Məşqçi və idmançıların mükafatlandırılması diyarımızda idmana göstərilən diqqətin təzahürüdür
Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında cəmiyyətin bütün sahələri kimi, idman da inkişaf dövrünü yaşayır. İdmana və idmançılara göstərilən diqqətin bariz nümunəsi kimi 5 mart – Bədən Tərbiyəsi və İdman Günündə keçirilən “İdman festivalı”nın muxtar respublikada təşkili diyarımızda əsl bayram ab-havası yaratdı. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən ilk dəfə təşkil olunan tədbirdə bir çox mütəxəssis və idmançı mükafata layiq görüldü. Onlarla görüşüb fikirlərini öyrəndik.
Yetirmələri dəfələrlə Azərbaycan, beynəlxalq səviyyəli yarışların qalibi və mükafatçısı, dünya çempionatının iştirakçısı olan Hikmət Hüseynov 29 ildir, sərbəst güləş idman növü üzrə məşqçidir. Məşqçilik karyerasını davam etdirən və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin dərs hissə müdiri olan 52 yaşlı mütəxəssis 5 mart – Bədən Tərbiyəsi və İdman Günündə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülüb. O deyir: “Azərbaycanda gənclər siyasətinin mühüm tərkib hissəsi olan idmanın inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ulu öndər Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və təbliği baxımından idmanın rolunu yüksək qiymətləndirir, idmançılara böyük qayğı ilə yanaşırdı. Məhz bu diqqət və qayğı sayəsində ölkəmiz qısa bir müddətdə dünyanın idman dövlətlərindən birinə çevrildi, Azərbaycan gəncliyi beynəlxalq arenada bir-birindən parlaq qələbələrə imza atmağa başladı”.
Məşqçi-müəllim Hikmət Hüseynov muxtar respublikada da idmanın inkişafına göstərilən diqqət və qayğını vurğulayaraq bildirdi ki, bu sahədə qazanılan nailiyyətlər, eyni zamanda diyarımızın inkişaf səviyyəsini, iqtisadi potensialını əks etdirən mühüm meyarlardan biridir. Bu baxımdan Naxçıvanın dinamik inkişafı idmanda qazanılan uğurlarla ahəngdarlıq təşkil edir. Gələcək nəsillərə miras qoyulan idman ənənəmizi, dövlətimizi, bayrağımızı, doğma Naxçıvanımızı bu gün dünya arenalarında layiqincə təmsil edən idmançılarımız var.
30 ildən çoxdur, cüdo ilə məşğul olan Azər Qənbərov idman ustası, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” adına layiq görülən 56 yaşlı mütəxəssisin yetirmələri dəfələrlə Azərbaycan birinciliklərinin mükafatçısı olublar. Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində çalışan Azər Qənbərovun fikrincə, Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində məşqçi olmaq şərəfli bir peşəyə çevrilib: “Son zamanlar məşqçisi olduğum cüdo bölmələrinə uşaq, yeniyetmə və gənclərin axını bir daha göstərir ki, onlar idmanla müntəzəm məşğul olmaq istəyirlər. Muxtar respublikada idmanın inkişafı üçün hər bir şərait yaradılıb. Bu inkişaf gənc nəsli həm sağlam, möhkəm iradəli, həm də vətənpərvər kimi yetişdirmək məqsədini daşıyır”.
İdman ustası olan məşqçi qeyd etdi ki, Naxçıvanda idmanın inkişafı artıq sistemli xarakter daşıyır. Belə ki, yetişməkdə olan idmançıların fəaliyyəti təkcə bu sahə ilə məhdudlaşmır. Onlar möhkəm iradəli olmaqla yanaşı, həm də vətənpərvərlik ruhunda böyüyür, müxtəlif yarışlarda, beynəlxalq arenalarda Vətən sevgisi ilə mübarizə aparırlar. Təbii ki, uğurlar da dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Məşqçilər adından bütün uğurlarımızı daim diqqətdə saxlayan muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.
Cüdo üzrə keçirilən polislərarası Azərbaycan çempionatının qalibi olan Elvin Əliquliyev 11 ildir, məşqçi-müəllim kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri diplomuna layiq görülən 35 yaşlı məşqçinin yetirmələri dəfələrlə ölkə səviyyəli yarışların qalibi və mükafatçısı olub: “İştirak etdiyim yarışlarda, turnirlərdə Naxçıvanı, Azərbaycanı layiqincə təmsil etməyə çalışmışam. İndi də yetirmələrimə hər zaman iştirakçısı olduqları yarışlarda Vətən sevgisi ilə mübarizə aparmağı aşılayıram. Əgər idmançının ruhunda vətənpərvərlik hissi varsa, o, istənilən rəqibə qalib gəlmək gücünə də malikdir. Bizim ən böyük sərvətimiz Vətənimizdir və ona xidmət etmək hər birimizin borcudur. Dövlətimiz isə hər zaman bu sahədə əməyimizi qiymətləndirir, mükafatlandırır. Naxçıvanda idmana olan diqqət, idmançılara, məşqçilərə göstərilən qayğını sözlə ifadə etmək mümkün deyil. “İdman festivalı”nın muxtar respublikamızda keçirilməsi tarixə yazıldı. Çalışacağıq ki, muxtar respublika rəhbərinin bizə göstərdiyi etimadı doğruldaq”.
Bakı şəhər Şağan Olimpiya İdman Kompleksində Minbulaq Hüseynovun xatirəsinə həsr olunmuş 2005-2006-cı illər təvəllüdlü idmançılar arasında sərbəst güləş üzrə IV açıq respublika turniri keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları da iştirak ediblər.
İdmançılarımızdan 38 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramil İsmayılov yalnız final görüşündə məğlub olaraq turnirin gümüş medalını qazanıb. 52 kiloqram çəki dərəcəsində isə Tuncay Məmmədov turnirin üçüncüsü olub.
Sonda idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
1 fevral 2020-ci il tarixdə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “2 fevral-Gənclər günü” münasibətilə yeniyetmə və gənclər (2005-2007-ci illər) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və gənclər günü haqqında idmançılara geniş məlumat vermişdir. Daha sonra çıxış edənlər yarışın qaydaları haqqında danışmış və idmançılara qalibiyyət sevinci arzulamışlar. Naxçıvan MR Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə 8 çəki dərəcəsi üzrə 40 idmançı iştirak etmişdir. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekununa əsasən, Vüqar Nuriyev 34 kq, Əli Seyidov 38 kq, Səid Seyidov 42 kq, Murad Rzazadə 46 kq, Amin Nadirli 50 kq, İlham Baxşəliyev 55 kq, Ənvər Gülmalıyev 60 kq və Tural Hümbətov 66 kq çəki dərəcələrində birinci yerlərə layiq görülmüşlər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.
25 yanvar 2020-ci il tarixdə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr (2007-2008-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirmişdir ki, birinciliyin keçirilməsində məqsəd yeniyetmələri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları sağlam həyat tərzinə uyğunlaşdırmaqdan ibarət olmuşdur. Daha sonra Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək idmançılara qalibiyyət sevinci arzulamışdır. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 60 idmançı öz qüvvələrini sınamışlar. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə, Turqay Məmmədli 29 kq, Məhəmməd İsmayılov 32 kq, Elmir Əsgərov 35 kq, Namiq Əlizadə 38 kq, Pərviz Ağayev 42 kq, Xəzər Abdullayev 47 kq, Elnur Məmmədov 53 kq, Elbrus Kazımov 58 kq, Elxan Əhmədli 63 kq, Fərhad Rzayev 69 kq və İlkin Həziyev 76 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olmuşlar. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.