Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Uğurun prinsipi: dövlətin diqqəti və yaradılan şərait

Bir məqsəd uğrunda mübarizə aparan məşqçimiz

Bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi idmanın da inkişafına böyük diqqət və qayğı ilə yanaşılır. Bunun nəticəsidir ki, idmançılarımız müxtəlif ölkədaxili və beynəlxalq turnirlərdə, yarışlarda muxtar diyarımızın idman ənənələrini layiqincə təmsil edirlər. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı idmanın inkişafına bilavasitə təsir göstərib. İdmançılarımızla yanaşı, məşqçilərimizin də uğur qazanması, onların beynəlxalq seminar və treninqlərdə iştirakının təmin edilməsi gələcək nəslin sağlam və vətənpərvər ruhda tərbiyəsinin göstəricisidir. 5 mart – Bədən Tərbiyəsi və İdman Gününü qeyd etdiyimiz ərəfədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya qərarı ilə ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərinə görə bir sıra idmançılara və idman mütəxəssislərinə fəxri adları təsdiqləyən vəsiqə və döş nişanları təqdim edilib. Bu ada layiq görülənlər içərisində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının məşqçi-müəllimi Seymur Məmmədov da var.

Biz də, öz növbəmizdə, fəxri ada layiq görülən məşqçinin fikirlərini öyrəndik.

“Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı ilə təltif olunan digər bir idmançımız Seymur Məmmədov 20 ilə yaxındır, məşqçi-müəllim kimi İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində çalışır. Tələbələri Azərbaycan və güləş üzrə uşaqların dünya çempionu adını qazanan məşqçinin böyük arzusu var: “Naxçıvanda istər məşqçilər, istərsə də idmançılar üçün hər bir şərait yaradılıb. Bundan bəhrələnmək, uğur qazanmaq isə bizim əsas vəzifə borcumuzdur. İdmana göstərilən diqqəti hər zaman hiss etmişik və bunun nəticəsi kimi yetirmələrimiz keçirilən beynəlxalq turnirlərdə ölkə bayrağını layiqincə dalğalandırıblar. Bu, biz məşqçilər üçün fəxrdir. Çünki hər bir məşqçinin ən böyük arzusu tələbəsini fəxri kürsüdə görməkdir. Ən böyük arzum məktəbimizin yetirməsinin muxtar respublikaya olimpiya qızılı ilə qayıtmasıdır. Qısa vaxt kəsiyində bunun reallaşacağına inanıram. Bu ada layiq görülməyim isə təkcə mənim yox, Güləş Federasiyasının uğurudur. Bir daha göstərilən diqqət və qayğıya görə bütün məşqçilər adından muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.

Muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi,  Gənclər Fondu, Azərbaycan Cüdo Federasiyası və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə cüdo üzrə yeniyetmələr (2008-2010-cu il təvəllüdlü) arasında 5 mart – Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş muxtar respublika birinciliyi keçirilib.

    Naxçıvan şəhərindəki İlham      Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birincilikdə      100-dən çox idmançı tatami üzərinə çıxıb.
    Beynəlxalq Cüdo Federasiyasının yeni qaydaları çərçivəsində təşkil olunan birincilikdə idmançılar 10 çəki dərəcəsində qüvvələrini sınayıblar. Yarışın yekun nəticəsinə əsasən qızlar arasında qalib adına Səkinə Bağırlı layiq görülüb. 
    Oğlanların mübarizəsində Rəhim Qaybalıyev (34 kiloqram), Eldar Əliyev (38 kiloqram), Məhəmməd Mədətli (42 kiloqram), Qurban Məmmədli (46 kiloqram), Arif Cabbarov (50 kiloqram), Ülvü Babayev (55 kiloqram), Aqil Hüseynov (60 kiloqram), Gürkan Quliyev (66 kiloqram), Oğuz Qasımov (73 kiloqram) və Rəhman Qənbərli (+73 kiloqram) öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.
    Sonda qaliblər diplom və medalla mükafatlandırılıb. Mükafatları gənc­lər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli və Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu təqdim ediblər.

 

 

 

Yeni qaydalarla bağlı seminar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Güləş Federasiyasının təşkilatçılığı ilə cüdoda tətbiq edilən yeni qaydalarla bağlı hakimlər və məşqçilər üçün seminar keçirilib.

    Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin iştirakı ilə hakimlər üzrə menecer, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli tərəfindən keçirilən seminarda hakimlərlə yanaşı, müxtəlif klubların, cəmiyyətlərin və idman komandalarının məşqçiləri iştirak ediblər. 
    Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı  iştirakçılara uğurlar arzu edib. Elnur Məmmədli yeni qaydalarda tətbiq olunan dəyişikliklər barədə məlumat verib, hakimlər və məşqçilər tərəfindən yeni qaydaların tətbiq edilməsinin zəruriliyini vurğulayıb. Elnur Məmmədli, eyni zamanda federasiyanın gələcək planları haqqında danışıb, cüdonu ölkədə daha da  irəliyə aparacaq işlərdən bəhs edib. Gənclər və idman naziri Ramil Hacı Naxçıvandan olan idmançıların da yarışlara cəlb edilməsini və iki qurum arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Seminardan sonra olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezideni Elnur Məmmədlinin fikirlərini öyrəndik: “İlk dəfədir ki, Naxçıvan Muxtar Respublikasına gəlirəm, dəvətə görə minnətdarlığımı bildirirəm. “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”, – deyiblər, doğrudan da, Naxçıvan deyildiyi kimi, hətta ondan da yaxşı, mükəmməl inkişaf etmiş bir diyardır. Şəhər çox təmiz, səliqəli, insanları qonaqpərvərdir. Hər zaman burada güclü, beynəlxalq turnirlər keçirilib ki, onların sırasında cüdo da var. Keçirilən cüdo üzrə muxtar respublika çempionatında biz də Cüdo Federasiyası olaraq iştirak edirik. Hazırda Beynəlxalq Cüdo Federasiyasında hakimliklə bağlı bəzi dəyişikliklər olub və biz də Naxçıvana hakimlərlə birlikdə gəldik, seminar keçirdik və qaydaları hakimlərə, idmançılara izah etdik. 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədər keçiriləcək tədbirdə iştirak etmək üçün dəvət gəldi və böyük məmnuniyyətlə turnirdə iştirak edirik. Naxçıvanda güclü idmançılar yetişib və bu gün bunun bir daha şahidi olduq. Bir idmançı kimi onların görüşlərini izlədim və bu zalda gələcəyin dünya, Avropa və olimpiya çempionları olduğunu gördüm. Hər birinə uğurlar arzulayıram və bu idmançıların gələcəkdə Azərbaycanın bayrağını dünya arenalarında dalğalandıracaqlarına inanıram”.

 

 

 

Usta cüdoçularımızdan uğurlu nəticə

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində usta cüdoçuların Azərbaycan çempionatı keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatda 120-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarışda Naxçıvan Güləş Federasiyasının idmançıları da iştirak ediblər. Təmsilçilərimizdən Məcid Rzayev 30-34 yaş kateqoriyasında -90 kq çəki dərəcəsi üzrə yalnız həlledici final görüşündə məğlub olaraq gümüş medala layiq görülüb. Digər idmançımız Sarvan Məhərrəmov eyni çəkidə 45-49 yaş kateqoriyası üzrə mükafatçılar sırasına düşərək bürünc medala sahib çıxıb.
 
 

 

 

 

Cüdoçular birincilik uğrunda mübarizə aparıb

5 fevral 2022-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində “2 fevral-Gənclər günü” münasibətilə yeniyetmə və gənclər (2008-2009-cu illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Naxçıvan MR Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı Culfa və Şərur rayonlarının idmançılarıda öz güclərini sınamışlar. Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birincilikdə 10 çəki dərəcəsi üzrə 70 idmançı iştirak etmişdir. Yekun nəticəyə görə , Rəhman Əliyev (30 kq, Şərur) , Rəhim Qaybalıyev (34 kq, Naxçıvan), Sinan Məhərrəmli (38 kq, Naxçıvan), Məhəmməd Mədətli (42 kq, Naxçıvan), Qurban Məmmədli (46 kq, Culfa), Arif Cabbarov (50 kq, Şərur), Ülvi Babayev (55 kq, Culfa), Heydər Kələntərov (60 kq, Culfa), Aqil Hüseynov (66 kq, Naxçıvan) və Oğuz Qasımov (+73 kq, Şərur) çəki dərəcələrində birinci yerlərə layiq görülmüşlər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.