Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Naxçıvanda cüdo seminarı keçirilib

Məşqçi, idmançı və hakimlərin peşəkar inkişafı və bilik bazasının zənginləşdirilməsi məqsədilə muxtar respublikada davamlı olaraq seminarlar, kurslar, ustad dərsləri və təlim-məşq toplanışları təşkil olunur. Növbəti belə bir addımda Bakıdan dəvət olunmuş idman mütəxəssisi "Güvən" İdman Klubunun direktoru, "Təhsil" Respublika İdman Mərkəzinin məşqçi-müəllimi, İdman ustası Vüqar Əliyev Naxçıvan cüdoçuları ilə görüşüb, onlarla öz təcrübəsini bölüşüb. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində reallaşıb.

Naxçıvan Güləş Federasiyasının sədri Faiq İsgəndərov təcrübəli mütəxəssislərin idmançılara seminar keçməsinin muxtar respublikada cüdo idman növünün inkişafına töhfə olması ilə bağlı fikirlərini bölüşüb, idmançılara gələcək karyeralarında uğurlar arzu edib. Vüqar Əliyev muxtar respublikada növbəti dəfə seminar keçməkdən məmnunluğunu ifadə edərək güclü idmançıların yetişməsi, onların uğurlu karyera fəaliyyəti qurmasında daim yeniliklərdən məlumatlı olmaları və üzərlərində işləmələrinin əhəmiyyətindən danışıb.
Çıxışların ardınca texniki-taktiki seminara start verilib. Məşqçi və idmançıları maraqlandıran suallar cavablandırılıb.
 

 

 

 

Sərbəst güləş birinciliyində qaliblər müəyyənləşib

İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli” münasibətilə yeniyetmələr (2010-2012-ci il təvəllüdlülər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Yarışda 9 çəki dərəcəsi üzrə 40 idmançı iştirak edib. Nəticələrə gəlincə, Qəhrəman Qəhrəmanlı 29 kq, Sadiq Heydərov 32 kq, Elxan Muradov 35 kq, Hüseyn Cəfərov 38 kq, Ramal Rüstəmov 42 kq, Uğur İsmayılov 47 kq, Mətin Cabbarov 53 kq, Əli Rzazadə 59 kq və Zülfüqar Məmmədli isə 66 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar. İlk üç yerin sahibləri diplomla təltif edilib.

 

 

 

 

Şərurda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo turniri keçirilib

Yeniyetmə oğlan və qız cüdoçular arasında keçirilən muxtar respublika turniri Olimpiya İdman Kompleksində reallaşıb. Azərbaycan Cüdo Federasiyası (ACF), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının (NGF) təşkilatçılığı ilə keçirilən yarışa Naxçıvan şəhəri və bölgələrdən ümumilikdə 91 idmançı qatılıb.

Yarış iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq unudulmaz şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Sonra turnirin açılış mərasimi təşkil olunub. Öncə Dövlət Himni səsləndirilib. Çıxışlarda Ümummilli Liderin Azərbaycan idmanına yüksək qayğısından bəhs olunub, bu sahədə həyata keçirilən işlərdən danışılıb. NGF-nin sədri, Əməkdar məşqçi Faiq İsgəndərov turniri açıq elan edib. Şərur Rayon Mədəniyyət Sarayının “Arpaçay” instrumental ansamblı və “Şərur inciləri” yallı ansamblı tərəfindən tamaşaçılara konsert proqramı təqdim olunub. Sonra idmançıların mübarizəsinə start verilib.
Birincilikdə 12 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib. Oğlanlarda Rövşən Hüseynəliyev, Rza Heydərli, İsa Əliyev, Fərid İbrahimli, Məhəmməd Mədətli, Ümid Əliyev, Hüseyn Axundov, Uğur Sadiqov, Rəhim Qaybalıyev, Həsən Həsənli, qızlarda isə Nailə Mustafazadə və Ləman Bağırova birinci yerə layiq görülüblər.
İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub. Mükafatları gənclər və idman nazirinin müavini Məcid Seyidov, federasiya sədri Faiq İsgəndərov, ACF prezidentinin müşaviri, əməkdar idman ustası Natiq Bağırov və digərləri təqdim ediblər.
Qeyd edək ki, turnirin görüşləri ACF-nin hakimləri Arzu Azalova və Nuranə Muradova tərəfindən idarə olunub.

 

 

 

Bakıdan gələn heyət Naxçıvanda cüdo seminarı keçib

Bu gün Azərbaycan Cüdo Federasiyası(ACF), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının (NGF) təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində növbəti cüdo seminarı təşkil edilib.

ACF prezidentinin müşaviri, əməkdar idman ustası Natiq Bağırov, beynəlxalq dərəcəli hakim Arzu Azalova, respublika dərəcəli hakim Nuranə Muradovanın iştirakı ilə keçirilən seminarda muxtar respublikada fəaliyyət göstərən cüdo məşqçiləri, hakimlər və idmançılar iştirak edib. Seminarda tatami üzərində fəndlər və qaydalar praktiki olaraq göstərilib, iştirakçılara yeni qaydaların tətbiqi barədə məlumat verilib.
Sonda NGF-nin sədri, Əməkdar məşqçi Faiq İsgəndərov qonaqlara təşəkkürünü ifadə edib, ACF ilə qurulmuş əlaqələrin nəticəsi kimi seminar və kursların, təcrübə mübadilələrinin aparılmasının effektiv olduğunu vurğulayıb.
Qeyd edək ki, sabah Şərur şəhərində yeniyetmə cüdoçular arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə olunmuş muxtar respublika turniri keçiriləcək. Yarışda yeni qaydaların tədbiqi, hakimlərin işinə nəzarət məhz bu heyət tərəfindən həyata keçiriləcək.

 

 

 

Yeniyetmə güləşçilərin muxtar respublika birinciliyi

İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Heydər Əliyev İli" ilə əlaqədar yeniyetmələr arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib. Yarışda 11 çəki dərəcəsi üzrə 101 idmançı iştirak edib.

Nəticələrə əsasən Ələkbər Əsgərov (32 kq), Elxan Muradov (35 kq), Fuad Rzayev (38 kq), Məhəmməd Hümbətov (41 kq), Dəniz Məmmədli (44 kq), Tuqay Qəhrəmanlı (48 kq), Sadiq Kərimov (52 kq), Hüseyn Rəcəbli (57 kq), Tayson Xudadanov (62 kq), Murad Həsənəliyev (68 kq), Murad Həsənov (75 kq) öz çəki dərəcələrində birinci yerə layiq görülüblər.
İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, nazir müavini Məcid Seyidov və Güləş Federasiyasının sədri, Əməkdar məşqçi Faiq İsgəndərov təqdim ediblər.
Qeyd edək ki, yarışın reallaşdığı məkanda Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri tərəfindən Antidopinq Təbliğat Proqramı çərçivəsində "Qoy ədalət zəfər çalsın" şüarı ilə maarifləndirici tədbirlər həyata keçirilib.