Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri beynəlxalq turnirdə uğura imza atıblar.
Belə ki, 8-20 avqust tarixlərində Türkiyənin Sakarya şəhərində valilik kuboku uğrunda cüdo üzrə “Zəfər həftəsi” beynəlxalq turniri keçirilib.
Naxçıvan cüdo məktəbinin yetirmələri uğurlu çıxışları ilə hamının diqqətini cəlb edib. 42 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Abbas Məmmədov finala kimi bütün rəqiblərini məğlub edib. Həlledici görüşdə üstünlüyü əldən verən idmançımız beynəlxalq turniri gümüş medalla başa vurub. Komandamıza gümüş medal qazandıran digər cüdoçu Aqil Musayev olub. O, 90 kiloqram çəki dərəcəsində bu uğura imza atıb.
Sonda idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.