Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Sərbəst güləş üzrə yoldaşlıq görüşü keçirilib

Şahbuz rayon 1№-li tam orta məktəbin idman zalında dostluq və idman əlaqələrinin gücləndiriliməsi məqsədilə “Naxçıvan”- “Şahbuz” komandaları arasında sərbəst güləş üzrə yoldaşlıq görüşü keçirilib. Açılış mərasimində çıxış edənlər görüşün keçirilmə məqsədi haqqında danışıb, idmançılara qalibiyyət sevinci arzulayıblar. 11 çəki dərəcəsi üzrə 22 idmançının mübarizə apardığı görüşün yekun nəticəsinə “Naxçıvan” komandası 7:4 hesabı ilə “Şahbuz” komandasına qalib gəlib. Sonda yer tutan və fərqlənən idmançılar təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.

 

 

 

Vüqar Əliyev Naxçıvanda cüdoçulara seminar keçib

Bakı "Güvən" İdman Klubunun direktoru, "Təhsil" Respublika İdman Mərkəzinin məşqçi-müəllimi, İdman Ustası Vüqar Əliyev Naxçıvan cüdoçuları ilə görüşüb, onlarla öz təcrübəsini bölüşüb.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə Şərur rayon Uşaq-gənclər idman məktəbinin zalında keçirilən tədbirdə Rayon İdman İdarəsinin müdiri Sahil Hüseynov və federasiyanın sədr müavini Faiq İsgəndərov Vüqar Əliyev kimi təcrübəli məşqçinin idmançılara seminar keçməsinin muxtar respublikada cüdo idman növünün inkişafına töhfə olması ilə bağlı fikirlərini bölüşüb, idmançılara gələcək yarışlarda uğurlar arzu ediblər.
Vüqar Əliyev qeyd edib ki, muxtar respublikada idmana göstərilən qayğının nəticəsi olaraq bu gün muxtar respublika idmançıları müasir və əlverişli şəraitdə məşqlər keçir, yüksək diqqətlə əhatə olunurlar. Bu vəziyyət güclü idmançıların yetişməsi, onların uğurlu karyera fəaliyyəti qurmasına böyük zəmin yaradır.
Çıxışların ardınca seminara start verilib. Eyni zamanda məşqçi və idmançıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin, seminarla yanaşı paytaxt Bakıdan gələn idmançılarla yerli idmançılar arasında yoldaşlıq görüşü təşkil olunub.
Qeyd edək ki, yoldaşlıq görüşün təşkil olunmasında məqsəd idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsi və peşəkarlıq səviyyələrinin artırılmasından ibarət olub.
 

 

 

 

Naxçıvan şəhər açıq turnirinə yekun vurulub

 Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən şəhid Toğrul Məmmədovun xatirəsinə həsr olunan cüdo üzrə Naxçıvan şəhər açıq turnirinə yekun vurulub.

    Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi turnirdə Naxçıvan cüdoçuları ilə yanaşı, Bakının “Neftçi”, “Çempion” və “Şahin” idman klublarının idmançıları mübarizə aparıblar.
    Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov turniri açıq elan edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov çıxış edərək turnirin təşkilatçılarına minnətdarlığını bildirib. Eyni zamanda təşkilatçılar tərəfindən Üzeyir Məmmədova xüsusi plaket təqdim edilib. 
    Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Taleh İbrahimov, Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov və Azərbaycan Respublikasının Əməkdar məşqçisi Azər Bağırov turnirin reqlamenti barədə məlumat  verib, idmançılara uğurlar arzulayıblar.
    Sonra görüşlərə start verilib. 
    4 yaş qrupu üzrə 17 çəki dərəcəsində keçirilən turnirdə 130 idmançı iştirak edib. Turnirin yekun nəticəsinə əsasən 2005-2007-ci illər təvəllüdlü idmançılar arasında Süleyman Şamilov (55 kiloqram, “Şahin”), Mətin Məmmədov (60 kiloqram, “Neftçi”), Ramil Cabbarov (73 kiloqram, “Neftçi”) və İsmayıl Fərəcov (100 kiloqram, Şərur) fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. 2008-2009-cu illər təvəllüdlü cüdoçuların mübarizəsində Rəhim Qaybalıyev (34 kiloqram, Naxçıvan), Sinan Fərzəliyev (38 kiloqram, Culfa), Məhəmməd Rüstəmli (42 kiloqram, “Neftçi”), Heybət Heydərov (50 kiloqram, “Şahin”), Rəşad Qasımov (55 kiloqram, “Neftçi”), Asim Əliyev (60- kiloqram, Naxçıvan) və Məhəmmədəli Bayramov (60+ kiloqram, Şərur) qalib adını qazanıblar. 
    Vaqif Əliyev (38 kiloqram, Culfa), Sadiq Rzazadə (50 kiloqram, Naxçıvan) və Səkinə Bağırlı (50 kiloqram, Naxçıvan) 2010-2011-ci illər təvəllüdlü idmançılar arasında birinci olublar. 2011-2012-ci illər təvəllüdlü idmançılar arasında isə David Məmmədzadə (27 kiloqram, Şərur), Rəhman Əliyev (34 kiloqram, Şərur), Yusif Abdullazadə (50+ kiloqram, Naxçıvan)  hamıdan güclü olublar.
    Sonda qaliblər diplom və medalla təltif ediliblər.

 

 

 

Cüdo üzrə növbəti seminarlar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının təşkilatçılığı ilə cüdoçular üçün növbəti seminar keçirilib.

    Azərbaycan Respublikasının Əməkdar məşqçisi Azər Bağırov, cüdo üzrə dünya və Avropa çempionu Elçin Mayılov və usta cüdoçuların dünya və Avropa çempionu Azər Fətullayevin  iştirakı ilə keçirilən seminarda Naxçıvan Muxtar Respublikasının cüdoçuları ilə yanaşı, Bakının “Neftçi”, “Çempion” və “Şahin” idman klublarının 100-dən çox idmançısı iştirak edib.
    Tədbirdən öncə çıxış edənlər keçirilən seminarın mahiyyəti barədə danışıb, idmançıları məlumatlandırıblar. 
    Praktik olaraq keçirilən seminar əvvəlcə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində təşkil edilib. Bu gün isə cüdoçular Aprel döyüşləri şəhidi Toğrul Məmmədovun xatirəsinə həsr olunan Naxçıvan şəhər açıq turnirində mübarizəyə başlayacaqlar.

 

 

 

 

 

Güləşçilərimizin qitə birinciliyində iki medal qazanıb

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Avropa çempionatı keçirilib.

Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında qitə birinciliyində ölkəmizi 6 güləşçi təmsil edib. Onların hamısı fəxri kürsüyə qalxıb. Qitə birinciliyinə yollanan güləşçilərimiz arasında Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları da olub.

Belə ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Hüseyn Əliyev (U-20) yalnız final görüşündə azərbaycanlı Rübail İbrahimliyə məğlub olub və gümüş medal qazanıb.

Eyni zamanda, Katerini şəhərində təşkil olunan U-17 Avropa çempionatına da yekun vurulub. Bu yaş qrupunda mübarizə aparan Naxçıvan güləş məktəbinin yetirməsi Vüsal Əliyev (70 kiloqram) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Qeyd edək ki, hər iki yaş qrupunda Azərbaycan yığması komanda hesabında Avropa çempionu adını qazanıb.ə