Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Bakıdan gələn heyət Naxçıvanda cüdo seminarı keçib

Bu gün Azərbaycan Cüdo Federasiyası(ACF), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının (NGF) təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində növbəti cüdo seminarı təşkil edilib.

ACF prezidentinin müşaviri, əməkdar idman ustası Natiq Bağırov, beynəlxalq dərəcəli hakim Arzu Azalova, respublika dərəcəli hakim Nuranə Muradovanın iştirakı ilə keçirilən seminarda muxtar respublikada fəaliyyət göstərən cüdo məşqçiləri, hakimlər və idmançılar iştirak edib. Seminarda tatami üzərində fəndlər və qaydalar praktiki olaraq göstərilib, iştirakçılara yeni qaydaların tətbiqi barədə məlumat verilib.
Sonda NGF-nin sədri, Əməkdar məşqçi Faiq İsgəndərov qonaqlara təşəkkürünü ifadə edib, ACF ilə qurulmuş əlaqələrin nəticəsi kimi seminar və kursların, təcrübə mübadilələrinin aparılmasının effektiv olduğunu vurğulayıb.
Qeyd edək ki, sabah Şərur şəhərində yeniyetmə cüdoçular arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə olunmuş muxtar respublika turniri keçiriləcək. Yarışda yeni qaydaların tədbiqi, hakimlərin işinə nəzarət məhz bu heyət tərəfindən həyata keçiriləcək.