Cari ilin ilk günlərindən başlayaraq qatıldığı turnirlərdə bir sıra uğurlar qazanan Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri daha bir nailiyyət əldə ediblər. Ötən həftənin son günlərində Şəmkir şəhər Olimpiya İdman Kompleksində Novruz bayramına həsr olunmuş 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında cüdo idman növü üzrə respublika turniri keçirilib. Bu turnirdə naxçıvanlı cüdoçular da iştirak ediblər. Qərb zonasına 6 cüdoçu ilə yollanan muxtar respublika təmsilçiləri bir medal qazanıblar. 34 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Abbas Məmmədov turniri bürünc medalla başa vurub.
İdmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi yarış iki gün davam edib və 10 çəki dərəcəsində 80-ə yaxın idmançının tatami üzərinə çıxıb.
Yarışın son günündə yarımfinal və final görüşlərinə start verilib. Nəticəyə əsasən, Ayxan Abbasov (30 kiloqram), Abbas Məmmədov (34 kiloqram), Fuad Əşrəfli (38 kiloqram), Əli Əlizadə (41 kiloqram), Fəxrəddin Rüstəmov (46 kiloqram), Vüqar Allahverdiyev (50 kiloqram), Məhəmməd Əliyev (55 kiloqram), Elsevər Məmmədov (60 kiloqram), Murad Mustafayev (66 kiloqram) və Aqil Musayev (66+ kiloqram) həlledici qarşılaşmalarda qalib gələrək birinciliyin baş mükafatını qazanıblar.
Qalibləri Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və Azərbaycan Cüdo Federasiyası Hakimlər Kollegiyasının sədri Fariz Hüseynov mükafatlandırıblar.
Muxtar respublikamızda məşqçi-müəllimlər, hakimlər və idmançılar üçün təşkil olunan seminarlar davam etdirilir.
Növbəti seminar dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının təşkilatçılığı ilə cüdo məşqçiləri və hakimləri üçün keçirilib. Seminarı giriş sözü ilə Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov açaraq muxtar respublikada bu idman növünün geniş yayıldığını, gənclərin bu sahəyə maraq göstərdiklərini bildirib.
5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan cüdo üzrə seminarda Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və Azərbaycan Cüdo Federasiyası Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov çıxış ediblər.
Seminarın mahiyyəti barədə danışan federasiya nümayəndələri yeni qaydalar barədə məlumat veriblər və onları izahlı şəkildə kompüter vasitəsilə nümayiş etdiriblər. Fəndlərin tətbiqi, hakimlərin və məşqçilərin bu fəndlərə qiyməti seminar zamanı müzakirə olunub.
Qeyd edək ki, bu gün Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində cüdo üzrə muxtar respublika birinciliyinə start veriləcək və federasiya nümayəndələri bu yarışda iştirak edəcəklər.
Naxçıvan şəhərindəki Uşaq-Gənclər İdman Məktəbinin idman zalında 2004-2006-cı il təvəllüdlü uşaqlar arasında güləş üzrə məktəbin daxili birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təşkilaçılığı ilə keçirilən yarışda 11 çəki dərəcəsində 60-dan çox güləşçi mübarizə aparıb. Yarışdan öncə çıxış edən federasiyanın sədr müavini Faiq İsgəndərov bildirib ki, güləşin muxtar respublikada uşaqlar arsında təbliği üçün bu tipli yarışlar mütəmadi olaraq təşkil edilir. İdmançılar bu yarışılarda iştirak etməklə həm də yarış potensiallarını artırmış olurlar.
Gərgin keçən yarışın yekun nəticələrinə əsasən, Sinan Rzayev (20 kiloqram), Turqay Qəhrəmanov (23 kiloqram), Nicat Ocaqquliyev (26 kiloqram), Tuncay Məmmədov (29 kiloqram), Samir Bağırzadə (32 kiloqram), Elmir Kərimli (35 kiloqram), Həsənxan Xudiyev (38 kiloqram), Heydər Nəcəfov (42 kiloqram), Xanlar Əzizov (47 kiloqram), Nuruağa Əhmədov (53 kiloqram) və Ramazan Əliyev (66 kiloqram) öz çəki dərəcələrində bütün rəqublərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda qalib idmançılara diplomlar təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası idmançılar üçün seminarların keçirilməsini davam etdirir. Ötən il olduğu kimi, builki seminarlarda da Azərbaycanın tanınmış məşqçiləri, idman ustaları iştirak edirlər.
Dünən federasiyanın nəzdində fəaliyyət göstərən cüdo bölməsinin yetirmələri üçün təşkil olunan nəzəri və praktiki seminarda Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ikiqat Avropa çempionu Tərlan Poladov iştirak edib. Əvvəlcə idmançılara cüdonun yeni qaydaları haqda məlumat verən məşqçi sonra praktiki olaraq yeni tərtib olunan qaydaları idmançılara nümayiş etdirib.
Məşqdən sonra Tərlan Poladovun fikirlərini öyrəndik: “Seminarın təşkilində məqsəd idmançılara yeni qaydalar haqqında məlumat vermək və məşq prosesində olan bəzi fəndləri aşılamaqdır. Muxtar respublikada bu idman növünün inkişafı üçün hərtərəfli şərait yaradılıb, idmançılarda da yüksək əhval-ruhiyyə var. Keçirilən məşqdən sonra məşqçilərlə də söhbətlərimiz, fikir mübadiləmiz oldu. Federasiya ilə birgə belə tədbirlərin qarşıdakı aylarda da təşkili nəzərdə tutulub”.
Federasiyanın sədr müavini Faiq İsgəndərov isə bunları bildirdi: “Güləş Federasiyası belə seminarları mütəmadi olaraq təşkil edir. Federasiyamızın tərkibində olan idman növlərinin hər birinə ayrılıqda xüsusi diqqət göstərilir. Məqsədimiz həmin idman növlərini muxtar respublikada inkişaf etdirmək, idmançılarımızın beynəlxalq yarış təcrübəsini artırmaqdır. Keçirilən seminarlarda hər zaman tanınmış idmançılar, məşqçilər iştirak edirlər. Çalışırıq ki, seminarlar daha çox praktiki yöndə olsun. Eyni zamanda nəzəri seminarlarımızda da məşqçilərə, idmançılara məlumatlar verilir”.