Bakı şəhərində yerləşən "Zirvə" İdman Klubunun idman zalında yeniyetmələr arasında sərbəst güləş üzrə ölkə miqyaslı açıq birincilik keçirilib. Yarışa bölgələri və klubları təmsil edən 28 komanda daxilində 230 idmançı qatılıb. Naxçıvan Güləş Federasiyasının idmançısı Nihad Ələkbərov 2008-2010-cu il təvəllüdlülər arasında 52 kq çəki dərəcəsi üzrə gümüş medal qazanıb. İdmançıya təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub.
8 sentyabr 2022-ci il tarixdə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2011-2013-cü illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirmişdir ki, bu yarışı keçirməkdə məqsədimiz idmançıları zərərli vərdişlərdən kənarlaşdırmaq və onları idmana cəlb etməkdən ibarətdir. Sonra isə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat vermiş və yarışa start verilmişdir. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı Kəngərli və Babək rayonlarının idmançıları da öz güclərini sınamışlar. Açıq birincilikdə 11 çəki dərəcəsi üzrə 60-dan çox idmançı iştirak etmişdir. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə, Asim Kərimli (20 kq, Naxçıvan), Abbas Abbasov (23 kq, Naxçıvan), Hüseyn Muradlı (26 kq, Naxçıvan), Tunar Abdullayev (29 kq, Naxçıvan), Məcnun Abbasov (32 kq, Naxçıvan), Natiq Məmmədov (35 kq, Naxçıvan), Əlirza Əliyev (38 kq, Naxçıvan), Əbülfəz Cəfərov (42 kq, Naxçıvan), Ramal Bağırov (47 kq, Naxçıvan), Nicat İsmayılov (52 kq, Naxçıvan) və Tuncay Əsgərli (59 kq, Kəngərli) çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olmuşlar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar idarənin diplomları, federasiyanın isə medalları ilə mükafatlandırılmışlar.
1 sentyabr 2022-ci il tarixdə Culfa Rayon Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında “Naxçıvan”-“Culfa” komandaları arasında cüdo üzrə yoldaşlıq görüşü keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və çıxış edərək bildirmişdir ki, bu yarışı keçirməkdə məqsədimiz idmançıları zərərli vərdişlərdən kənarlaşdırmaq, yeniyetmə və gəncləri idmana cəlb etməklə sağlam düşüncəli nəsil formalaşdırmaqdan ibarətdir. Daha sonra Culfa Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elçin Cəfərov, məşqçi-müəllimlər Orxan Quliyev və Hafiz Məmmədov görüşün keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat verərək uğurlar diləmişlər. Naxçıvan MR Güləş Federasiyası, Naxçıvan Şəhər və Culfa Rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 çəki dərəcəsində 20 idmançı iştirak etmişdir.
5:5 hesabı ilə bitən yoldaşlıq görüşündə yer tutan və fərqlənən idmançılar təşkilatçıların diplomları ilə təltif olunmuşlar.
18 avqust 2022-ci il tarixdə Uşaq-Gənclər İdman Məktəbində Vətən müharibəsi şəhidi Məmmədov Araz Qəhrəman oğlunun əziz xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər (2007-2009-cu illər) arasında yunan-roma güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Açıq birincilikdə Naxçıvan şəhərinin Vətən müharibəsi qaziləri və şəhidimizin ailə üzvləri iştirak etmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elşən Rəfiyev birinciliyi açıq elan etdikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid Araz Məmmədovun anası Xeyrənsə Məmmədova çıxış edərək ölkəmizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızı yad edib, birinciliyin təşkilatçılarına minnətdarlığını bildirib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək tədbirin keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat vermiş və onlara uğurlar arzulamışlar. Eyni zamanda Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən şəhidimizin anası Xeyrənsə Məmmədovaya xüsusi plaket təqdim edilib. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhəri ilə yanaşı Sədərək və Kəngərli rayonlarının idmançıları da iştirak etmişdir. 10 çəki dərəcəsi üzrə 50 idmançının öz qüvvəsini sınadığı açıq birinciliyin yekununa əsasən, Fuad Rzayev (38 kq, Naxçıvan), Turqay Məmmədli (41 kq, Naxçıvan), Tuqay Qəhrəmanlı (44 kq, Naxçıvan), Məhəmməd İsmayılov (48 kq, Naxçıvan), Sadiq Kərimov (52 kq, Naxçıvan), Namiq Əlizadə (57 kq, Naxçıvan), Elnur Məmmədov (62 kq, Naxçıvan), Eldar Abdullayev (68 kq, Naxçıvan), Əli Sadıqlı (75 kq, Naxçıvan) və Kənan Hüseynov (85 kq, Naxçıvan) I yerlərə layiq görülmüşlər.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara idarənin diplomları, federasiyanın isə medalları təqdim edilmişdir.