Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi yarış iki gün davam edib və 10 çəki dərəcəsində 80-ə yaxın idmançının tatami üzərinə çıxıb.
Yarışın son günündə yarımfinal və final görüşlərinə start verilib. Nəticəyə əsasən, Ayxan Abbasov (30 kiloqram), Abbas Məmmədov (34 kiloqram), Fuad Əşrəfli (38 kiloqram), Əli Əlizadə (41 kiloqram), Fəxrəddin Rüstəmov (46 kiloqram), Vüqar Allahverdiyev (50 kiloqram), Məhəmməd Əliyev (55 kiloqram), Elsevər Məmmədov (60 kiloqram), Murad Mustafayev (66 kiloqram) və Aqil Musayev (66+ kiloqram) həlledici qarşılaşmalarda qalib gələrək birinciliyin baş mükafatını qazanıblar.
Qalibləri Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və Azərbaycan Cüdo Federasiyası Hakimlər Kollegiyasının sədri Fariz Hüseynov mükafatlandırıblar.