Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi daha bir uğura imza atıb. Mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirak edən və uğur qazanan federasiyanın yetirmələri bu dəfə respublika əhəmiyyətli yarışda mükafatlandırılıblar. Balakən şəhərində keçirilən sərbəst güləş üzrə məktəblilərin 10-cü ölkə birinciliyində idmançımız Abbas Həsənov fəxri kürsüyə yüksəlməyə müvəffəq olub. Yarımfinala kimi bütün rəqiblərini üstələyən güləşçimiz finala gedən yolda məğlubiyyətlə barışıb. Lakin üçüncü yer uğrunda görüşdə o, qalib gələrək ölkə birinciliyini bürünc medalla başa vurub.
İdmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.