Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında sərbəst güləş turniri keçirilib.
Turnirdə muxtar respublikanın şəhər və rayonlarının, ümumilikdə, 14 komandası və 100-ə yaxın güləşçisi iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edən Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayev bildirib ki, qurum mütəmadi olaraq əməkdaşlar arasında bu cür yarışlar keçirir. Məqsəd isə polis işçilərinin fiziki hazırlığını yoxlamaq və Bakı şəhərində keçiriləcək respublika birinciliyinə gedəcək heyəti müəyyənləşdirməkdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Güləş Federasiyasının birgə təşkil etdiyi turnirin yekun nəticəsinə əsasən, komanda hesabında Naxçıvan Şəhər Polis İdarəsinin komandası qalib adını qazanıb. Digər iki pillədə isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının və Naxçıvan Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin komandaları qərarlaşıb.
Fərdi qaliblərə gəlincə, 7 çəki dərəcəsində Elşən Qasımov (55 kiloqram), Rəşad Həsənov (60 kiloqram), Mahir Babayev (66 kiloqram), Ramin Məmmədov (74 kiloqram), Cavanşir Yaqubov (84 kiloqram), Elməddin Abdullayev (96 kiloqram) və Rəşadət Nuriyev (120 kiloqram) bütün rəqiblərinə qalib gələrək baş mükafatı qazanıblar.