Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Güləşçilər üçün seminarlar keçirilir

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən seminarlar davam etdirilir.
Noyabrın 10-da Naxçıvan şəhərində, noyabrın 11-də isə Şərur rayonunda belə seminarlar təşkil olunub. 
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində keçirilən seminarda məktəbin 50-dən artıq güləşçisi iştirak edib. Daha sonra seminar Şərur rayonunda keçirilib.
Seminarlarda beynəlxalq dərəcəli idman ustası, Azərbaycanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Əsgərxan Novruzov, kiçikyaşlı yeniyetmələrin baş məşqçisi, idman ustası Elşad Allahverdiyev və gənclərdən ibarət yığma komandanın baş məşqçisinin köməkçisi, idman ustası Rövşən Hacıyev idmançılara güləş idman növünün taktiki-texniki xüsusiyyətləri, yeni qaydaları barədə ətraflı məlumat veriblər. Bildirilib ki, belə seminarların keçirilməsinin əsas səbəbi beynəlxalq qaydaların dəyişməsi ilə bağlıdır. Belə ki, beynəlxalq idman qurumları qaydalarda dəyişiklik etdikdən sonra ölkə daxilində fəaliyyət göstərən federasiyalara yeni qaydalar haqqında məlumat verirlər. Məşqçilər isə, öz növbəsində, seminarlar təşkil etməklə idmançılara yeni qaydalar barədə izah verir, onları taktiki-texniki baxımdan məlumatlandırırlar.

Keçirilən seminardan sonra həmsöhbət olduğumuz Əsgərxan Novruzov dedi: “Mən güləş karyerama məhz Naxçıvanda başlamışam. Uzun illər burada güləşin sirlərini öyrənmişəm. Bizim dövrümüzdə bu idman növünə o qədər də maraq göstərilmirdi. Səbəbi isə şəraitin olmaması idi. Lakin indi uşaq və yeniyetmə güləşçilərin püxtələşməsi, peşəkar olması üçün hərtərəfli şərait yaradılıb. Məşqlərdə də gördüm ki, muxtar respublikada istedadlı idmançılar çoxdur və onlar peşəkar güləşçi kimi yetişirlər. Uşaqlar fiziki baxımdan mükəmməl hazırlaşırlar. Onlar yarış təcrübələrini artırmaqla gələcəkdə Azərbaycan yığmasının da şərəfini qorumağa qadirdilər”.
Elşad Abdullayev isə bizimlə söhbətində seminarın mahiyyətindən danışdı: “Belə seminarların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Çünki güləşin qaydaları tez-tez dəyişir və bunu güləşçilərə çatdırmaq vacibdir. Keçirdiyimiz seminarlarda istedadlı uşaqların adlarını qeyd etmişik və federasiya rəsmilərinə də bildirmişik. Məqsədimiz millinin məşq proseslərini azca da olsa, Naxçıvanda güləşlə məşğul olan uşaqlara aşılamaqdır. Yaradılan şəraitə baxıb deyə bilərəm ki, gələcək­də Naxçıvan güləşçiləri daha böyük uğurlar əldə edəcəklər”.
İdman ustası Rövşən Hacı­yev də seminarlarla bağlı fikirlərini bildirdi: “Bu gün muxtar respublikada uşaqların bu sahə ilə peşəkar səviyyədə məşğul olmaları üçün hər bir şərait var. Elə apardığımız seminarlar bunu bir daha təsdiq edir. Keçirilən belə seminarları gələcəkdə də davam etdirəcəyik”.
Bununla yanaşı, Güləş Federasiyası uşaq və yeniyetmə güləşçilər üçün ustad dərsləri də təşkil edib. Dərslərdə məşqçi-müəllim kimi Naxçıvan güləş məktəbinin yetirməsi, sərbəst güləş üzrə ikiqat dünya çempionu, Azərbaycan güləş tarixində ilkə imza atmış Hacı Əliyev iştirak edib. O, məşqlər zamanı öz karyerasında qazandığı təcrübəsini bu idman növünə marağı olan uşaq və yeniyetmə güləşçilərə aşılamağa çalışıb və onlara öz tövsiyələrini verib.
Qeyd edək ki, seminarlar noyabr ayının 15-nə kimi davam edəcək.