Azərbaycan qədim idman ənələrinə malikdir. Milli ənənələrimizi davam etdirmək isə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İdman sahəsində atılan addımlar, qazanılan uğurlar idmançılarımızın beynəlxalq arenalarında ciddi rəqibə çevrilməsinə səbəb olub.
Güləşin tarixi
Güləş ən qədim idman növlərindən biridir. Eramızdan 2500 il əvvəl misirlilər, qədim yunanlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı. Qədim dövrlərdə ayrı-ayrı güləşçilər döşəkdə müxtəlif fəndlər işlədirdilər. Pəhləvanlar bu fəndlərin bəzilərindən indi də istifadə edirlər. Müasir güləşin ən qədim, yəni klassik növü yunan-Roma güləşidir. Xüsusi geyimli güləşçilər xalça üzərinə çıxıb bir-birinin əlini sıxır və güləşməyə başlayırlar. Məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna “təmiz qələbə” deyirlər. “Təmiz qələbə” mümkün olmayanda xal hesabı ilə qalib gəlmək mümkündür.
Ölkəmizdə populyar olan yunan-Roma və sərbəst güləş növləri zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Milli güləşin əksər elementlərini, fənd və mübarizə üsullarını özündə birləşdirən sərbəst güləş dünyada “Amerika güləşi” kimi tanınır. Şübhəsiz ki, ölkəmizdə milli güləşin tarixi daha qədimdir. Onun elementlərinə Qobustan qayalarında, şifahi xalq və klassik ədəbiyyatımızda rast gəlmək olar. Qədimdə güləş yarışları zorxanalarda təşkil olunurdu.
Milli idman növünün faydaları
Güləş faydalarına görə digər idman növlərindən çox fərqlənir. Belə ki, idmanda idmançıdan ən çox güc tələb edən növ güləşdir. Həkimlərin araşdırmasından sonra məlum olub ki, bu növlə məşğul olarkən insan bədənində olan əzələlər işlək vəziyyətdə olur.
Güləş eyni zamanda insanı düşünməyə vadar edir. Niyə? Bu növlə məşğul olarkən insan fiziki güclə yanaşı, ağlını da işlətməlidir: hansı fəndə qarşılıq verməyi, rəqibinin zəif tərəfini sezməlidir. Bununla yanaşı, güləşlə məşğul olan insanların intuisiyası daha güclü olur. Onlar rəqibin hansı fənddən istifadə edəcəyini öncədən duyurlar.
Güləş idman növü insanda sürət, qüvvət, elastiklik, dayanıqlılıq kimi fiziki xüsusiyyətləri inkişaf etdirir. Eyni zamanda güləş özündə cəsarət, təvazökarlıq, özünəgüvənc kimi insani xüsusiyyətləri birləşdirir. Güləş bir mübarizə idmanı olmaqla insana dözüm və yüksək iradə qazandıran milli idman növüdür.
Güləşin inkişafı üçün Naxçıvanda görülən işlər
Naxçıvan Muxtar Respublikasə Ali Məclisin Sədri cənab Vasif Talıbov fiziki və mənəvi cəhətdən sağlam gənclərin yetişdirilməsini ən vacib məsələlərdən biri hesab edir. Ali Məclisin Sədri güləş idman növü haqqında çıxışlarının birində demişdir: “Ölkəmizdə güləş idman növü zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Azərbaycanda hələ qədim zamanlardan “Zorxana” adlanan yerlərdə milli idman növü olan güləş yarışları keçirilmişdir. Azərbaycanda tarixən qədim idman növü olan güləşə böyük maraq olmuşdur. Bu idman növünün elementləri Qobustan qayaüstü rəsmlərində və digər ədəbi-tarixi mənbələrdə öz əksini tapmışdır. Azərbaycanda qədim dövrlərdən populyar idman növü olan güləşin müasir şəraitdə inkişafını yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycanda güləş milli və ən məşhur idman növüdür. Bütün dövrlərdə bizim çox məşhur güləşçilərimiz olmuşdur.”
Bu gün idmana göstərilən qayğı bütün idman növlərinin, o cümlədən güləşin həm texniki-təlim, həm də elmi-metodiki bazasının daha da gücləndirilməsinə geniş imkan yaradıb. Muxtar respublikada güləşin daha da inkişaf etməsi və kütləviləşməsi istiqamətində Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyası tərəfindən mühüm işlər görülür. Uşaq və yeniyetmələr, gənclər arasında güləşin inkişaf etdirilməsinin başlıca məqsədlərindən biri ehtiyat qüvvələrin, yəni yeni güləşçilərin hazırlanması, onların püxtələşməsidir. Belə olan halda məşqçilərin seçim imkanları daha geniş olur. Bu nüansı nəzərə alan federasiya müəyyən istiqamətdə ciddi tədbirlər həyata keçirir. Nazirlik və federasiya tərəfindən uşaq və yeniyetmələrin güləşə cəlb olunmasına, onların daha keyfiyyətli məşqlər keçməsinə diqqət artırılır.
