Naxçıvan Muxtar Respublikasında idmana və idmançılara göstərilən dövlət qayğısı, diqqəti qazanılan uğurlarda öz əksini tapır. Ötən il muxtar respublika idmançılarının ölkədaxili və beynəlxalq arenalardakı nailiyyətləri Naxçıvanda idman bazasının, idman ənənələrinin nə qədər geniş, çoxşaxəli olduğunun xəbərcisidir.
2018-ci ilə yeni qədəm qoymağımıza baxmayaraq, idmançılarımız artıq muxtar respublika idmanını beynəlxalq arenalarda layiqincə təmilsil edir, uğurlara imza atırlar. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası da 2018-ci ilə uğurla başlayıb. Belə ki, federasiyasının yetirmələri İran İslam Respublikasının Miyandab şəhərində sərbəst güləş üzrə beynəlxalq turnirdə iştirak ediblər.
İran İslam Respublikası, Türkiyə və Naxçıvan Muxtar Respublikasının, ümumilikdə, 9 komandanın mübarizə apardığı turnir 3 gün davam edib. Komanda və fərdi yarışlarda muxtar respublikamızın idmançıları böyük uğura imza ataraq beynəlxalq turnirin qalibi olublar. Belə ki, 14 idmançımız – Tuncay Məmmədov, Nicat Ocaqquliyev, Abbas Nəzərəliyev, Hüseyn Əhmədli, Rəvan Bayramov, Heydər Nəcəfov, Məhərrəm Səfərov, Sultan Quliyev, Məzahir İsmayılov, Bəhlul Əsgərli, Fariz Qurbanov, Novruz Ağayev, Yasin Cəfərov və Ələkbər Əsgərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxıblar. Digər 6 idmançımızdan Nurağa Əhmədov, Ərkal Məmmədov və Rza Vəliyev gümüş, Oruc Bayramov, Anar Həsənov və Yəhya Paşayev isə bürünc medal qazanıblar.
Sonda komanda hesabında qalib olan güləşçilərimiz təşkilatçılar tərəfindən kubok və fəxri diplomlarla mükafatlandırılıblar.