Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Birincilik başa çatıb

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazir­liyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub. 

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışda idmançılar 8 çəki dərəcəsində mübarizə aparıblar. Dünya Güləş Birliyinin mövcud qaydaları üzrə təşkil olunan birincilikdə 60-dan çox güləşçi 2 gün ərzində qalibləri müəyyənləşdirməyə çalışıb. 
Birinciliyin yekun nəticəsinə əsasən, 57 kiloqram çəki dərəcəsində Murad Quliyev qalib adını qazanıb. 61 kiloqram çəki dərəcəsində isə Sadiq Səfərov bu ada layiq görülüb. 65 kiloqram çəki dərəcəsində Ural Hüseynov, 70 kiloqram çəki dərəcəsində Məhərrəm Quliyev birincilikdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 74 kiloqram çəki dərəcəsində Məzahir İsmayılov Yasin Quliyevə, 86 kiloqram çəki dərəcəsində Salam Qəribov Əli Muradova, 97 kiloqram çəki dərəcəsində Elməddin Abdullayev Röyal Nəcəfova qalib gələrək birinciliyin baş mükafatını qazanıblar. Ən ağır çəki dərəcəsində – 125 kiloqram çəki dərəcəsində isə Bahadur Əhmədov çətin görüşdə Salamullah İbrahimovu üstələməyi bacarıb.
Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Güləş Federasiyasının hədiyyələri təqdim olunub.

 

 

 

 

Sərbəst güləş üzrə muxtar respublika birinciliyinin açılış mərasimi keçirilmişdir

 

 

 

Oktyabrın 28-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyinin açılış mərasimi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov açılış mərasimində çıxış edərək demişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, idmana dövlət qayğısı artmış, onun maddi-texniki bazası daha da möhkəmləndirilmiş, müstəqil Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmışdır. Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Naxçıvanda olimpiya-idman komplekslərinin, idman məktəblərinin, stadionların, muxtar respublikanın bütün məktəblərində idman zallarının tikilməsi gənclərin idmana marağını artırmış, istedadlı idmançıların yetişməsini təmin etmişdir. Müasir idman infrastrukturunun, istedadlı idmançıların olması muxtar respublikada beynəlxalq turnirlərin, mötəbər idman yarışlarının keçirilməsinə əlverişli şərait yaratmışdır. Bütün bunlar həm də muxtar respublika idmançılarının müxtəlif yarışlarda, beynəlxalq turnirlərdə uğurla çıxış etməsinə imkan vermişdir. 
Bu sahədə yaradılmış güclü maddi-texniki bazanın idmana göstərilən dövlət qayğısının nəticəsi olduğunu bildirən Azər Zeynalov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyini açıq elan etmişdir.
Sonra yarışlara start verilmişdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi və iki gün davam edəcək birincilikdə 60-dan çox güləşçi iştirak edir. İdmançılar 57, 61, 65, 70, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində birincilik uğrunda mübarizə aparırlar. Yarışın ilk günündə finalçıların adları məlum olmuşdur. Belə ki, 57 kiloqram çəki dərəcəsində Vəhdəd Əsədov, Murad Quliyev, 61 kiloqram çəki dərəcəsində Emin Məmmədov, Sadiq Səfərov, 65 kiloqram çəki dərəcəsində Uzal Hüseynov, Hüseyn Hacıyev, 70 kiloqram çəki dərəcəsində Oruc Bayramov, Məhərrəm Quliyev, 74 kiloqram çəki dərəcəsində Yasin Quliyev, Məzahir İsmayılov, 86 kiloqram çəki dərəcəsində Əli Muradov, Salam Qəribov, 97 kiloqram çəki dərəcəsində Röyal Nəcəfov, Elməddin Abdullayev, 125 kiloqram çəki dərəcəsində isə Bahadur Əhmədov və Salamullah İbrahimov həlledici görüşdə iştirak etmək hüququ ­qazanmışlar. 
Güləşçilər Cəmşid Naxçıvanskinin ev-muzeyini də ziyarət etmişlər.

 

 

 

Cüdoçumuz bu dəfə Gürcüstanda bayrağımızı dalğalandırdı

 

 

 

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Abbas Məmmədov beynəlxalq turnirlərdə qazandığı uğurlu nəticələri davam etdirməkdədir. Cüdoçumuz bu dəfə Gürcüstanin Zuqdidi şəhərində keçirilən beynəlxalq turnirdə mübarizə aparıb. 38 kiloqram çəki dərəcəsində tatamiyə çıxan idmançımız bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıb.

Sonda idmançımıza təşkilatçılar tərəfindən diplom, medal və kubok təqdim edilib.

 

 

 

Cüdo birinciliyinə yekun vurulub

 

 

 

9 sentyabr 2016-cı il tarixdə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2004-2006-cı illər) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və bildirmişdir ki, bu yarışı keçirməkdə məqsədimiz idmançıları zərərli vərdişlərdən kənarlaşdırmaq və onları cüdo idman növünə cəlb etməkdən ibarətdir. Sonra isə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov birinciliyin keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat vermiş və yarışa start verilmişdir. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 9 çəki dərəcəsi üzrə 50 idmançı qüvvəsini sınamışdır. Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Elvin Cəfərli, Səid Seyidov, Sami Səfərov, Ramil Qoçəliyev, İbrahim Məmmədqasımov, İsmayıl Məmmədqasımov, Amil Musayev, Rauf Cabbarlı və Fuad Babayev müvafiq olaraq 20, 23, 26, 29, 34, 38, 42, 46 və 50 kiloqram çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxmışlar. Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.

 

 

 

 

Ağbulaq İstirahət Mərkəzinin növbəti qonaqları güləşçilər olub

 

 

 

Cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən, idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilir. Mərkəzin növbəti qonaqları Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının üzvləri olub. 
İdmançıları Ağbulaq İstirahət Mərkəzində mərkəzin və təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İkigünlük istirahət proqrama uyğun olaraq təşkil edilib. İdmançılar Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olub, onların “Ağbulaq” bulağına yürüşü keçirilib. Şam yeməyindən sonra isə güləşçilər üçün vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filmi nümayiş etdirilib. Elə həmin gün idmançılar şahmat və dama üzrə yarışlarda qüvvələrini sınayıblar.
İkinci günə idmançılar mərkəzin stadionunda gimnastika hərəkətləri ilə başlayıblar. Səhər yeməyindən sonra mini-futbol qarşılaşmaları keçirilib. Gün ərzində güləşçilər üçün tamaşalar da nümayiş etdirilib. Nahar yeməyindən sonra federasiya üzvlərinin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
Mərkəzdə istirahət edən məşqçilər və idmançılar burada keçirdikləri ikigünlük istirahətdən razı qalıblar. Federasiyanın sədr müavini Faiq İsgəndərov bildirdi ki, artıq federasiyanın üzvləri bura mütəmadi olaraq gəlirlər. Mərkəzdə yaradılan şərait, idmançılara göstərilən diqqət onlar üçün əlavə stimuldur. Yaradılan bu şəraitə görə təşkilatçılara minnətdarlığımızı bildiririk.
Federasiyanın üzvü Namiq Əlizadə, Hüseyn Əhmədov vurğuladılar ki, mərkəzdəki istirahət onların qarşıdakı yarışlara hazırlığına müsbət təsir göstərəcək. 
Qeyd edək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.