Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Yoldaşlıq görüşündə culfalı cüdoçular qalib gəlib

“17 noyabr – Naxçıvan MR Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Naxçıvan”-“Culfa” komandaları arasında cüdo üzrə yoldaşlıq görüşü 17 noyabr 2015-ci il tarixdə Culfa rayon 3 №-li tam orta məktəbin idman zalında keçirilmişdir. Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli tədbiri açıq elan etmiş, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək idmançılara yarışın keçirilmə məqsədi haqqında geniş məlumat vermiş və uğurlar diləmişlər. Naxçıvan MR Güləş Federasiyasının, Culfa Rayon və Naxçıvan Şəhər Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə keçirilən yoldaşlıq görüşündə 12 çəki dərəcəsində 50-ə yaxın idmançı öz gücünü sınamışdır. 7:5 hesabı ilə “Culfa” komandasının qalib gəldiyi yarışda fərqlənən idmançılara təşkilatçıların diplomları verilmişdir.

 

Güləşçilər tibbi müayinədən keçirilib

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında uşaq, yeniyetmə və gənc güləşçilər tibbi müayinədən keçirilib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə federasiyanın 100-ə yaxın idmançısı cərrah, nevropatoloq, pediatr, endokrinoloq, ftizatr, oftalmoloqların nəzarəti altında müayinə olunub. 
Qeyd edək ki, Səhiyyə Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə uşaqların tibbi müayinədən keçirilməsinə ciddi önəm verir. Hər il həyata keçirilən bu tədbirlərə muxtar respublikada idmanla məşğul olan yüzlərlə idmançı cəlb olunur, onlar hərtərəfli olaraq müayinə edilirlər. Sağlam olan uşaqlar barədə məlumat hazırlanır və təşkilatçı qurumlara göndərilir. Səhhətində problem olan uşaqlara isə müəyyən vaxt kəsiyində idmandan uzaqlaşmaları məsləhət görülür və onlar müalicə alırlar.

Naxçıvanda keçirilən seminarlar ölkə mətbuatının gözündə (FOTOLAR)

X\b\r verdiyimiz ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının birgə təşkilatçılığı ilə muxtar respublikamizda fəaliyyət göstərən məşqçi-müəllimlər və idmançılar üçün keçirilən seminarlar keçirilib. Seminar ölkənin bir çox mətbuat orqanında işqlandırılıb.

 

 

“Muxtar respublikada yaradılan şərait güləşçilərin daha çox uğur qazanmasına zəmin yaradıb”.

 

 

 

        

 

      Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının birgə təşkilatçılığı ilə muxtar respublikamizda fəaliyyət göstərən məşqçi-müəllimlər və idmançılar üçün keçirilən seminarlar başa çatıb. Seminarlarda beynəlxalq dərəcəli idman ustası, Azərbaycanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Əsgərxan Novruzov, kiçikyaşlı yeniyetmələrin baş məşqçisi, idman ustası Elşad Allahverdiyev və gənclərdən ibarət yığma komandanın baş məşqçisinin köməkçisi, idman ustası Rövşən Hacıyev idmançılara güləş idman növünün taktiki-texniki xüsusiyyətləri, yeni qaydaları barədə ətraflı məlumat veriblər. Seminarların son günündə isə muxtar respublikaya Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev də gəlib. Qonaq məşqçi-müəllimlər üçün təşkil edilən seminarda çıxış edib və yeni qaydalar barədə məşqçiləri məlumatlandırıb. Daha sonra Olimpiya çempionu Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində güləşçilər üçün aparılan məşqi izləyib.

Seminardan sonra Namiq Abdullayevlə bu tədbirin mahiyyəti, eyni zamanda muxtar respublikada güləşin inkişafı istiqamətində görülən işlər barədə söhbətləşdik. Namiq Abdullayev dedi:

- Hər il ənənəvi olaraq Naxçıvanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Kuboku” üzrə beynəlxalq turniri keçirilir. Bu yarışın keçirilməsi eyni zamanda muxtar respublikada uşaq və yeniyetmələrin bu idman növünə marağını artırır. Bu sırada beynəlxalq turnirlərin keçirilməsini də qeyd etmək lazımdır. Yarışlardan sonra idmançılara kubok və medallar təqdim edilməsi yeniyetmə idmançılar üçün gözəl bir nümunə olmaqla yanaşı, həm də idmana göstərilən diqqətin bariz nümunəsidir. İnanıram ki, belə mötəbər yarışlara mükəmməl şəkildə ev sahibliyi edən Naxçıvanda güləş hər zaman inkişaf edəcək və idmançılar gələcəkdə daha böyük uğurlar qazanacaqlar. Artıq yaradılan şərait öz bəhrəsini verməkdədir. İndi onlar yığma komandanın heyətinə cəlb olunur, milli ilə böyük turnirlərdə iştirak edirlər. Naxçıvan güləş məktəbinin yetirməsi Hacı Əliyevin ikiqat dünya çempionu, Yaşar Əliyevin Avropa üçüncüsü olması muxtar respublikada güləş ənənələrinin davam etdirilməsindən xəbər verir.