Naxçıvan güləşçiləri son illər ölkədaxili və beynəlxalq yarışlarda mütəmadi iştirak etməklə yarış praktikalarını da artırlar. Keçirilən yarış və turnirlər eyni zamanda məşqçilərin seçim imkanlarını asanlaşdırır. Bunun nəticəsidir ki, indi muxtar respublikanı beynəlxalq yarışlarda bütün çəki dərəcələrində layiqincə təmsil edən güləşçilər yetişib.
İdmanda daha yüksək nəticənin qazanılması üçün idman bazalarının olması böyük əhəmiyyətə kəsb edir. Federasiyası tərəfindən muxtar respublikanın şəhər və rayonlarında güləşin kütləviliyinin təmin edilməsi, maddi-texniki bazanın gücləndirlməsi üçün tədbirlər həyata keçirilir ki, bunun da nəticəsində idmançılarımız beynəlxalq yarışlarda inamlı çıxışları ilə yadda qalırlar. Hazırda rayonlarda müxtəlif yaş qruplarında məşğul olan güləşçilər üçün federasiya və məşqçilər tərəfindən ayrı-ayrı məşq proqramları tərtib olunur. Görülən bu işlər uşaqların güləşlə məşğul olmasına, onların asudə vaxtlarının səmərəli keçməsinə, fiziki cəhətdən sağlam olmalarına zəmin yaradır.
Haliyədə muxtar respublikada güləşin inkişafı istiqamətində atılan ən ciddi addımlardan biri rayon mərkəzlərində və kəndlərdə bölmələrin açılmasıdır. Bu növün təbliği nəticəsində şəhər və rayonlarda 105 qrup fəaliyyət göstərir ki, ümumilikdə 1373 uşaq, yeniyetmə və gənc milli idman növü ilə məşğul olur. Bu idmançıları isə muxtar respublikada fəaliyyət göstərən 49 məşqçi-müəllim çalışdırır.
Bəs son 5 ildə güləşçilərimiz hansı uğurlara imza atıblar? Bu müddət ərzində Naxçıvan güləş məktəbinin yetirmələri ölkədaxili və beynəlxalq arenalarda böyük uğurlar əldə ediblər. Naxçıvan güləş məktəbinin yetirməsi Hacı Əliyev iki dəfə ardıcıl olaraq (2014 və 2015-ci illər) dünya çempionu olmaqla, Azərbaycan güləş tarixində yeni səhifə açıb. Yaşar Əliyev isə Avropa çempionatında bürünc medal qazanıb. Bu müddət ərzində Naxçıvan güləşçiləri gənc və yeniyetmələr arasında Azərbaycan çempionatlarında iştirak edib, mükafatçılar sırasına düşməklə yanaşı, həm də ölkə millisinə dəvət alıblar. Uğurları bununla tükənməyən güləşçilərimiz mütəmadi olaraq Bakı şəhərində təşkil edilən Rəşid Məmmədbəyov, şəhid Muşfiq İsayev, “Olimpiaçılar aramızda” və digər turnirlərdə iştirak etməklə, muxtar respublikaya daim medallarla qayıdıblar. Eyni zamanda, pəhləvanlarımız 2013-cü ildə Naxçıvanda təşkil olunan ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan güləş üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnirin qalibi adını da qazanıblar.
Müasir idman infrastrukturunun və perspektivli idmançıların mövcudluğu muxtar respublikada beynəlxalq turnirlərin keçirilməsinə şərait yaradıb. Bu gün Naxçıvanda güləş üzrə də beynəlxalq turnirlər təşkil olunur. Ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan güləş üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnirdə hər il yüzlərlə pəhləvan qüvvəsini sınayır.
Milli irsimizə və ənənələrimizə bağlılıqdan irəli gələn güləş eyni zamanda Azərbaycanın gücünü, qədimliyini göstərən idman növüdür. Ali Məclisin Sədri çıxışlarının birində qeyd etmişdir: “Bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biri olan idmanın əsasında sağlam mübarizə dayanır. Mübarizə isə iradə, cəsarət və fiziki hazırlıq tələb edir. Hər bir idmançı qələbəyə gedən yolun bu 3 amildən asılı olduğunu unutmamalı, daim özünü fiziki cəhətdən hazırlamalı, yarışlarda əsl mübarizlik göstərməlidir”.
Güləş mübarizəni sevən idmandır. Mübariz insanlar isə Vətənini sevir. Vətənin mübariz insanları var olduğu təqdirdə, Azərbaycan hər zaman yaşayacaq, dünya arenalarında dalğalandırdığı üçrəngli bayrağı ilə var olduğunu sübut edəcək!