5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında muxtar respublika birinciliyi keçirilib. Birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov bildirib ki, muxtar respublikamızda idmana göstərilən qayğı nəticəsində idmançılarımız beynəlxalq arenalarda bayrağımızı yüksəklərdə dalğalandırırlar. Keçirilən cüdo üzrə muxtar respublika birinciliyi göstərir ki, Naxçıvanda bu sahəyə maraq çoxdur. Gənclər və idman nazirinin müavini birincilikdə mübarizə aparan idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib.
Azərbaycan Cüdo Federasiyasının məsul işçisi, Azərbaycan Respublikasının ilk idman ustası Sahib İsmayılov çıxışında idmançılar üçün yaradılan şəraitin yüksək səviyyədə olduğunu bildirib. O, bu gün birincilikdə iştirak edən idmançılarımızın gələcəkdə ölkəmizi dünya arenalarında layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib. Qeyd olub ki, cüdonun Naxçıvanda sevilməsinin əsas səbəblərindən biri burada yaradılan şəraitdir. Bundan yararlanmaq və gələcəkdə böyük uğurlar qazanmaq üçün məşqlərə daha ciddi şəkildə yanaşmaq lazımdır. Çünki muxtar respublika idmanı hər zaman öz ənənələri ilə seçilib. Sahib İsmayılov çıxışının sonunda yarış iştirakçılarına uğurlar arzulayıb.
Müstəqil Azərbaycanın ilk olimpiya çempionu, Cüdo Federasiyasının əməkdaşı Nazim Hüseynov yarışı təşkil edənlərə öz minnətdarlığını bildirərək deyib ki, əsas məqsədimiz Azərbaycanda cüdonun inkişafına nail olmaqdır. Bunun üçün ölkənin bütün regionlarında bu idman növünün təbliği üçün işlər görülür. Bu gün Naxçıvanda cüdonun inkişafı, gənclər arasında sevilməsi və insanlarda bu növə marağın artırılması üçün hər bir şərait yaradılıb.
Azərbaycan Cüdo Federasiyasının Regionlarda cüdonun inkişafı sektorunun müdiri Tərlan Poladov və hakimlər kollegiyasının üzvü, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli çıxışlarında yarışın mahiyyəti, eləcə də ölkəmizdə və muxtar respublikada idmanın inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Sonra yarışa start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi birinciliyin reqlamentinə əsasən, 4 klubdan, ümumilikdə 91 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb.
“Naxçıvan Muxtar Respublikası”, “Tələbə İdman Klubu Naxçıvan”, “Şərur” və “Culfa” klublarını təmsil edən 2001-2003-cü il təvəllüdlü idmançılar mövcud qaydalara görə tatami üzərinə 30, 34, 38, 42, 46, 50, 55, 60, 66 və +66 kiloqarm çəki dərəcələrində çıxıblar.
Sonda ilk üç pillədə qərarlaşan idmançılara təşkilatçılar tərəfindən diplom, medal və cüdo geyimləri təqdim olunub.
Qeyd edək ki, cüdo idman növünün inkişafı üçün yeni idman avadanlıqları alınıb muxtar respublikaya gətirilib.