- Güləş, eyni zamanda bizim milli idman növümüzdür. Bu gün muxtar respublikada keçirilən seminarlar uşaq və yeniyetmə güləşçilərə yəqin ki, öz müsbət təsirini göstərəcək...

- Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təşkilatçılığı ilə bu seminarların keçirilməsində  məqsəd Dünya Güləş Birliyi tərəfindən dəyişdirilən qaydaları idmançılar və məşqçi-müəllimlərə çatdırmaqdır. Bildiyiniz ki, məşq prosesində Azərbaycanın adlı-sanlı, böyük uğurları olmuş məşqçiləri iştirak edirlər. Onlar yeni qaydalar, dünyanın güləş aləmində baş verən dəyişikliklər barədə muxtar respublika idmançılarına geniş məlumat verməklə yanaşı, həm də onları praktiki olaraq nümayiş etdirirlər. Bu, eyni zamanda, uşaq və yeniyetmə güləşçilərin püxtələşməsində mühüm rol oynayır və onların bu sahədə bünövrələrinin sağlam qoyulmasına zəmin yaradır. Burada gördüklərim də məndə bir daha o qənaəti yaratdı ki, güləşə maraq göstərən naxçıvanlı uşaq və yeniyetmələr bu məşqlərdən xeyli bəhrələniblər.

- Təbii ki, bünövrənin sağlam qoyulması məşqçidən asılıdır. Bəs Azərbaycan Güləş Federasiyasının muxtar respublikada təlim-məşq toplanışı keçmək kimi bir planı varmı?

- Naxçıvanda istedadlı məşqçilər var və onlar gələcəyin dünya, Avropa çempionunu hazırlamağa qadir mütəxəssislərdir. Elə Əsgərxan Novruzov da muxtar respublikanın güləş məktəbinin yetirməsidir. Təklif var ki, qarşıdakı aylarda biz hakimlərlə də bağlı seminarlar təşkil edək. Millinin təlim-məşq toplanışına gəlincə, əslində, bu fikir çoxdan var. Çünki idmançıların rahat yerdə məşq etməsi onların yarışlara daha müsbət enerji ilə hazırlaşmasına təsir göstərir. Naxçıvanda isə idmançılar üçün çox yaxşı şərait yaradılıb, burada müasir infrastruktur qurulub. Yəqin ki, növbəti təlim-məşq toplanışlarından biri məhz Naxçıvanda olacaq.

- Gəlin etiraf edək ki, Namiq Abdullayev Olimpiya çempionu olduqdan sonra Azərbaycanda bu növə maraq həddindən çox artdı...

- Güləş bizim millətin qəhərman xalq olduğunu nümayiş etdirən bir sahədir. Bizdən öncə də Azırbaycanın güclü pəhləvanları olub. Onlar SSRİ yığmasının heyətinə düşməkdə çətinliklər çəkiblər. Bunun da bəzi səbəbləri olub. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra, daha dəqiq desək, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra bütün sahələrə olduğu kimi idmana da xüsusi diqqət ayrıldı. İlk dəfə 1996-cı ildə olimpiya oyunlarına idmançıları məhz ulu öndərin özü yola saldı. Cənab Prezidentimiz İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başladığı vaxtdan isə idmançılarda əlavə ruh yüksəkliyi yarandı. Yeni olimpiya idman kompleksləri inşa edildi, zallar istifadəyə verildi. Bu da yeniyetmə və gənc idmançıların bu sahəyə daha çox maraq göstərməsinə səbəb oldu. İdmaçılarımız isə bu qayğı və diqqətin dünya və Avropa çempionatlarında, olimpiya oyunlarında qazandıqları uğurlarla hədər getmədiyini göstərdilər. Əldə edilən yüksək göstəricilər Milli Olimpiya Komitəsinin uğurlu siyəsətinin nəticəsi olmaqla yanaşı, həm də ölkə başçısının idmançılara göstərdiyi dostluq münasibətinin nümunəsidir.

- Güləşçi kimi karyeranızda, demək olar ki, bütün uğurlara imza atmısınız, yalnız dünya çempionatında qızıl medalı boynunuza asmaq nəsib olmayıb...

- (Gülür) Əlbəttə, hər bir idmançı istəyər ki, karyerasında bütün titullar olsun. Dünya çempionatlarında hallar olub ki, hakimlərin ədalətsiz qərarları ilə üzləşmişəm və qızıl medallar əldən gedib. Lakin elə idmançılar var ki, 3-4 dəfə dünya çempionu adını qazansalar da, olimpiya oyunlarında uğursuz çıxış ediblər. Karyeram ərzində 3 dəfə dünya çempionatının final görüşündə çıxış etmişəm. Amma ən unudulmaz final görüşüm 1994-cü ildə Valentin Yordanovla olub. 2 il sonra onunla yenidən final görüşündə qarşılaşmışam. Həmin vaxta kimi Yordanov 6 dəfə dünya çempionu olmuşdu. Atlanta Olimpiya Oyunlarında yenə uğursuzluqla üzləşmişəm. Demək olar ki, həmin vaxt bəxtsiz idmançı mən idim (gülür). Amma buna heyfislənmirəm. Çünki qardaşım Arif Abdullayev dünya çempionu olub (gülür).

