Tovuz rayonunda yeniyetmələrin XI respublika oyunları çərçivəsində cüdo yarışlarına yekun vurulub.
Turnirin açılış mərasimində Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin rəsmiləri, tanınmış mütəxəssislər çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayıblar. Natiqlər cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkil etdiyi yarışda 34 klubdan 131 oğlan və 40 qız cüdoçu medallar uğrunda mübarizə aparıb.
Yarışın ilk günü qızlarda bütün çəki dərəcələrində (28, 32, 36, 40, 44, 48, 52, 57, 63 və +63 kiloqram) qaliblər müəyyənləşib. Oğlanların mübarizəsində isə 34, 38, 42, 46, 50, 55, 60, 66, 73 və +73 kiloqram çəki dərəcələrində yarışan cüdoçular arasında qaliblərin adına aydınlıq gəlib.
Keçirilən yarışda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də iştirak edib. Belə ki, 46 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Fuad Əşrəfli final görüşünə kimi bütün rəqiblərinə qalib gəlib. Son görüşdə Qusar cüdoçusu Ərəbxan Ramazanova məğlub olan idmançımız yeniyetmələrin cüdo üzrə respublika oyunlarında gümüş medal qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.