Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Naxçıvan güləşçilərindən daha bir uğur

Bakı İdman Sarayında Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika seçim turnirinin final mərhələsi başa çatıb. Azərbaycan Güləş Federasiyasının nümayəndəliklərindən seçilmiş 170 sərbəst və 160 yunan-Roma güləşçisinin mübarizə apardığı turnirdə Naxçıvan pəhləvanları da iştirak ediblər. Paytaxtda keçirilən yarışda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 13 yetirməsi (6 sərbəst, 7 yunan-Roma güləşçisi) mübarizə aparıb.

Yeniyetmələrin yarışında (1999-2000-ci illər təvəllüdlü güləşçilərin) Naxçıvan güləşçiləri iki medal qazanmağa müvəffəq olub. 46 kiloqram çəki dərəcəsində İlqar Məcidov gümüş, 69 kiloqram çəki dərəcəsində Rauf Qurbanov isə bürünc medal əldə edib. Hər iki idmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub.

Son zamanlar güləşçilərimizin uğurlu çıxışı diqqətdən yayınmır. Məhz bu turnirdə də analoji hadisənin təkrarlanması muxtar respublikada milli idman növünə göstərilən diqqətin bariz nümunəsidir. Turnirin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bürünc medal qazanan Rauf Qurbanovla söhbətləşdik: “16 yaşım var və artıq 5 ildir ki, sərbəst güləşlə məşğulam. Bu müddət ərzində 2 dəfə muxtar respublika, 5 dəfə isə Naxçıvan şəhər birinciliyinin qalibi olmuşam. Bu növə marağımın olmasının əsas səbəbkarlarından biri məşqçi-müəllimim Kamaləddin İsmayılovdur. Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnirə ciddi hazırlaşmışdım. Hədəfim çempion olmaq idi, lakin bürünc medal qazandım. Bu, güləş karyeramda böyük uğurlardan biridir. İndi çalışmalıyam ki, həmin yarışda buraxdığım səhvləri növbəti yarışlarda etməyim və bunun üzərində işləməliyəm. Məqsədim ölkə birinciliyində də mükafat qazanıb millinin heyətinə düşmək və Naxçıvan güləş məktəbini orda layinqincə təmsil etməkdir”.