21 aprel 2018-ci il tarixdə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında azyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirmişdir ki, bu yarışı keçirməkdə məqsədimiz idmançıları zərərli vərdişlərdən kənarlaşdırmaq və onları idmana cəlb etməkdən ibarətdir. Sonra isə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat vermiş və yarışa start verilmişdir. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 60 idmançı öz qüvvələrini sınamışlar. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə, Turqay Məmmədli, Ayxan Sərxanlı, Namiq Əlizadə, Uğur Cəfərov, Xəzər Abdullayev, Eldar Abdullayev, Onur Əlizadə, Elxan Əhmədli, Süleyman Məmmədov, Bayram Allahverdi və Murad Mirzəmmədov müvafiq olaraq 26, 29, 32, 35, 38, 42, 47, 51, 54, 58 və 63 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi adını qazanmışlar. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılmışdır.