21-23 Fevral 2018-ci il tarixlərində Bakı şəhərində Sərhədçi İdman Kompleksində cüdo idman növü üzrə 21 yaşadək gənclər arasında Azərbaycan birinciliyi keçirilib. Muxtar respublikamızı yarışda təmsil edən idmançımız Abdulla İsmayılov 100 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
19-21 fevral tarixlərində isə Bakı şəhərində yerləşən Əl Oyunları İdman Sarayında keçirilən sərbəst və yunan-roma güləşi üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyində yunan-roma güləşçimiz Abbas İsayev 80 kiloqram çəki dərəcəsində üçüncü olub
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.
Naxçıvan Muxtar Respublikasında idmana və idmançılara göstərilən dövlət qayğısı, diqqəti qazanılan uğurlarda öz əksini tapır. Ötən il muxtar respublika idmançılarının ölkədaxili və beynəlxalq arenalardakı nailiyyətləri Naxçıvanda idman bazasının, idman ənənələrinin nə qədər geniş, çoxşaxəli olduğunun xəbərcisidir.
2018-ci ilə yeni qədəm qoymağımıza baxmayaraq, idmançılarımız artıq muxtar respublika idmanını beynəlxalq arenalarda layiqincə təmilsil edir, uğurlara imza atırlar. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası da 2018-ci ilə uğurla başlayıb. Belə ki, federasiyasının yetirmələri İran İslam Respublikasının Miyandab şəhərində sərbəst güləş üzrə beynəlxalq turnirdə iştirak ediblər.
İran İslam Respublikası, Türkiyə və Naxçıvan Muxtar Respublikasının, ümumilikdə, 9 komandanın mübarizə apardığı turnir 3 gün davam edib. Komanda və fərdi yarışlarda muxtar respublikamızın idmançıları böyük uğura imza ataraq beynəlxalq turnirin qalibi olublar. Belə ki, 14 idmançımız – Tuncay Məmmədov, Nicat Ocaqquliyev, Abbas Nəzərəliyev, Hüseyn Əhmədli, Rəvan Bayramov, Heydər Nəcəfov, Məhərrəm Səfərov, Sultan Quliyev, Məzahir İsmayılov, Bəhlul Əsgərli, Fariz Qurbanov, Novruz Ağayev, Yasin Cəfərov və Ələkbər Əsgərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxıblar. Digər 6 idmançımızdan Nurağa Əhmədov, Ərkal Məmmədov və Rza Vəliyev gümüş, Oruc Bayramov, Anar Həsənov və Yəhya Paşayev isə bürünc medal qazanıblar.
Sonda komanda hesabında qalib olan güləşçilərimiz təşkilatçılar tərəfindən kubok və fəxri diplomlarla mükafatlandırılıblar.
27 yanvar 2018-ci il tarixdə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və yarışın keçirilmə məqsədi haqqında idmançılara geniş məlumat vermişdir. Sonra Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək yarışın qaydaları haqqında danışmış və idmançılara qalibiyyət sevinci arzulamışdır. Naxçıvan MR Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə 10 çəki dərəcəsi üzrə 60-a yaxın idmançı iştirak etmişdir. Açıq birinciliyin yekununa əsasən, qızlar arasında 23 kq çəki dərəcəsində Cənnət Əliyeva, oğlanlar arasında isə Rəhim Qaybalıyev, Nihad Məmmədov, Səid Seyidov, Sami Səfərov, Məhəmməd İsayev, Faiq Məmmədli, Əziz Hacıyev, Rauf Cabbarlı və Məhəmməd Əlizadə müvafiq olaraq 23, 27, 30, 34, 38, 42, 46, 55 və +55 kq çəki dərəcələrində birinci yerlərə layiq görülmüşlər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının “2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr” mövzusunda iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Güləş Federasiyasının sədri Azər Zeynalov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Yaradılmış idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri, idmanın inkişafına göstərilən dövlət qayğısı gənclərin idmana olan marağını artırmış, istedadlı idmançıların yetişməsini təmin etmişdir. Hazırda muxtar respublikada 12 idman federasiyası fəaliyyət göstərir ki, onlardan da biri Güləş Federasiyasıdır.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası 16 il bundan əvvəl – 2002-ci ildə yaradılmışdır. Ötən müddət ərzində federasiya tərəfindən güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülmüşdür. Hazırda federasiyanın tərkibində yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələrdə güləş idman növləri üzrə qruplar fəaliyyət göstərir.
