5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında muxtar respublika birinciliyi keçirilib. Birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov bildirib ki, muxtar respublikamızda idmana göstərilən qayğı nəticəsində idmançılarımız beynəlxalq arenalarda bayrağımızı yüksəklərdə dalğalandırırlar. Keçirilən cüdo üzrə muxtar respublika birinciliyi göstərir ki, Naxçıvanda bu sahəyə maraq çoxdur. Gənclər və idman nazirinin müavini birincilikdə mübarizə aparan idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib.
Azərbaycan Cüdo Federasiyasının məsul işçisi, Azərbaycan Respublikasının ilk idman ustası Sahib İsmayılov çıxışında idmançılar üçün yaradılan şəraitin yüksək səviyyədə olduğunu bildirib. O, bu gün birincilikdə iştirak edən idmançılarımızın gələcəkdə ölkəmizi dünya arenalarında layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib. Qeyd olub ki, cüdonun Naxçıvanda sevilməsinin əsas səbəblərindən biri burada yaradılan şəraitdir. Bundan yararlanmaq və gələcəkdə böyük uğurlar qazanmaq üçün məşqlərə daha ciddi şəkildə yanaşmaq lazımdır. Çünki muxtar respublika idmanı hər zaman öz ənənələri ilə seçilib. Sahib İsmayılov çıxışının sonunda yarış iştirakçılarına uğurlar arzulayıb.
Müstəqil Azərbaycanın ilk olimpiya çempionu, Cüdo Federasiyasının əməkdaşı Nazim Hüseynov yarışı təşkil edənlərə öz minnətdarlığını bildirərək deyib ki, əsas məqsədimiz Azərbaycanda cüdonun inkişafına nail olmaqdır. Bunun üçün ölkənin bütün regionlarında bu idman növünün təbliği üçün işlər görülür. Bu gün Naxçıvanda cüdonun inkişafı, gənclər arasında sevilməsi və insanlarda bu növə marağın artırılması üçün hər bir şərait yaradılıb.
Azərbaycan Cüdo Federasiyasının Regionlarda cüdonun inkişafı sektorunun müdiri Tərlan Poladov və hakimlər kollegiyasının üzvü, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli çıxışlarında yarışın mahiyyəti, eləcə də ölkəmizdə və muxtar respublikada idmanın inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Sonra yarışa start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi birinciliyin reqlamentinə əsasən, 4 klubdan, ümumilikdə 91 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb.
“Naxçıvan Muxtar Respublikası”, “Tələbə İdman Klubu Naxçıvan”, “Şərur” və “Culfa” klublarını təmsil edən 2001-2003-cü il təvəllüdlü idmançılar mövcud qaydalara görə tatami üzərinə 30, 34, 38, 42, 46, 50, 55, 60, 66 və +66 kiloqarm çəki dərəcələrində çıxıblar.
Sonda ilk üç pillədə qərarlaşan idmançılara təşkilatçılar tərəfindən diplom, medal və cüdo geyimləri təqdim olunub.
Qeyd edək ki, cüdo idman növünün inkişafı üçün yeni idman avadanlıqları alınıb muxtar respublikaya gətirilib.
Naxçıvanda 5 mart bədən tərbiyəsi və idman gününə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublikasının birinciliyi keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan yarışda 4 klubdan ümumilikdə 91 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası, Tələbə İdman Klubu Naxçıvan, Şərur və Culfa klublarını təmsil edən iştirakçılar 10 çəki dərəcəsində yarışıblar. -30 kq, -34 kq, -38 kq, -42 kq,- 46 kq, -50 kq, -55 kq, -60 kq, -66 kq və +66kq çəki dərəcəlirəndə bütün qaliblərə medallar, Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası və Azərbaycan Cüdo federasiyasının təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında məşqçilər və idmançılar üçün seminar keçirilib.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan seminara Muxtar Respublikanın perespektivli cüdoçuları və məşqçi müəllimlər qatılıblar. Azərbaycan Cüdo Federasiyasının baş katibin müavini Sahib İsmayılov, "Regionlarda cüdonun inkişafı" sektorunun müdiri Tərlan Poladov və Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışıblar. Mәşqçilәrin yeniyetmә cüdoçularla iş prossesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk lazım olduğu izah edilib. Mәşqçilәri maraqlandıran suallar cavablandırılıb. Sonra beynəlxalq dərəcəli hakim Mətin Rəhimli bu ilin yanvar ayında Beynəlxalq Cüdo Federasiyasının Bakıda qəbul etdiyi yeni qaydaları iştirakçılara nəzəri və praktiki olaraq izah edib.
15-16 fevral 2017-ci il tarixlərdə İran İslam Respublikası Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində sərbəst güləş üzrə Beynəlxalq turnir keçirilib.
Beynəlxalq turnirdə Gürcüstan Respublikası, Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikası Qərbi Azərbaycan Vilayətinin 9 komandası mübarizə aparıb. Ümumilikdə 11 komandanın iştirak etdiyi yarışda Naxçıvan Muxtar Respublikasının 16 yaşdan yuxarı olan güləşçilərinin komandası bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıblar. 16 yaşadək olan güləşçilərimiz isə ikinci yeri tutublar.
Qalib və mükafatçı komandalarımız təşkilatçılar tərəfindən kubok və diplomlarla təltif edilib.
Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbində yeniyetmələr (2002-2004-cü illər) arasında yunan-Roma güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək yarışın qaydaları haqqında idmançılara məlumat veriblər.
Birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın güləşçi qüvvəsini sınayıb. Açıq birincilikdə Naxçıvan şəhəri və Sədərək rayonunun idmançıları iştirak ediblər. Yarışın yekununa əsasən, Mirsamir Seyidov, Turqay Allahverdiyev, Hüseyn Əhmədli, Heydər Nəcəfov, Heydər Heydərov, Abbas Nəzərəliyev, Əli Əlioğlu, Rəvan Bayramov, Elnur Əlizadə və Qoca Əhmədov müvafiq olaraq 35, 38, 42, 46, 50, 54, 58, 63, 69 və 76 kiloqram çəki dərəcələrində birinci yerə layiq görülüblər.
Hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.