Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Güləş Federasiyasının yetirmələri beynəlxalq turnirdən medallarla qayıdıblar

 

 

 

Türkiyənin Sakarya şəhərində cüdo üzrə VI beynəlxalq turnir keçirilib. Üç gün davam edən turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də mübarizə aparıb. İki idmançı ilə turnirdə təmsil olunan federasiyanın yetirmələrinin hər biri mükafatçılar siyahısına düşüb. 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Abdulla İsmayılov turnirin qalibi adını qazanıb. 38 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Abbas Məmmədov isə yalnız finalda məğlub olub və turniri ikinci pillədə başa vurub.
Sonda qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.

 

 

 

Hacı Əliyevdən ustad dərsləri

5-21 avqust 2016-cı il tarixlərdə Brazilyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak edən və 57 kq çəki dərəcəsində bürünc medala layiq görülən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Əliyev Hacı Azər oğlu 29 avqust 2016-cı il tarixdə Uşaq-Gənclər İdman Məktəbində idmançılara ustad dərsləri keçmişdir. İdmançılarla görüşən Hacı Əliyevə sonda qazandığı uğura görə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən qiymətli hədiyyə verilmişdir.

 

 

Güləş birinciliyinə yekun vurulub

 

 

 

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr (2006-2008-ci illər təvəllüdlü) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. 
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 50-dən çox güləşçi mübarizə aparıb. 
Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov bildiriblər ki, birinciliyin keçirilməsində məqsəd yeniyetmələri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onları sərbəst güləş idman növünə cəlb etməklə bu idman növünün inkişafına və kütləviliyinə nail olmaqdır. 
Yarışın keçirilmə qaydaları haqqında da idmançılara geniş məlumat verilib.
Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Sinan Rzayev, Hidayət İbrahimov, Namiq Əlizadə, Uğur Cəfərov, Ülvi İsmayılov, Ləzgi Xudadanlı, Altay Hacıyev, Nurlan Musayev, Mətin İmanov və Mirsadiq Seyidov müvafiq olaraq 20, 23, 26, 29, 32, 35, 38, 42, 46 və 53 kiloqram çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

 

 

 

 

 

Cüdoçumuz turnirin qalibi oldu

 

 

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 22-ci ildönümü münasibətilə Masallı rayonunda uşaqlar və yeniyetmələr arasında cüdo üzrə açıq turnir keçirilib. Turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Abbas Məmmədov da iştirak edib. Tatami üzərinə 38 kiloqram çəki dərəcəsində çıxan idmançımız bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıb.
Qalib idmançımız diplom və medalla təltif olunub.