Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında keçirilən müşavirədə verilən tapşırıqlara əsasən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının birgə təşkilatçılığı ustad dərsləri keçirilib. Dərslərdə məşqçi-müəllim kimi Naxçıvan güləş məktəbinin yetirməsi, sərbəst güləş üzrə iki qat dünya çempionu, Azərbaycan güləş tarixində ilkə imza atmış Hacı Əliyev iştirak edib. O, məşqlər zamanı öz karyerasında qazandığı təcrübəsini bu sahədə yeni olan, bu idman növünə marağı olan uşaq ve yeniyetmə güləşçilərə aşılamağa çalışıb və onlara öz tövsiyələrini verib.
10 noyabr 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında keçirilən müşavirədə verilən tapşırıqlara əsasən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının birgə təşkilatçılığı ilə İslam Hümbətov adına Uşaq-Gənclər Idman Məktəbində beynəlxalq dərəcəli idman ustası, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Əsgərxan Novruzovun, kiçik yaşlı yeniyetmələrin baş məşqçisi, idman ustası Elşad Allahverdiyevin və gənclərdən ibarət yığma komandanın baş məşqçinin köməkçisi, idman ustası Rövşən Hacıyevin iştirakı ilə taktiki-texniki seminar keçirilmişdir. Seminarda 50-dən artıq güləşçi iştirak etmişdir.
Bakı İdman Sarayında Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika seçim turnirinin final mərhələsi başa çatıb. Azərbaycan Güləş Federasiyasının nümayəndəliklərindən seçilmiş 170 sərbəst və 160 yunan-Roma güləşçisinin mübarizə apardığı turnirdə Naxçıvan pəhləvanları da iştirak ediblər. Paytaxtda keçirilən yarışda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 13 yetirməsi (6 sərbəst, 7 yunan-Roma güləşçisi) mübarizə aparıb.
Yeniyetmələrin yarışında (1999-2000-ci illər təvəllüdlü güləşçilərin) Naxçıvan güləşçiləri iki medal qazanmağa müvəffəq olub. 46 kiloqram çəki dərəcəsində İlqar Məcidov gümüş, 69 kiloqram çəki dərəcəsində Rauf Qurbanov isə bürünc medal əldə edib. Hər iki idmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub.
Son zamanlar güləşçilərimizin uğurlu çıxışı diqqətdən yayınmır. Məhz bu turnirdə də analoji hadisənin təkrarlanması muxtar respublikada milli idman növünə göstərilən diqqətin bariz nümunəsidir. Turnirin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bürünc medal qazanan Rauf Qurbanovla söhbətləşdik: “16 yaşım var və artıq 5 ildir ki, sərbəst güləşlə məşğulam. Bu müddət ərzində 2 dəfə muxtar respublika, 5 dəfə isə Naxçıvan şəhər birinciliyinin qalibi olmuşam. Bu növə marağımın olmasının əsas səbəbkarlarından biri məşqçi-müəllimim Kamaləddin İsmayılovdur. Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnirə ciddi hazırlaşmışdım. Hədəfim çempion olmaq idi, lakin bürünc medal qazandım. Bu, güləş karyeramda böyük uğurlardan biridir. İndi çalışmalıyam ki, həmin yarışda buraxdığım səhvləri növbəti yarışlarda etməyim və bunun üzərində işləməliyəm. Məqsədim ölkə birinciliyində də mükafat qazanıb millinin heyətinə düşmək və Naxçıvan güləş məktəbini orda layinqincə təmsil etməkdir”.
Azərbaycan qədim idman ənələrinə malikdir. Milli ənənələrimizi davam etdirmək isə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İdman sahəsində atılan addımlar, qazanılan uğurlar idmançılarımızın beynəlxalq arenalarında ciddi rəqibə çevrilməsinə səbəb olub.
Güləşin tarixi
Güləş ən qədim idman növlərindən biridir. Eramızdan 2500 il əvvəl misirlilər, qədim yunanlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı. Qədim dövrlərdə ayrı-ayrı güləşçilər döşəkdə müxtəlif fəndlər işlədirdilər. Pəhləvanlar bu fəndlərin bəzilərindən indi də istifadə edirlər. Müasir güləşin ən qədim, yəni klassik növü yunan-Roma güləşidir. Xüsusi geyimli güləşçilər xalça üzərinə çıxıb bir-birinin əlini sıxır və güləşməyə başlayırlar. Məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna “təmiz qələbə” deyirlər. “Təmiz qələbə” mümkün olmayanda xal hesabı ilə qalib gəlmək mümkündür.
Ölkəmizdə populyar olan yunan-Roma və sərbəst güləş növləri zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Milli güləşin əksər elementlərini, fənd və mübarizə üsullarını özündə birləşdirən sərbəst güləş dünyada “Amerika güləşi” kimi tanınır. Şübhəsiz ki, ölkəmizdə milli güləşin tarixi daha qədimdir. Onun elementlərinə Qobustan qayalarında, şifahi xalq və klassik ədəbiyyatımızda rast gəlmək olar. Qədimdə güləş yarışları zorxanalarda təşkil olunurdu.
Ətraflı: Milli irsimiz və ənənələrimizin təbliğ olunduğu idman
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının son illər beynəlxalq arenalarda qazandığı uğurlara daha biri əlavə olunub. Ötən həftə Ukraynaın Odessa şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə “XII Avropa” beynəlxalq turniri başa çatıb. Bir çox ölkənin iştirak etdiyi turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Abbas Məmmədov da çıxış edib. Abbas Məmmədov turnirin ilk mərhələsində erməni əsilli ukraynalı idmançı və gürcü idmançını məğlubiyyətə uğradıb. Cüdoçumuz beynəlxalq turniri üçüncü pillədə başa vurmaqla bürünc medal qazanıb.
Sonda Abbas Məmmədova təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub.