Bakı "Güvən" İdman Klubunun direktoru, "Təhsil" Respublika İdman Mərkəzinin məşqçi-müəllimi, İdman Ustası Vüqar Əliyev Naxçıvan cüdoçuları ilə görüşüb, onlarla öz təcrübəsini bölüşüb.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə Şərur rayon Uşaq-gənclər idman məktəbinin zalında keçirilən tədbirdə Rayon İdman İdarəsinin müdiri Sahil Hüseynov və federasiyanın sədr müavini Faiq İsgəndərov Vüqar Əliyev kimi təcrübəli məşqçinin idmançılara seminar keçməsinin muxtar respublikada cüdo idman növünün inkişafına töhfə olması ilə bağlı fikirlərini bölüşüb, idmançılara gələcək yarışlarda uğurlar arzu ediblər.
Vüqar Əliyev qeyd edib ki, muxtar respublikada idmana göstərilən qayğının nəticəsi olaraq bu gün muxtar respublika idmançıları müasir və əlverişli şəraitdə məşqlər keçir, yüksək diqqətlə əhatə olunurlar. Bu vəziyyət güclü idmançıların yetişməsi, onların uğurlu karyera fəaliyyəti qurmasına böyük zəmin yaradır.
Çıxışların ardınca seminara start verilib. Eyni zamanda məşqçi və idmançıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin, seminarla yanaşı paytaxt Bakıdan gələn idmançılarla yerli idmançılar arasında yoldaşlıq görüşü təşkil olunub.
Qeyd edək ki, yoldaşlıq görüşün təşkil olunmasında məqsəd idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsi və peşəkarlıq səviyyələrinin artırılmasından ibarət olub.