Məşqçi, idmançı və hakimlərin peşəkar inkişafı və bilik bazasının zənginləşdirilməsi məqsədilə muxtar respublikada davamlı olaraq seminarlar, kurslar, ustad dərsləri və təlim-məşq toplanışları təşkil olunur. Növbəti belə bir addımda Bakıdan dəvət olunmuş idman mütəxəssisi "Güvən" İdman Klubunun direktoru, "Təhsil" Respublika İdman Mərkəzinin məşqçi-müəllimi, İdman ustası Vüqar Əliyev Naxçıvan cüdoçuları ilə görüşüb, onlarla öz təcrübəsini bölüşüb. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində reallaşıb.