Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin zalında kiçik yaşlı yeniyetmələr (2002-2004-cü il təvəllüdlü) arasında yunan-Roma güləşi üzrə daxili birincilik keçirilib. “Zərərli vərdişlər yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən birincilikdə 70-ə yaxın pəhləvan qüvvəsini sınayıb.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təşkil etdiyi birinciliyin açılış mərasimində çıxış edən federasiyanın sədr müavini Faiq İsgəndərov bildirib ki, bu gün Naxçıvanda güləşin inkişafı üçün hər bir şərait yaradılıb. Məqsədimiz qədim idman növünü uşaqlar arasında geniş yaymak və onu kütləvi hala gətirməkdir. Bunun üçün bu cür yarışların təşkili vacibdir. Məktəbin daxili birinciliyinə keçirməklə, həm də kiçik yaşlı yeniyetmələrin yarış təcrübələrini artımış oluruq.
Yarışın yekun nəticəsinə gəlincə, Nicad Ocaqquliyev (29 kiloqram), Uğur Məmmədov (32 kiloqram), Kənan Qasımov (35 kiloqram), Hüseyn Əhmədli (38 kiloqram), Kamran Məmmədov (42 kiloqram), Abbas Nəzərəliyev (46 kiloqram), Sabir Məmmədov (50 kiloqram), Anar Həsənov (54 kiloqram), Rəvan Bayramov (58 kiloqram), Asiman Novruzov (63 kiloqram) və Qoca Əhmədov (69 kiloqram) öz çəki dərəcələrində rəqiblərini üstələyərək, birnciliyin qalibi olublar.
Sonda qalib güləşçilər diplomlarla təltif olunublar.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi daha bir uğura imza atıb. Mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirak edən və uğur qazanan federasiyanın yetirmələri bu dəfə respublika əhəmiyyətli yarışda mükafatlandırılıblar. Balakən şəhərində keçirilən sərbəst güləş üzrə məktəblilərin 10-cü ölkə birinciliyində idmançımız Abbas Həsənov fəxri kürsüyə yüksəlməyə müvəffəq olub. Yarımfinala kimi bütün rəqiblərini üstələyən güləşçimiz finala gedən yolda məğlubiyyətlə barışıb. Lakin üçüncü yer uğrunda görüşdə o, qalib gələrək ölkə birinciliyini bürünc medalla başa vurub.
İdmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr (2002-2004-cü illər) arasında sambo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək yarışın keçirilmə məqsədi haqqında idmançılara məlumat verib. Sonra muxtar respublika Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edib və qaydalar barədə idmançıları məlumatlandırıb.
Birincilikdə 10 çəki dərəcəsi üzrə 45 idmançı mübarizə aparıb. Yarışda Xəyyam Hüseynov, Elməddin Eyvazov, Rza Hümbətov, Sənan Cəfərov, Adəm Heydərov, Fuad Əşrəfli, Əli Əlizadə, Fəxrəddin Rüstəmov, Mətin Məmmədov, Ayaz Vəliyev müvafiq olaraq 26, 29, 32, 35, 38, 42, 46, 50, 58 və 63 kiloqram çəki dərəcələrində birinciliyin qalibi olublar.
Hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında sərbəst güləş turniri keçirilib.
Turnirdə muxtar respublikanın şəhər və rayonlarının, ümumilikdə, 14 komandası və 100-ə yaxın güləşçisi iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edən Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayev bildirib ki, qurum mütəmadi olaraq əməkdaşlar arasında bu cür yarışlar keçirir. Məqsəd isə polis işçilərinin fiziki hazırlığını yoxlamaq və Bakı şəhərində keçiriləcək respublika birinciliyinə gedəcək heyəti müəyyənləşdirməkdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Güləş Federasiyasının birgə təşkil etdiyi turnirin yekun nəticəsinə əsasən, komanda hesabında Naxçıvan Şəhər Polis İdarəsinin komandası qalib adını qazanıb. Digər iki pillədə isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının və Naxçıvan Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin komandaları qərarlaşıb.
Fərdi qaliblərə gəlincə, 7 çəki dərəcəsində Elşən Qasımov (55 kiloqram), Rəşad Həsənov (60 kiloqram), Mahir Babayev (66 kiloqram), Ramin Məmmədov (74 kiloqram), Cavanşir Yaqubov (84 kiloqram), Elməddin Abdullayev (96 kiloqram) və Rəşadət Nuriyev (120 kiloqram) bütün rəqiblərinə qalib gələrək baş mükafatı qazanıblar.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi daha bir uğura imza atıb. Türkiyənin Adana şəhərində keçirilən cüdo üzrə şəhərlərarası turnirdə naxçıvanlı idmançı da qüvvəsini sınayıb. Belə ki, 34 kiloqram çəki dərəcəsində mübarizə aparan Abbas Məmmədov bütün rəqiblərini məğlub edərək turnirin baş mükafatını qazanıb.
İdmançımız sonda təşkilatçılar tərəfindən medal, diplom və kubokla mükafatlandırılıb.