muxtar respublika, şəhər (rayon) birincilikləri və çempionatları təşkil olunub, yeniyetmə və gənclərin bu növə cəlb edilməsi üçün müəyyən işlər görülüb. Bunun nəticəsidir ki, bu gün muxtar respublika üzrə 111 qrupda 1437 idmançı güləşin sirlərini öyrənir. Federasiyanın idmançıları bəhs olunan dövrdə 6 beynəlxalq, 2 respublika səviyyəli turnirdə, 6 Azərbaycan, 3 Naxçıvan Muxtar Respublika birinciliklərində, əlamətdar və tarixi günlərlə əlaqədar keçirilən 12 daxili birincilikdə iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının məşqçi-müəllimi Hikmət Hüseynov gələcəkdə keçiriləcək tədbirlər, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının rəhbəri Canməmməd Canməmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə verilmiş tapşırıqlar haqqında tədbir iştirakçılarına məlumat veriblər.