Azər Zeynalov qeyd etmişdir ki, Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Sədərək rayonlarında yaradılmış bölmələrdə, ümumilikdə, 95 qrupda 1258 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edir. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən muxtar respublika, şəhər və rayon birincilikləri və çempionatları təşkil olunmuş, yarışların qalib və mükafatçılarına diplom və hədiyyələr verilmişdir. Həmçinin idmançıların müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakları təmin edilmişdir.
Federasiya idmançılarının iştirak etdiyi yarışlar barədə məlumat verən federasiyanın sədri vurğulayıb ki, 2017-ci il ərzində güləş idman növləri üzrə idmançılar 2 beynəlxalq, 2 respublika turniri, 4 Azərbaycan birinciliyi, 2 muxtar respublika birinciliyində, milli və dövlət bayramları ilə əlaqədar 19 daxili birincilikdə iştirak etmişlər.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov 2017-ci ildə görülən işlər və keçirilən yarışlar barədə məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov isə çıxışında vurğulamışdır ki, güləş idman növü ötən il Naxçıvan Muxtar Respublikasının idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin diqqət mərkəzində olmuşdur. Nazirlik Güləş Federasiyası ilə birgə sərbəst güləş, yunan-Roma, cüdo və sambo idman növlərini inkişaf etdirmək və idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirmişdir. Ötən il Naxçıvan güləşçiləri respublika və beynəlxalq miqyaslı turnirlərdən fərdi qaydada 8 mükafat əldə etmişlər ki, bunların da üçü birincilik təşkil edir. Eyni zamanda 2017-ci ilin fevral ayında İran İslam Respublikasının Urmiya şəhərində keçirilmiş beynəlxalq turnirdə komanda hesabına qazanılmış qələbə də ötən ilin idman uğurları sırasındadır.
Güləş Federasiyasının sədri Azər Zeynalov 2018-ci ildə görüləcək işlərlə bağlı tapşırıqlar vermişdir. Bildirilmişdir ki, federasiya fəaliyyətini daha da gücləndirməli, federasiyanın 2018-ci il üçün tədbirlər planında nəzərdə tutulan tədbirlərin icrası vaxtında təmin edilməli, idmançıların ölkə və beynəlxalq yarışlara hazırlıq səviyyəsi artırılmalı, güləşin bütün növləri üzrə yarışlar keçirilməlidir. Tanınmış məşqçilərin muxtar respublikaya dəvət edilməsi, burada seminar və məşğələlər keçirmələri diqqətdə saxlanılmalıdır. Federasiyanın bölmələri fəaliyyətlərini gücləndirməli, gənclərin bölmələrə cəlbi, eləcə də bölmələrarası güləş yarışlarının keçirilməsi təmin edilməlidir. Yarışlarda yüksək nailiyyətlər əldə edən idmançılar həvəsləndirilməlidir.
Sonda federasiya sədri iclasa yekun vuraraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası 2018-ci ildə də fəaliyyətini muxtar respublikada güləş idman növünün inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində quracaqdır.
Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. Üç gün davam edən respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparıb.
Yarışın sonuncu günündə kişilər arasında tatami üzərinə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançısı Şahin Qəhrəmanov çıxıb. +100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada “Qəbələ” idman klubunun idmançısı Uşanqi Kokaurini məğlub edib və ölkə çempionu adına layiq görülüb.
Sonda qalib idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.