Bu gün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir ki, bu da özünü əldə olunan uğurlu nəticələrdə göstərir. Ötən illər ərzində idman infrastrukturu yenilənib, maddi-texniki baza gücləndirilib. Hazırda muxtar respublikamızın bütün bölgələrində dünya standartlarına cavab verən Olimpiya-İdman kompleksləri, idman zalları tikilib istifadəyə verilib, ölkədə qısa müddətdə güclü idman infrastrukturu yaratmağın Naxçıvan modeli formalaşıb.
Bunun səbəbi isə mütəmadi olaraq idmanın və idmançıların diqqətdə saxlanılmasıdır. Naxçıvanda fəaliyyət göstərən idman obyektləri, demək olar ki, hər il yeni avadanlıqlarla təmin olunur. Bunlardan biri də Naxçıvan şəhər İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbidir. Sərbəst, yunan-Roma güləşi, cüdo və sambo idman növlərini uşaq və gənclərə öyrədən məktəb yenidən təmir olunur. Hazırda məktəbin zalında təmir işləri başa çatıb, burada idman avadanlıqları qurulub. Həmçinin zal yeni cüdo tatamisi ilə təmin edilib.
Qeyd edək ki, bu gün məktəbdə 500-ə yaxın uşaq və yeniyetmə 4 idman növü ilə məşğul olur.