Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Müasir Naxçıvanın zəngin idman ənənələri

 Məşqçi və idmançıların mükafatlandırılması diyarımızda idmana göstərilən diqqətin təzahürüdür

Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında cəmiyyətin bütün sahələri kimi, idman da inkişaf dövrünü yaşayır. İdmana və idmançılara göstərilən diqqətin bariz nümunəsi kimi 5 mart – Bədən Tərbiyəsi və İdman Günündə keçirilən “İdman festivalı”nın muxtar respublikada təşkili diyarımızda əsl bayram ab-havası yaratdı. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən ilk dəfə təşkil olunan tədbirdə bir çox mütəxəssis və idmançı mükafata layiq görüldü. Onlarla görüşüb fikirlərini öyrəndik. 

Yetirmələri dəfələrlə Azərbaycan, beynəlxalq səviyyəli yarışların qalibi və mükafatçısı, dünya çempionatının iştirakçısı olan Hikmət Hüseynov 29 ildir, sərbəst güləş idman növü üzrə məşqçidir. Məşqçilik karyerasını davam etdirən və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin dərs hissə müdiri olan 52 yaşlı mütəxəssis 5 mart – Bədən Tərbiyəsi və İdman Günündə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülüb. O deyir: “Azərbaycanda gənclər siyasətinin mühüm tərkib hissəsi olan idmanın inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ulu öndər Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və təbliği baxımından idmanın rolunu yüksək qiymətləndirir, idmançılara böyük qayğı ilə yanaşırdı. Məhz bu diqqət və qayğı sayəsində ölkəmiz qısa bir müddətdə dünyanın idman dövlətlərindən birinə çevrildi, Azərbaycan gəncliyi beynəlxalq arenada bir-birindən parlaq qələbələrə imza atmağa başladı”.
Məşqçi-müəllim Hikmət Hüseynov muxtar respublikada da idmanın inkişafına göstərilən diqqət və qayğını vurğulayaraq bildirdi ki, bu sahədə qazanılan nailiyyətlər, eyni zamanda diyarımızın inkişaf səviyyəsini, iqtisadi potensialını əks etdirən mühüm meyarlardan biridir. Bu baxımdan Naxçıvanın dinamik inkişafı idmanda qazanılan uğurlarla ahəngdarlıq təşkil edir. Gələcək nəsillərə miras qoyulan idman ənənəmizi, dövlətimizi, bayrağımızı, doğma Naxçıvanımızı bu gün dünya arenalarında layiqincə təmsil edən idmançılarımız var.

 

30 ildən çoxdur, cüdo ilə məşğul olan Azər Qənbərov idman ustası, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” adına layiq görülən 56 yaşlı mütəxəssisin yetirmələri dəfələrlə Azərbaycan birinciliklərinin mükafatçısı olublar. Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində çalışan Azər Qənbərovun fikrincə, Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində məşqçi olmaq şərəfli bir peşəyə çevrilib: “Son zamanlar məşqçisi olduğum cüdo bölmələrinə uşaq, yeniyetmə və gənclərin axını bir daha göstərir ki, onlar idmanla müntəzəm məşğul olmaq istəyirlər. Muxtar respublikada idmanın inkişafı üçün hər bir şərait yaradılıb. Bu inkişaf gənc nəsli həm sağlam, möhkəm iradəli, həm də vətənpərvər kimi yetişdirmək məqsədini daşıyır”.
İdman ustası olan məşqçi qeyd etdi ki, Naxçıvanda idmanın inkişafı artıq sistemli xarakter daşıyır. Belə ki, yetişməkdə olan idmançıların fəaliyyəti təkcə bu sahə ilə məhdudlaşmır. Onlar möhkəm iradəli olmaqla yanaşı, həm də vətənpərvərlik ruhunda böyüyür, müxtəlif yarışlarda, beynəlxalq arenalarda Vətən sevgisi ilə mübarizə aparırlar. Təbii ki, uğurlar da dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Məşqçilər adından bütün uğurlarımızı daim diqqətdə saxlayan muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.

Cüdo üzrə keçirilən polislərarası Azərbaycan çempionatının qalibi olan Elvin Əliquliyev 11 ildir, məşqçi-müəllim kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri diplomuna layiq görülən 35 yaşlı məşqçinin yetirmələri dəfələrlə ölkə səviyyəli yarışların qalibi və mükafatçısı olub: “İştirak etdiyim yarışlarda, turnirlərdə Naxçıvanı, Azərbaycanı layiqincə təmsil etməyə çalışmışam. İndi də yetirmələrimə hər zaman iştirakçısı olduqları yarışlarda Vətən sevgisi ilə mübarizə aparmağı aşılayıram. Əgər idmançının ruhunda vətənpərvərlik hissi varsa, o, istənilən rəqibə qalib gəlmək gücünə də malikdir. Bizim ən böyük sərvətimiz Vətənimizdir və ona xidmət etmək hər birimizin borcudur. Dövlətimiz isə hər zaman bu sahədə əməyimizi qiymətləndirir, mükafatlandırır. Naxçıvanda idmana olan diqqət, idmançılara, məşqçilərə göstərilən qayğını sözlə ifadə etmək mümkün deyil. “İdman festivalı”nın muxtar respublikamızda keçirilməsi tarixə yazıldı. Çalışacağıq ki, muxtar respublika rəhbərinin bizə göstərdiyi etimadı doğruldaq”.