Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Cüdo üzrə seminar və muxtar respublika birinciliyi keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının birgə təşkilatçılığı ilə məşqçi-müəllimlər və idmançılar üçün taktiki-texniki seminar keçirilib.
Naxçıvan şəhər Uşaq-Gənclər İdman Məktəbində keçirilən seminarda Azərbaycan Cüdo Federasiyasının regionlar üzrə kuratoru, 2 qat Avropa çempionu Tərlan Poladov, cüdo üzrə Azərbaycan yığma komandasının köməkçi-məşqçisi Vüsal Cəfərov və beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov iştirak ediblər. Seminarda idmançıların yarışa hazırlıq prosesi, çəki və qidalanmalarına nəzarət barədə təlimatlar verilib, məşqçilərin yarışlarda tələbələrini idarəetmə bacarığı, özünüaparma qaydaları geniş müzakirə olunub. Tədbirdə cüdo idman növündə qəbul edilən yeni qaydalar iştirakçılara nəzəri və praktik olaraq izah edilib.
Dünən 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmələr arasında (2003-2005-ci illər) cüdo üzrə Naxçıvan Muxtar Respublika birinciliyi də keçirilib. Birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov bildirib ki, bu idman növünün inkişafı üçün muxtar respublikada hər cür şərait yaradılıb. Cüdonun Naxçıvanda sevilməsinin əsas səbəblərindən biri də məhz budur. Bundan yararlanmaq və gələcəkdə böyük uğurlar qazanmaq üçün məşqlərə daha ciddi şəkildə yanaşmaq lazımdır.
Azərbaycan Cüdo Federasiyasının regionlar üzrə kuratoru Tərlan Poladov seminarı və birinciliyi təşkil edənlərə öz minnətdarlığını bildirərək deyib ki, əsas məqsədimiz Azərbaycanda cüdonun inkişafına nail olmaqdır.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov isə çıxışında yarışın mahiyyəti, eləcə də ölkəmizdə və muxtar respublikada idmanın inkişafı istiqamətində görülən işlərdən danışıb.
Sonra yarışa start verilib. Birincilikdə Naxçıvan şəhər idmançıları ilə yanaşı, digər rayon cüdoçuları da mübarizə aparıblar. Yarışda 10 çəki dərəcəsi üzrə 100-dən çox idmançı qüvvəsini sınayıb.
Nəticəyə əsasən, Səid Seyidov (30 kiloqram, Naxçıvan), Cəfər Məmmədli (34 kiloqram, Culfa), Osman Məmmədov (38 kiloqram, Culfa), Ayxan İsmayılzadə (42 kiloqram, Şərur), Abbas Məmmədov (46 kiloqram, Culfa), Fuad Əşrəfli (50 kiloqram, Naxçıvan), Emil Nəzərov (55 kiloqram, Culfa), İsmayıl Abbasov (60 kiloqram, Naxçıvan), Coşqun Əliyev (66 kiloqram, Naxçıvan) və Elamin Zeynalov (66+ kiloqram, Heydər Əliyev adına Hərbi Lisey) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda I, II və III yeri tutan idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.