- Sizcə, gələcəkdə Naxçıvan güləşçilərindən kimsə sizin uğurları təkrarlamaq gücünə malikdir?

- Naxçıvan güləş məktəbinin böyük tarixi var və hər zaman bu məktəb Azərbaycan güləşinə istedadlı idmançılar bəxş edib. Məsələn, Hacı Əliyev. Növbəti olimpiya oyunlarında biz ondan yalnız qızıl medal gözləyirik. Ümumilikdə, bu arzum və istəyim muxtar respublikada yaradılan şərait müqabilində bütün naxçıvanlı güləşçilər üçündür.

 

Ceyhun MƏMMƏDOV

Güləşçilər üçün seminarlar keçirilir

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən seminarlar davam etdirilir.
Noyabrın 10-da Naxçıvan şəhərində, noyabrın 11-də isə Şərur rayonunda belə seminarlar təşkil olunub. 
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində keçirilən seminarda məktəbin 50-dən artıq güləşçisi iştirak edib. Daha sonra seminar Şərur rayonunda keçirilib.
Seminarlarda beynəlxalq dərəcəli idman ustası, Azərbaycanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Əsgərxan Novruzov, kiçikyaşlı yeniyetmələrin baş məşqçisi, idman ustası Elşad Allahverdiyev və gənclərdən ibarət yığma komandanın baş məşqçisinin köməkçisi, idman ustası Rövşən Hacıyev idmançılara güləş idman növünün taktiki-texniki xüsusiyyətləri, yeni qaydaları barədə ətraflı məlumat veriblər. Bildirilib ki, belə seminarların keçirilməsinin əsas səbəbi beynəlxalq qaydaların dəyişməsi ilə bağlıdır. Belə ki, beynəlxalq idman qurumları qaydalarda dəyişiklik etdikdən sonra ölkə daxilində fəaliyyət göstərən federasiyalara yeni qaydalar haqqında məlumat verirlər. Məşqçilər isə, öz növbəsində, seminarlar təşkil etməklə idmançılara yeni qaydalar barədə izah verir, onları taktiki-texniki baxımdan məlumatlandırırlar.

Keçirilən seminardan sonra həmsöhbət olduğumuz Əsgərxan Novruzov dedi: “Mən güləş karyerama məhz Naxçıvanda başlamışam. Uzun illər burada güləşin sirlərini öyrənmişəm. Bizim dövrümüzdə bu idman növünə o qədər də maraq göstərilmirdi. Səbəbi isə şəraitin olmaması idi. Lakin indi uşaq və yeniyetmə güləşçilərin püxtələşməsi, peşəkar olması üçün hərtərəfli şərait yaradılıb. Məşqlərdə də gördüm ki, muxtar respublikada istedadlı idmançılar çoxdur və onlar peşəkar güləşçi kimi yetişirlər. Uşaqlar fiziki baxımdan mükəmməl hazırlaşırlar. Onlar yarış təcrübələrini artırmaqla gələcəkdə Azərbaycan yığmasının da şərəfini qorumağa qadirdilər”.
Elşad Abdullayev isə bizimlə söhbətində seminarın mahiyyətindən danışdı: “Belə seminarların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Çünki güləşin qaydaları tez-tez dəyişir və bunu güləşçilərə çatdırmaq vacibdir. Keçirdiyimiz seminarlarda istedadlı uşaqların adlarını qeyd etmişik və federasiya rəsmilərinə də bildirmişik. Məqsədimiz millinin məşq proseslərini azca da olsa, Naxçıvanda güləşlə məşğul olan uşaqlara aşılamaqdır. Yaradılan şəraitə baxıb deyə bilərəm ki, gələcək­də Naxçıvan güləşçiləri daha böyük uğurlar əldə edəcəklər”.
İdman ustası Rövşən Hacı­yev də seminarlarla bağlı fikirlərini bildirdi: “Bu gün muxtar respublikada uşaqların bu sahə ilə peşəkar səviyyədə məşğul olmaları üçün hər bir şərait var. Elə apardığımız seminarlar bunu bir daha təsdiq edir. Keçirilən belə seminarları gələcəkdə də davam etdirəcəyik”.
Bununla yanaşı, Güləş Federasiyası uşaq və yeniyetmə güləşçilər üçün ustad dərsləri də təşkil edib. Dərslərdə məşqçi-müəllim kimi Naxçıvan güləş məktəbinin yetirməsi, sərbəst güləş üzrə ikiqat dünya çempionu, Azərbaycan güləş tarixində ilkə imza atmış Hacı Əliyev iştirak edib. O, məşqlər zamanı öz karyerasında qazandığı təcrübəsini bu idman növünə marağı olan uşaq və yeniyetmə güləşçilərə aşılamağa çalışıb və onlara öz tövsiyələrini verib.
Qeyd edək ki, seminarlar noyabr ayının 15-nə kimi davam edəcək.