Azərbaycan Cüdo Federasiyası (ACF), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının (NGF) təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində növbəti cüdo seminarı təşkil edilib.
ACF-in hakimlər üzrə meneceri, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli və birinci dərəcəli hakim Ülvi Əliyevin iştirakı ilə keçirilən seminarda muxtar respublikada fəaliyyət göstərən cüdo məşqçiləri, hakimlər və idmançılar iştirak edib. Seminarda tatami üzərində fəndlər və qaydalar praktiki olaraq göstərilib, iştirakçılara yeni qaydaların tətbiqi barədə məlumat verilib.
Sonda NGF-nin sədri, Əməkdar məşqçi Faiq İsgəndərov qonaqlara təşəkkürünü ifadə edib, ACF ilə qurulmuş əlaqələrin nəticəsi kimi seminar və kursların, təcrübə mübadilələrinin aparılmasının effektiv olduğunu vurğulayıb.
Qeyd edək ki, bir gün sonra şəhidlərimizin xatirəsinə həsr olunan cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyində yeni qaydaların tədbiqi, hakimlərin işinə nəzarət ACF heyəti tərəfindən həyata keçirilib.